Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Orta Asiyada uşaqları necə evləndirirlər


"İlk toy gecəsində dedim ki, hələ aybaşı olmamışam. Gözləyək, başlasın. O razılaşdı, ancaq zarafatla dedi ki, uzun çəksə özünə məşuqə tapacaq", – deyə Jibek xatırlayır.

Jibek Qırğızıstanda yaşayır. Onu 14 yaşında, 9-cu sinifdən sonra buraxılışda qaçırıblar. Qaçıransa 22 yaşlı Tilek idi. "Valideynlərim dərhal gəlib məni aparmaq istədilər. Ancaq birdən fikirlərini dəyişdilər və məni dilə tutmağa başladılar: bax, bura varlı evdir, bizimsə sənsiz də dərd-sərimiz, uşaqlarımız çoxdur”, – Jibek deyir.

"Aybaşı bir ildən sonra başladı, o, doğrudan da mənə dəymədi. Ancaq məşuqə haqda zarafatlar doğru çıxdı – o öz sinif yoldaşı ilə yatırdı. Amma mən onu o dərəcədə sevmirdim ki, bundan narahat olum. Mənə nə qədər az dəyib-dolaşsa, o qədər yaxşıdır”, – Jibek deyir.

Onun əkiz uşaqları olur, ancaq ərinin xəyanətləri bitmək bilmir.

“Döyülən, zalım qaynanaları olan arvadlara baxanda mən şikayət etməyə utanıram. Ərim məni döymürdü, geyindirib-keçindirirdi. Ancaq beş ildən sonra hələ də sinif yoldaşının yanına gedib-gəlməyi bitirməmişdi. Mən anladım ki, uşaqların yanında bu sadəcə alçaldıcıdır. Boşanmalı da olmadıq, çünki rəsmən evlənməmişdik”, – o deyir.

22 nəfər həbs olunub

Bu hekayət təkcə Jibekin başına gəlməyib. Hüquq müdafiəçiləri deyirlər ki, Orta Asiya ölkələri üçün erkən nikahlar kəskin problem olaraq qalır.

Özbəkistan regionda nikah yaşını 18-ə qaldırmış sonuncu ölkə oldu. Bu dəyişiklik 2019-cu il sentyabrın 1-dən qüvvəyə minməlidir. Ancaq hüquq müdafiəçiləri hesab edirlər ki, bununla məsələ həll olunmayacaq. Çünki yetkinlik yaşına çatmayanlarla nikahlar qeydiyyatdan keçirilmir, müsəlman ayini icra olunur. Elə buna görə də dəqiq statistika yoxdur.

Qazaxıstan, Özbəkistan və Türkmənistanda qanunvericilik dini nikahları heç cür tənzimləmir.

Qırğızıstanda 2016-cı ildə Cinayət Məcəlləsinə yetkinlik yaşına çatmayan şəxslərlə dini nikah ayinlərinin keçirilməsini qadağan edən maddə əlavə olunub. Bu cinayətə görə üç ildən beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu cəza təkcə mollalar deyil, həm də bəy və azyaşlı gəlinin valideynləri üçün nəzərdə tutulub. 2019-cu il martın 1-ədək 17 belə halın qeydə alındığı bildirilir. 10 cinayət işi qaldırılıb, 8 ittiham hökmü çıxarılıb, 22 adama həbs cəzalsı kəsilib.

Tacikistanın Ailə məcəlləsinə 2011-ci ildə daxil edilən düzəlişlərə görə, nikahın VVAQ-da qeydiyyatdan keçməsi haqda şəhadətnamə olmadan dini ayinin keçirilməsi qadağandır. “Belə bir sənəd yoxdursa, ayinin keçirilməsi cinayət məsuliyyətidir, xüsusən də tərəflərdən biri yetkinlik yaşına çatmamış olarsa”, – Dinlər, milli ənənələr və ayinlər üzrə komitənin mətbuat katibi Afşini Mukim deyir.

Onun özü də belə qanun pozuntularından xəbərdardır: “Kənd yerlərində mollalar yetkinlik yaşına çatmayanlarla nikah ayinləri keçirirlər. Onlar əsl din xadimləri deyil, özlərini molla adlandırsalar da, molla deyillər, dini işlər üzrə komitənin qeydiyyatında deyillər".

5 ilədək həbs

Tacikistanda yetkinlik yaşına çatmayan şəxslə nikaha görə altı ayadək, məcburi nikaha görə beş ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. ABŞ Dövlət Departamentinin 2018-ci il insan hüquqlar hesabatında deyilir ki, Tacikistanda “kişilərin 10%-ə qədəri çoxarvadlı həyat tərzi sürüb, belə poliqam nikahların çoxunda yetkinlik yaşına çatmamış gəlinlər də iştirak edib".

Hüquq müdafiəçiləri vurğulayırlar ki, nikah haqda qərarı çox vaxt valideynlər verir: “Valideynlər qızı kəsilmiş loxma kimi qəbul edirlər. O, başqa ailəyə gedəcək. Düşünürlər ki, buna görə qızlara təhsil verməyə gərək və onlardan tezcə qurtulmağa çalışırlar", – tacikistanlı hüquq müdafiəçisi Oynihol Bononazarova deyir.

"Hətta qız müqavimət göstərsə də, ağlayıb yalvarsa da, valideynlər dedisə, bitdi. Qızın razılaşmaqdan başqa çarəsi qalmır, çünki əks halda böyüklərə hörmətsizlik etmiş olur", –#НеМолчиKZ hərəkatının təsisçisi Dina Smailova deyir.

“Belə qadınlara ailədə də hörmət olmur. Ərə verəndə heç kim onun fikrini soruşmayıbsa doğmaq, oxumaq istəyib istəmədiyini də heç kim soruşmayacaq. Patriarxat öz işini görüb – qadınlar illərlə özlərinə qarşı zorakılığa susublar. Bu, qadının itaət etməli olduğunu bizə sırıyan sosial normadır", – Smailova deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG