Dünya xəbərləri
Hələ orduya çatmamış ölən çağırışçılar-Rusiyadakı son səfərbərlik
Rusiyadakı son səfərbərlikdən sonra müxtəlif şəraitdə və müxtəlif səbəblərdən hələ döyüşlərə göndərilməmiş 17 çağırışçı ölüb
Sibreal-ın (AzadlıqRadiosunun layihəsi) yazdığına görə, səfərbərlik başlayandan indiyədək hələ Ukraynaya çatmamış 17 çağırışçı ölüb. (Rusiyada son səfərbərlik sentyabrın 21-dən başlayıb) Məlum olub ki, ölənlərdən bəzilərinin vəziyyəti toplanma mərkəzlərindəki ağır şərait səbəbindən daha da ağırlaşıb. Digərləri isə qeyri-müəyyən şəraitdə ölüblər.
35 yaşlı Aleksandr Koltun sentyabrın 28-də Bratskdan çağırış komissiyasına könüllü olaraq gedib. Oktyabrın 2-i günortadan sonra Koltun anasına sonuncu dəfə zəng edib və növbəti gecə onun ölüm xəbəri gəlib. Aleksandrın anası Elena Qudo oğlunun hansı şəraitdə, nə səbəbdən öldüyünü hələ də bilmir.
"...Deyirlər ki, Saşa skamyada uzanıb, sonra siqaret çəkməyə gedib - orada xüsusi bir otaq var idi, sonra qayıdıb düz küncdə oturub. O elə orda da tapılıb. Onda xəstəlik var idi, amma o bunun xidmətə mane olmayacağına inanırdı.
Yelena Qudo deyir nə hərbi komissarlıqdan onlara zəng də olub, nə könüllülərə vəd edilən 300 min rubl ödənişdən bir söz deyən olub. Ananın dediyinə görə, 7 min rublla evdən çıxan oğlu oktyabrın 2-də sonuncu dəfə danışanda pulu olmadığını deyib. Oğlu həm də anasına toplanış məntəqəsində naməlum şəxslərin araq satdığını, çağırışçıların çoxlu içki içdiklərini, yemək verilmədiyini, hələ də evdən götürdükləri yeməklə qidalandırlarını deyirmiş.
Ailə dostu Anastasiya Pestovanın dediyinə görə, Aleksandr onlarla danışanda yatmağa yerləri olmadığını, betonun üstündə yatdıqlarını, ac-susuz qaldıqlarını deyirmiş.
Sentyabrın 27-də orduya çağırılan 44 yaşlı Denis Kozlov 3 gün sonra təlim mərkəzindən xərəkdə evlərinə gətirilib.
Anasının sözlərinə görə, oğlu özündə olsa da onu və atasını güclə tanıyıb, oktyabrın 3-də isə onu dəfn ediblər.
"Komissarlıqdan onun dizindəki problemə görə evə göndərildiyini deyiblər. Amma sentyabrın 30-da onu evə gətirəndə qonşuar da gördü ki, onun burnu qırılmışdı, qarnı tam göy rəngdə idi. İnanıram ki, onu çox güclü döyüblər. Amma məndə bir kağız yoxdur ki, bunu sübut edəm..."
Sonra Denisin valideyinlərinə övladlarını başqa bir çağırışçının vurduğunu deyiblər.
Sentyabrın 21-dən bəri Rusiyanın müxtəlif bölgələrindən səfərbər edilmiş ən azı 17 çağırışçının ölümü rəsmən məlum olub.
Sentyabrın 27-də orduya çağırılan 39 yaşlı Sergey Fedoseenko Vladivostokda polis bölməsində ürək tutmasından ölüb.
Elə həmin gün Kabardin-Balkarın Zvezdnı kəndindən səfərbər edilmiş Boris Şavayevin ölüm xəbəri yayılıb. Səfərbərlikdən əvvəl tibbi komissiya onun sağlam olduğunu bildirsə də, komisarlıq çağırışçının xəstəlikdən öldüyü bildirib.
Sentyabrın 27-də də Böyük Novqoroddan olan 44 yaşlı Yeqor Nazarovun intiharı barədə məlumat yayılıb. Dostlarının dediyinə görə, səbəb bir gün əvvəl Nazarova verilən orduya çağırış vərəqəsi olub.
Sentyabrın 28-də Tümen yaxınlığındakı toplanış məntəqəsində səfərbər olunanlardan birinin cəsədi tapılıb. Hüquq-mühafizə orqanları əvvəlcə çağırışçının intihar etməsi barədə xəbər yaysa da sonradan "intihar" məsələsi mətndən çıxarılıb.
Oktyabrın 2-də Omskdakı hərbi hissələrdən birində Krasnoyarskdan səfərbər olan əsgər həlak olub. Dostunun dediyinə görə, o və dostu başqa hərbçilərlə münaqişəyə görə təhdid edilirmişlər.
Oktyabrın 7-də isə Novosibirsk Ali Hərbi Komandanlıq Məktəbində orduya səfərbər edilmiş çağrışçının “zorakılıq hərəkətlərinin izləri olan” cəsədi tapılıb.
Oktyabrın 6-da Kamenka kəndində “qismən səfərbərlik” çərçivəsində hərbi xidmətə çağırılan 28 yaşlı Sankt-Peterburq sakini təlim atəşi zamanı avtomatdan özünü güllələyib.
Ertəsi gün həmin kənddə səfərbər olan daha iki nəfər həlak olub. Bu ölümlərin rəsmi səbəbi infarktdır.
Oktyabrın 5-də Penzadakı poliqonda məşq zamanı səfərbərlik çərçivəsində çağırılan 41 yaşlı yerli sakin vəfat edib. "Penzaİnform"-un məlumatına görə, sənədlərdə onun da ölüm səbəbi infarkt göstərilib.
"Sibreal.arg" sentyabrın sonu oktyabrın əvvəlləri səfərbərliyə cəlb edilən daha bir neçə çağrışçının öldüyünü yazır.
Sentyabrın sonunda Transbaykaliyanın cənub-şərqində yerləşən hərbi hissədə səfərbər edilmiş şəxs, Pesçankada isə regionun başqa bir hissəsində çağırışçı və səfərbər olmuş şəxs həlak olub.
Oktyabrın 10-da Müdafiə Nazirliyinin Sverdlovsk vilayətindəki təlim mərkəzində səfərbər edilmiş üç nəfər həlak olub. Sverdlovsk vilayətindən Dövlət Dumasının deputatı Maksim İvanovun dediyinə görə, həmin çağrışçılardan biri öldürülüb, digəri intihar edib, orduya yarasız olduğu üçün geri qaytarılan bir çağırışçı isə qaraciyər serrozundan ölüb.
Oktyabrın 10-da məlum olub ki, Yakutiyada toplaşma məntəqəsində səfərbər olan gənc pəncərədən yıxılaraq ölüb. İlkin məlumatlara görə, hərbi hissəyə göndəriləcəyini bilən həmin çağırışçı çarpayıların arasından ipin köməyi ilə binanın ikinci mərtəbəsindən enmək qərarına gəlib, lakin yerə yıxılıb.
Sentyabrın 21-də Rusiyada hərbi səfərbərlik elan edilib. Rusiya rəsmilərinin qismən səfərbərlik adlandırdığı bu kampaniyada 300 min çağırışçının orduya çağırılması nəzərdə tutulub. Amma səfərbərlik ölkədə etirazla qarşılanıb, bununla bağlı Rusiyanın bir çox şəhərlərində etiraz aksiyaları keçirilib.
Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya ordu yeridib və müharibə hələ də davam edir. Beynəlxalq təşkilatlar Rusiyaya çoxsaylı sanksiyalar tətbiq ediblər, həm də Moskvadan tələb olunur ki, dərhal ordusunu Ukrayna ərazisindən çıxarsın.
Moskva bu çağırışların əksinə olaraq tutduğu Ukrayna torpaqlarının Rusiyaya birlədirlməsi ilə bağlı işğal ərazilərində referendum keçirib. Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin referendum keçirilən həmin ərazilərin Rusiyaya birləşdirildiyi elan edib.
