Özlərini kadr agentliyi, vasitəçi, xarici şirkət təmsilçisi kimi təqdim edən dələduzlar Orta Asiyada yüzlərlə şəxsdən xaricə viza, “yaxşı maaşlı” iş təklifləri qarşılığında pul qoparıblar.
Özbəkistan paytaxtı Daşkənddə bir qrup dələduz ifşa edilib. Baş Prokurorluğun iyunda yaydığı xəbərə görə, onlar xaricdə mövcud olmayan işlərə görə qurbanlardan 50 min dollara yaxın pul yığıblar.
Dələduzluq niyə artıb
Özbəkistan vətəndaşları olan dələduzlar adamlara deyirlərmiş ki, Qərb səfirliklərində işləyən tanışları var, viza təşkil edə bilərlər, buna görə də qabaqcadan ödəniş istəyirlər.
Qonşu Qırğızıstanda və Qazaxıstanda da oxşar insidentlər baş verib. Burada iş fırıldaqçıları “xidmətlər”ini əsasən sosial mediada reklam ediblər.
Belə iş dələduzluğu yeni olmasa da son aylar saxta firma və şəxslərin sayının artdığı bildirilir. Səbəb kimi xarici ölkələrə səyahətə pandemiya məhdudiyyətlərinin qaldırılması göstərilir. Hakim orqanlar və ekspertlər belə bir xəbərdarlıqla çıxış edirlər.
Orta Asiyadan Rusiyaya iş dalınca gedənlər də hədəfə alınır. Bu ölkədə milyonlarla miqrant fəhlənin maaş və işlə təminat imkanları zəifləyir, çünki Kremlin Ukraynaya qarşı müharibəsi iqtisadi sanksiyalara səbəb olub.
2 min dollar əldən çıxıb
Qırğızıstandan 150-dən çox miqrant Moskvada bir özəl şirkətə hərəyə azı 1600 dollar veriblər ki, Avropada yaxşı maaşlı mövsümi işlə təmin olunsunlar. Ancaq sonucda son qəpikləri də əllərindən çıxıb.
“Immigration 365” adlı şirkət onlardan xidmətləri üçün avans tələb edib. Həmin pula iş vizası və işin təşkili xidmətinin daxil olduğu deyilib.
44 yaşlı Aizada Muradilova AzadlıqRadiosunun qırğız xidmətinə deyib ki, şirkətə 2 min dollara yaxın pul verib. Şirkət fevralda ona şimali Avropa ölkəsində fermer təsərrüfatında iş təklif edibmiş.
“Fevraldan marta, sonra aprelə keçirdilər. Apreldə ofislərinə getdim, dedilər ki, işəgötürən mənə dəvətnamə göndərib və tezliklə Avropaya gedəcəyəm. Ancaq sənədi mənə göstərmədilər”, – o söyləyir.
Şirkətdən Muradilovaya deyilib ki, Yekaterinburqdakı konsulluqdan vizasını götürsün. Muradilova Moskvadan Yekaterinburqa 1670 km-lik məsafəni qət edəndən sonra fırıldaq qurbanı olduğunu anlayır.
Cinayət işləri açılır
Qırğızıstanın Moskvadakı səfirliyinin diplomatları Muradilova və digər qırğızıstanlıların itkilərini qaytarmağa kömək istədiyini təsdiqləyib. Səfirlik Rusiya polisinin cinayət işi başlatdığını bildirir.
Qırğızıstanın özündə polis bu ilin ilk üç ayı ərzində şübhəli immiqrasiya dələduzluğu üzrə 32 cinayət işi açıb. Qurbanlara Avropa, Birləşmiş Ştatlar, Kanada və Cənubi Koreyada saxta iş təklifləri olunub.
Son aylar Britaniyada mövsümi kənd təsərrüfatı işlərini görmək üçün minlərlə orta asiyalı qanuni işə götürülüb. Bununla da Breksitdən sonra yaranmış işçi qüvvəsi çatışmazlığı kompensasiya edilib.
Fəhlələr üçüncü tərəf, Britaniya firmaları ilə kontraktları olan, qeydiyyata alınmış agentliklər tərəfindən seçilib.
Qırğızıstan və Özbəkistan polisinin məlumatına görə, dələduzlar iş axtaranlardan “Britaniyada çiyələkləri” dərmək üçün 100 dollardan min dollaradək pul tələb ediblər.
Şirkətlər və hakim orqanlar xəbərdarlıq edir
Britaniyada şirkətlər isə Orta Asiyada potensial iş axtaranları mümkün dələduzluq sxemləri ilə bağlı xəbərdar edib.
“Fruitful Jobs” şirkəti potensial iş ərizəçilərini özlərinin yeganə kadr agentliyi – AGRI HR vasitəsilə müraciət etməyə çağırıb.
Orta Asiyada hakim orqanlar da iş axtaranlara yalnız hüquqi kanallara müraciət etməyi məsləhət görüb.
Ekspertlərin fikrincə, fırıldaqçılar adamların təməl iş və viza tələblərindən xəbərdar olmamasından, eləcə də xarici dil bilməməsindən istifadə edirlər.
“Şirkət sizə deyirsə ki, iki həftəyə iş vizası təşkil edəcək və buna görə avans tələb edirsə, bu, cəfəngiyatdır. İş vizası almaq üç aydan altı ayacan çəkir”, – Qırğızıstanda özəl işəgötürmə şirkətinin sahibi Daniyar Mukanbetov söyləyir.