Keçid linkləri

Təcili xəbərlər
2023, 20 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:51

Oyunlara sahibkarlardan pul qopara bilmədi, tutuldu


Gurbanguly Berdymukhammedov

Orta Asiyada korrupsiya nəhəng problemdir. Hökumət ardıcıl olaraq onunla mübarizənin başlandığını elan edir.

Bu ölkələrdə vətəndaşlardan korrupsiyanın əsas mənbəyini soruşsanız, çoxu hökumətin özünü nişan verəcək.

KİMLƏR HƏBS OLUNUR

Orta Asiyada hökumətdə hər kəsin bu və ya digər dərəcədə «bulaşmış» olduğu fikri üstünlük təşkil edir. Əgər bu doğrudursa, onda hökumətdəki hər kəs istənilən vaxt ifşa oluna bilər. Bu amil siyasi ittifaqları daha əhəmiyyətli edir. Bu isə özü-özlüyündə elitadaxili mübarizəyə yol açır.

Bəs necə olur ki, rəsmi şəxslər və başqa nüfuzlu fiqurlar korrupsiya ittihamı ilə saxlanılır və həbs edilir?

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov sonuncu dəfə bu ilin mayında ölkəsində korrupsiyayla mübarizə elan edib. Öncə baş prokuror Amanmurad Hallyyev və daha doqquz bölgə-şəhər prokuroru korrupsiyanı önləyə bilmədiklərinə görə işdən çıxarılıb. Bir həftə sonra isə onlar korrupsiya ittihamıyla həbs ediliblər.

Ancaq AzadlıqRadiosunun türkmən xidməti hökumətdəki, o cümlədən DİN-dəki mənbələrdən Hallyyev-in həbsinin fərqli versiyasını eşidib.

15 MİLYON DOLLARLIQ OĞURLUQ

Anonimlik şərti ilə danışan bu şəxslərin sözlərinə görə, Hallyyev əslində hökumətin Asiya Oyunlarına çəkilmiş nəhəng xərci ödəməsi üçün sahibkarlardan yetərincə pul qopara bilmədiyinə görə həbs edilib. Bir neçə il öncə Türkmənistan Asiya Oyunlarına ev sahibliyini üzərinə götürəndə, hələ qaz satışından böyük gəlir əldə edirdi və hər şey normal görünürdü. Ancaq qaz qiymətlərinin düşdüyü, ölkənin müstəqillik dövründə ən ciddi iqtisadi böhran yaşadığı dövrdə azı 8 milyard dollara başa gələcək Asiya Oyunlarından imtina edilmədi.

Korrupsioner məmurların məhkəməsi
Korrupsioner məmurların məhkəməsi

Çoxları hesab edirlər ki, Hallyyev sadəcə hökumətin tələb etdiyi bütün məbləği toplaya bilməyib. Ancaq Hallyyev və digər prokurorların həmin pulun 15 milyon dollarını oğurlamaq üstündə tutulduğunu deyənlər də var.

Hallyyev-in kənarlaşdırılması ilə Baş Prokurorluq və DİN-də təmizləmə başlanıb. Onlarla adam vəzifədən çıxarılıb. İyunda Berdymuhammedov iqtisadi cinayətlərlə mübarizə üzrə dövlət xidmətinin yaradıldığını elan edib.

DÖVLƏT SANDIQLARINI DOLDURMAQ

Digər Orta Asiya respublikalarında dəfələrlə belə qurumlar yaradılsa da, Türkmənistanda bu, ilk dəfə idi. Hazırda Türkmənistanın xarici investisiyaya çox ehtiyacı var. 26 illik təcrid siyasəti, insan hüquqlarının kobud və sistematik pozulması, maliyyə şəffaflığının olmaması Türkmənistanı investisiya baxımından maraqsız edib. Halbuki, ölkə təbii qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü yeri tutur.

Vaşinqtonda yerləşən «IHS Markit» şirkətinin baş təhlilçisi Alex Melikishvili «Qışloq Ovozi»nə müsahibəsində Türkmənistanda iqtisadi cinayətlərə qarşı dövlət xidmətinin məhz indi yaradılması ilə bağlı maraqlı ehtimal irəli sürüb.

«Çox ola bilsin ki, bu xidmətdən sürətlə boşalan dövlət sandıqlarını doldurmaqdan ötrü yüksəkvəzifəli dövlət rəsmilərini və sahibkarları silkələmək üçün istifadə ediləcək», – o deyib.

AzadlıqRadiosunun türkmən xidməti, «Türkmənistan xronikası» və «Türkmənistan alternativ xəbərləri» Asiya Oyunlarından öncəki bir neçə həftə ərzində belə silkələnmələrdən yazmışdı.

Emomali Rahmon və onun oğlu Rustam (solda)
Emomali Rahmon və onun oğlu Rustam (solda)

OĞLU VƏZİFƏDƏN GEDƏNDƏN SONRA HƏBSLƏR BAŞLADI

Bu il Tacikistanda nə az, nə çox, dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyinə qarşı «antikorrupsiya» kampaniyasına başlanılıb.

ABŞ-ın Kolumbiya Universitetindəki Harriman İnstitutunun tədqiqatçısı doktor Edward Lemon deyir:

«2015-ci ilin fevralında Emomali Rahmon agentliyin 495 işçisindən 330-nu işdən qovub. Bu işçilər heç vaxt dəyişdirilməmişdi».

Növbəti ay Rahmon öz oğlu 27 yaşlı Rustam Emomali-ni agentliyin direktoru təyin edib. O, 2017-ci ilin yanvarınadək, yəni Düşənbə meri təyin edilənədək bu vəzifədə olub.

Emomali-nin direktor olduğu müddətdə heç kim işdən çıxarılmayıb. Ancaq 2017-ci ilin aprelində həbslər başlayıb. İyunadək agentliyin direktor müavini, baş müstəntiqlər və başqaları da daxil olmaqla, 10 yüksəkvəzifəli şəxs həbs edilib.

Bu ölkələrin çoxunda yüksəkçinli məmurların biznes maraqları var və onların korrupsiya ittihamı ilə vəzifədən kənarlaşdırılması varlanmağa yeni imkanlar yaradır.

Korrupsiya ittihamları həm də siyasi opponentlərin zəiflədilməsi deməkdir.

XS
SM
MD
LG