Bütün xəbərləri izləyin
Ermənistan Solovyova görə Rusiyaya nota verib
Yanvarın 12-də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb. Ona rusiyalı aparıcı və şərhçi Vladimir Solovyovun bəyanatları ilə bağlı "dərin" narazılığı bildirən etiraz notası təqdim edilib. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla xəbər yayıb.
Badalyanın sözlərinə görə, "notada vurğulanıb ki, bu bəyanatlar Ermənistan Respublikasının suverenliyinə yolverilməz müdaxilə, düşməncəsinə ifadədir, Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin əsas prinsiplərini kobud şəkildə pozur".
Kremlin tanınmış təbliğatçılarından olan V.Solovyov özünün müəllif proqramında deyib ki, "Ermənistanı itirmək Rusiyanın maraqlarına uyğun deyil və Rusiya beynəlxalq hüququ nəzərə almadan təkcə Ukraynada deyil, həm də Rusiyanın təsir dairəsinə daxil olan ərazilərdə xüsusi hərbi əməliyyatlar aparmalıdır".
Moskva Ukraynada dörd ilə yaxındır apardığı təcavüzkar müharibəyə "xüsusi hərbi əməliyyat" deyir.
2024-cü ilin martında Ermənistan Solovyovun "RTR Planeta" kanalında yayımlanan müəllif proqramlarının translyasiyasını bloklayıb. Buna Solovyovun müəllif proqramında bir neçə dəfə Ermənistanın və onun rəhbərliyinin adını çəkərək təhqiramiz ifadələrdən istifadəsi səbəb olmuşdu.
Gürcüstanın keçmiş baş nazirinə 5 il həbs və cərimə kəsildi
Gürcüstan Prokurorluğu keçmiş baş nazir İrakli Qaribaşvili ilə prosessual razılaşma bağlandığını açıqlayıb. Qurum bildirilir ki, ona cəza növü olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qaribaşvili xüsusilə külli miqdarda gəlirlərin leqallaşdırılmasında ittiham olunur. O, əlavə cəza olaraq 1 milyon lari (təxminən 370 min ABŞ dolları) məbləğində cərimə ödəməlidir. Bundan başqa, "cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış evində axtarış zamanı götürülmüş" pul vəsaiti dövlətin xeyrinə müsadirə olunacaq.
Prokurorluq İ.Qaribaşvilinin törətdiyi cinayəti etiraf etdiyini, prosessual razılaşmanın şərtləri ilə razılaşdığını bildirir. Bu razılaşma bağlanmasaydı, Qaribaşvilini 9 ildən 12 ilədək həbs cəzası gözləyirdi.
Vəkili keçmiş baş nazirin artıq penitensiar müəssisəyə köçürüldüyünü açıqlayıb.
Daha öncə açıqlanan rəsmi bilgiyə görə, Qaribaşvili dövlət vəzifəsində olduğu dövrdə "gizli və ört-basdır edilmiş şəkildə" müxtəlif sahibkarlıq fəaliyyəti ilə məşğul olub, qeyri-qanuni mənşəli xüsusilə külli miqdarda gəlirlər əldə edib, əmlak vəziyyəti barədə bəyannamələrdə düzgün olmayan məlumatlar göstərib.
2025-ci il oktyabrın 17-də Qaribaşvilinin mənzilində axtarış zamanı 6.5 milyon ABŞ dolları aşkarlanaraq götürülüb.
Oktyabrın 24-də məhkəmə onun barəsində 1 milyon lari məbləğində girov qətimkan tədbiri seçib və girov daşınmaz əmlakla təmin olunub. Onun ölkədən çıxışına da qadağa qoyulub.
İ.Qaribaşvili Gürcüstan hökumətinə iki dəfə rəhbərlik edib, milyarder Bidzina İvanişvilinin ən yaxın silahdaşlarından biri olub. 2024-cü ilin aprelində ailəsinə daha çox vaxt ayırmaq istədiyini bildirərək siyasətdən tam getdiyini elan edib.
Səmərqənddə müəllim Məhəmməd peyğəmbəri təhqir etmək ittihamı ilə 12 sutka həbs olunub
Özbəkistanın Səmərqənd vilayətində müəllim dini ədavəti təbliğ edən materialların yayılması maddəsi ilə 12 sutkalıq həbs edilib. Bu barədə "Gazeta" məhkəmə qərarına istinadla xəbər verir.
21 yaşlı müəllimə qarşı iş açılmasına onun ötən il dekabrın 30-da Telegram kanalında Məhəmməd peyğəmbər haqqında yazdığı şərh səbəb olub. Yanvarın 7-də sosial şəbəkələrdə şərhin skrinşotları yayılıb, "Şoxruxbek" istifadəçisinin "peyğəmbəri təhqir etməsinə görə" məsuliyyətə cəlb olunmasına çağırış səslənib.
Yanvarın 9-da daxili işlər orqanlarının əməkdaşları müəllimin telefonuna giriş əldə edərək şərhi onun yazdığını müəyyən ediblər. Həmin gün məhkəmə keçirildiyi və müəllimin təqsirini etiraf etdiyi bildirilir.
Məhkəmə onun telefonunun məhv edilməsi və "hüquq pozuntusunun davam etməsini önləmək" məqsədilə öz hesabından istifadənin məhdudlaşdırılması barədə qərar çıxarıb. Üstəlik, onu həbsdə saxlanılmasına görə 741.6 min sum (61 dollar) ödəniş etməyə məcbur ediblər.
Tramp Qrenlandiyanın müdafiəsi barədə: 'İki it xizəyidir'
ABŞ prezidenti Donald Tramp bir daha deyib ki, Birləşmiş Ştatlar Qrenlandiyanı ələ keçirməsə, bunu Rusiya və ya Çin edə bilər, çünki adanın faktiki olaraq öz müdafiəsi yoxdur.
"Əslində, onların müdafiəsi iki it xizəyindən ibarətdir. Bunu bilirdinizmi? Onların müdafiəsinin nədən ibarət olduğunu bilirsinizmi? İki it xizəyindən", – Tramp jurnalistlərə deyib.
Trampın sözlərinə görə, Moskvanın və ya Pekinin təsirinin güclənməsini önləmək üçün Qrenlandiya razılaşma bağlamalıdır.
Prezident onu da vurğulayıb ki, söhbət məhz ABŞ-nin Qrenlandiyanı ələ keçirməsindən gedir. Onun iddiasına görə, əks halda, bunu Rusiya və ya Çin edəcək. "Prezident olduğum müddətdə bu, baş verməyəcək", –Tramp deyib.
Tramp bundan öncə də ABŞ-nin Danimarka Krallığına məxsus muxtar ada üzərində nəzarətinin qurulmasının zəruriliyini Rusiyadan, Çindən gələn təhdidlərlə əsaslandırıb. "The Financial Times" isə Şimali Avropa ölkələri diplomatlarının Trampın Qrenlandiya yaxınlığında Rusiya və Çin gəmilərinin mövcudluğu ilə bağlı iddialarını təkzib etdiyini yazır.
ABŞ prezidentinin dediyi it xizək dəstələri Danimarka Hərbi Dəniz Qüvvələrinin elit "Sirius" bölməsinə aiddir. Bu bölmə XX əsrin ortalarından Qrenlandiyanın şimal-şərq hissəsində patrul xidməti aparır.
ABŞ Venesuela neftinin satışından gəlirləri dondurub. Kubaya çağırış
ABŞ prezidenti Donald Tramp Venesuela neftinin satışından əldə olunan gəlirlərin Maliyyə Nazirliyinin hesablarında saxlanılan hissəsinin məhkəmə yolu ilə həbsini, müsadirəsini və ya tutulmasını bloklayan sərəncam imzalayıb. Sənəd bu vəsaitlərlə xüsusi icazə olmadan istənilən əməliyyatı qadağan edir.
Ağ ev bildirib ki, bu gəlirlər Venesuelanın mülkiyyətidir, ABŞ hakimiyyətinin idarəçiliyində saxlanılır. Onların kreditorlar və fiziki şəxslərin iddiaları əsasında müsadirəsini önləmək üçün isə qorunması zəruridir.
Vaşinqton sərəncamın "Amerika və Venesuela xalqlarının rifahı naminə" imzalandığını bildirir. Bundan öncə isə Venesuelanın neft resursları üzərində ABŞ-nin nəzarətinin gücləndirilməsinə yönəlik bəzi addımlar atılıb. Yanvarın 3-də ölkə lideri Nikolas Maduro ələ keçirilib, Venesuelada neft hasilatı və ixracına ABŞ nəzarət etməyə başlayıb.
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, artıq bu həftə Vaşinqton Venesuelaya bəzi sanksiyaları ləğv edə bilər. Məqsəd neft satışını asanlaşdırmaq, ölkənin iqtisadi bərpasını dəstəkləməkdir. Bessent Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə onların Venesuela iqtisadiyyatının bərpasında iştirak imkanlarını müzakirə edəcəyini deyib.
Prezident Tramp isə "Truth Social" sosial şəbəkəsində yazıb ki, Kuba artıq Venesueladan pul və neft almayacaq. Onun sözlərinə görə, Kuba Venesueladan gələn vəsait və neft hesabına yaşayırdı.
"Əvəzində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərirdi, amma bu, artıq olmayacaq! Keçən həftə ABŞ-nin hücumunda bu kubalıların əksəriyyəti həlak oldu. Venesuelanı artıq onu illərlə girov saxlayan quldurlardan və reketçilərdən qorunmağa ehtiyacı yoxdur. İndi Venesuelanın onu qoruyacaq ABŞ kimi, dünyada ən güclü orduya (böyük fərqlə!) malik müttəfiqi var və biz onu qoruyacağıq. Kubaya daha nə neft, nə də pul veriləcək – olmayacaq!", – Tramp yazıb.
ABŞ prezidenti həmçinin Havanaya "nə qədər gec deyil", ABŞ ilə razılaşma bağlamağı tövsiyə edib.
Tramp dövlət katibi Marko Rubionu Kuba prezidenti etmək ideyasını bəyəndiyini də yazıb.
ABŞ Suriyada 'İslam Dövləti'nin obyektlərini vurub
ABŞ müttəfiqləri ilə birgə Suriyada terrorçu "İslam Dövləti" (İŞİD) qruplaşmasının obyektlərinə genişmiqyaslı zərbələr endirib. Məlumatı ABŞ Mərkəzi Komandanlığı yayıb.
Prezident Donald Tramp zərbələrin endirilməsi haqda yanvarın 10-da göstəriş verib. Komandanlıq bildirir ki, hücum dekabrın 13-də cihadçıların Palmira şəhərində Suriya-ABŞ birgə patruluna hücumuna cavab olaraq başladılan "Şahin zərbəsi" əməliyyatı çərçivəsində gerçəkləşdirilib. Həmin hücumda üç amerikalı – iki hərbçi və bir mülki tərcüməçi həlak olub.
Əməliyyat zamanı ABŞ hərbçiləri və onların müttəfiqləri 35-dən çox hədəfə 90-dan artıq yüksəkdəqiqlikli döyüş sursatı buraxıblar. "CBS News"un məlumatına görə, əməliyyatda 20-dən çox təyyarə iştirak edib. Zərbələrin dəqiq harada endirildiyi hələlik açıqlanmayıb. İtkilər haqda məlumat verilməyib.
İŞİD 2019-cu ilədək İraq və Suriyanın bir hissəsinə nəzarət edib. O vaxtdan Qərb ölkələri qruplaşmanın yenidən dirçəlməsini önləmək üçün bölgədə müşahidə və kəşfiyyat fəaliyyətlərini davam etdirirlər. BMT hazırda İŞİD-in İraq və Suriyada 5 mindən 7 minədək üzvü olduğunu bildirir.
2025-ci ilin noyabrında Suriya ABŞ-nin rəhbərlik etdiyi İŞİD ilə mübarizə üzrə beynəlxalq koalisiyaya qoşulub, onun 90-cı üzvü olub.
2025-ci ilin dekabrında Pentaqonun rəhbəri Pit Heqset "intiqam əməliyyatı"nın başladığını elan edib. Bu əməliyyat çərçivəsində ABŞ hərbçiləri Suriyada İŞİD-in onlarla obyektinə zərbələr endiriblər. Yanvarın 4-də Böyük Britaniya və Fransa "İslam Dövləti"nin Palmira yaxınlığında silah anbarını vurub.
İsrailin zərbələrindən Qəzzada 11 nəfər həlak olub
Yanvarın 8-də İsrailin zərbələrindən Qəzza zolağında azı 11 fələstinlinin həlak olduğu bildirilir. Ordu anklavdakı silahlıların uğursuz raket buraxmasına cavab verdiyini açıqlayıb.
Qəzzanın müxtəlif yerlərinə zərbələrdə yaralananlar da var.
İsrail ordusu HƏMAS-ın bir neçə silahlısını, raket buraxılan yerləri, "terror" infrastrukturunu hədəf aldığını bildirib. Buna Qəzza şəhərindən İsrailə doğru raket atılmasının səbəb olduğu deyilir. Ordunun bildirdiyinə görə, raket Qəzzada xəstəxanaya düşüb. İsrail HƏMAS-ı atəşkəsi pozmaqda suçlayıb.
ABŞ və Aİ HƏMAS-ı terrorçu kimi tanıyır.
Oktyabrda tərəflərin əldə etdiyi atəşkəs birinci mərhələdən irəli gedə bilməyib. Böyük döyüşlər dayanıb, İsrail Qəzzanın yarıdan az hissəsindən çəkilib, HƏMAS isə fələstinli məhbusların əvəzində girovları qaytarıb.
ABŞ prezidenti Donald Trampın planına HƏMAS-ın tərksilahı, İsrailin daha da geri çəkilməsi, beynəlxalq qüvvələrin yerləşdirilməsi və Qəzzanın bərpası daxildir.
Rusiya Ukraynaya 'Oreşnik' ilə zərbə endirdiyini bildirir [Video]
Rusiya Silahlı Qüvvələri Ukraynada kritik obyektlərə "Oreşnik" mobil ortamənzilli raket kompleksi və dronlar ilə kütləvi zərbə endirdiyini bildirir. Müdafiə Nazirliyi Telegram kanalında bunun ötən il dekabrın 29-da Novqorodda prezident Vladimir Putinin iqamətgahına "Kiyev rejiminin terror aktına cavab" olduğunu yazıb.
Nazirlik zərbənin məqsədlərinə çatdığını bildirib: "Terror aktı zamanı istifadə edilmiş dronların istehsalı ilə məşğul olan obyektlər, eləcə də Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən enerji infrastrukturu obyektləri məhv edilib".
Kiyev Putinin iqamətgahına hücumla bağlı Kremlin iddialarını rədd edib. ABŞ prezidenti Donald Tramp əvvəlcə Rusiyanın iddialarını qəbul edə biləcəyinə eyham vurub. Amma Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) belə bir hücumun olmadığını müəyyən edəndən sonra o, Kiyevin tərəfini tutub.
"Bu zərbənin baş verdiyinə inanmıram. Yaxınlıqda nəsə baş verib, amma bununla əlaqəsi olmayıb", – o, yanvarın 4-də deyib.
Rusiyanın Kiyevə dron hücumunda dörd nəfər həlak olub
Yanvarın 9-da səhər Rusiya dronları Kiyevə hücum edib, 4 nəfər həlak olub, azı 19 nəfər yaralanıb. Yaşayış binaları və infrastruktura ciddi ziyan vurub.
Kiyevin meri Vitali Kliçko Telegram-da yazıb ki, ölənlərdən biri təcili tibbi yardım əməkdaşı olub. Eyni briqadadan olan dörd nəfər də yaralanıb.
Bir dron ticarət mərkəzində yanğın törədib, digəri tibb ocağının yaxınlığına düşüb. Rəsmilər bir neçə rayonda yanğınların baş verdiyini qeyd ediblər.
Paytaxtda beş saat ərzində hava həyəcanı verilib.
Cümə günü Ukraynanın qərbi Lvov vilayətində bir infrastruktur obyekti də Rusiyanın hücumuna məruz qalıb.
Rusiyalı jurnalist Fransada ölü tapılıb
Yanvarın 6-sı səhər saatlarında Fransada 38 yaşlı rusiyalı jurnalistin meyiti tapılıb. Bu barədə "Le Parisien" və "Le Figaro" polisdəki mənbələrə istinadla məlumat yayıb.
Jurnalistin yeddinci mərtəbədəki mənzilinin pəncərəsindən yıxıldığı bildirilir. Polis onun mənzilində pəncərənin yanında qoyulmuş stul, zibil qutusunda isə dərmanlar aşkarlayıb. Bundan əlavə, mənzildə rusca məktublar da tapılıb.
"Le Parisien" yazır ki, hazırkı mərhələdə əsas versiya intihardır, ancaq "qurbanın ölüm şəraiti suallar yaradır". "Le Figaro" onun Rusiyanın təhdidlərinə məruz qalması ehtimalından yazır.
Fransa mediası jurnalistin adını açıqlamır. Jurnalist Denis Balaşovun yazdığına görə, həlak olan jurnalist Yevgeni Safronovdur. O, Safronovun Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Rusiyanı tərk etdiyini yazıb. Hakimiyyət çalışdığı media orqanını "xarici agent" kimi tanıyıb. "Altı ay öncə o, Parisə köçüb, burada məskunlaşmağa çalışırdı. Depressiyada idi. Düz bir həftə əvvəl telefonlarının, sosial şəbəkələrinin, messencerlərinin, "Qosusluqi"dəki hesabının sındırıldığını demişdi, bu da onu özündən tamamilə çıxarmışdı", –Balaşov qeyd edib.
Hüquqşünas Dmitri Zaxvatov Y.Safronovun ona vida məktubu göndərdiyini, bunu jurnalistin ölümündən sonra oxuduğunu bildirib. "Son həftələr Yevgeni öz durumu ilə mübarizə aparmağa çalışırdı, lakin bunu bacarmırdı. Ətrafındakı insanlar, mən faciənin qarşısını ala bilmədik", – o, Telegram kanalında yazıb.
Safronovun yaşadığı mənzildə onun qonşusu da olub. Medianın yazdığına görə, həmin şəxs şok vəziyyətində olub və yalnız russa danışıb deyə, polis onu dərhal dindirə bilməyib. Qonşu polisin müşayiəti ilə xəstəxanaya aparılıb.
38 ölkənin vətəndaşları ABŞ-yə turizm vizası üçün 15 min dollaradək depozit ödəməli olacaq
ABŞ Dövlət Departamenti turist və ya işgüzar vizalar (B-1/B-2) üçün depozit ödəməli olan ölkələrin siyahısını genişləndirib.
Yanvarın 6-da siyahıya 25 ölkə əlavə edilib. Onların sırasında Əlcəzair, Anqola, Fici, Banqladeş, Kuba, Nigeriya, Nepal, Venesuela, Qırğızıstan və Tacikistan var. Yeni tələblər yanvarın 21-dən qüvvəyə minəcək.
Türkmənistan 38 ölkənin olduğu siyahıya daha öncə salınmışdı.
Bu ölkələrin vətəndaşları 5 min, 10 min və ya 15 min ABŞ dolları depozit ödəməlidirlər. Məbləğ vizanın alınması üçün müsahibə zamanı müəyyən edilir. Amma depozit vizanın verilməsinə zəmanət demək deyil, viza tələblərinə əməl olunduğu halda, yaxud viza verilmədikdə depozit geri qaytarılacaq.
Viza alan şəxslər ABŞ-yə yalnız üç beynəlxalq hava limanı vasitəsilə daxil olub çıxmalıdırlar: Loqan hava limanı (Boston), Kennedi hava limanı (Nyu-York) və Dalles hava limanı (Vaşinqton). Bu tələbin yerinə yetirilməməsi ölkəyə girişdən imtinaya, çıxışın lazımi qaydada qeydə alınmamasına səbəb ola bilər.
Viza sahibi viza öhdəliklərini pozarsa, pozuntunun olub-olmadığını ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) müəyyən edəcək.
ABŞ 2025-ci ilin avqustunda depozit qarşılığında giriş vizalarının verilməsi üzrə pilot proqramı işə salıb. ABŞ hakimiyyət orqanlarının mövqeyinə görə, bu ölkələrin vətəndaşları Birləşmiş Ştatlara daxil olduqdan sonra icazə verilən qalma müddətini tez-tez aşırlar.
Erməni xizəkçi kostyumundakı 'Azərbaycan' sözünü örtdüyünə görə cərimələnib
Erməni xizəkçi Mikael Mikaelyan idman kostyumunun sinəsində "Azərbaycan" sözünü örtdüyünə görə cərimələnib. Hadisə dekabrın sonunda İtaliyada "Tour de Ski" yarışmasında baş verib. Ermənistanın Xizək Federasiyası Mikaelyanı müdafiə edib, onun cəriməsini ödəməyi təklif edib.
"İdmana siyasətdən ayrı baxa bilmərəm, vətənimə təcavüzə meylli ölkənin adını örtmədən yarışa biıməzdim", – Mikaelyan AzadlıqRadiosunun erməni xidmətinə deyib.
Mikaelyan Azərbaycanla Ermənistan arasında müharibənin yenidən qızışmayacağına ümidini bildirsə də, sülh danışıqlarında durumun aydın olmadığını deyib, gələcək yarışlarda da belə davranacağını əlavə edib.
Dediyinə görə, kostyumu ona yarışa iki saat qalmış veriblər və o da "Azərbaycan" sözünün üstünü örtmək qərarına gəlib.
Yarışdan sonra jüri Mikaelyanı çağırıb, ona sanksiyanın səbəbi izah olunub.
"OC Media" yazır ki, cərimənin məbləği hələlik bəlli deyil. Ermənistanın Xizək Federasiyası onu ödəməyə hazır olduğunu bildirib.
Azərbaycan beş illik tərəfdaşlıq sazişi çərçivəsində İtaliyada keçirilən turnirin sponsorudur.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Dekabrda Azərbaycandan Ermənistana ilk dəfə neft məhsulları göndərilib. Ondan öncə isə Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya və Qazaxıstandan buğda daşınıb.
ABŞ senatoru: Tramp Rusiyayla bağlı sanksiyalar layihəsinə 'yaşıl işıq' yandırır
ABŞ-nin Rusiyaya qarşı sanksiyalar layihəsi gələn həftə Konqresdə səsverməyə çıxarıla bilər. Bunu respublikaçı senator Lindsi Qrem yanvarın 7-də bildirib. Onun sözlərinə görə, prezident Donald Tramp çərşənbə günü onunla görüşdən sonra qanun layihəsinə "yaşıl işıq" yandırıb. Hər iki partiyanın dəstəklədiyi layihə Rusiya ilə işgüzar əlaqələri hədəf alacaq.
Qrem digər respublikaçı və demokrat senatorlarla aylardır bu qanun layihəsi üzərində işləyir. Layihə Rusiya ilə iş görən ölkələrə, ondan enerji alanlara sanksiyaların tətbiqini nəzərdə tutur. Səbəb Ukrayna ilə sülh danışıqlarında Moskvanın sülh sazişi üzrə razılığa gələ bilməməsidir. Rusiya Ukraynaya 2022-ci ildə müdaxilə edib.
"Bu qanun layihəsi prezident Trampa Putinin müharibə maşınını hərəkətə gətirən ucuz Rusiya nefti alan ölkələri cəzalandırmağa imkan verəcək", - deyə Qrem Çin, Hindistan və Braziliyanı potensial hədəflər kimi göstərib.
Konqres indiyədək qanun layihəsini səsverməyə çıxarmayıb, əvəzində Tramp Hindistandan idxal olunan mallara rüsumlar tətbiq edib. Hindistan Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısıdır.
ABŞ rəsmisi noyabrda "Reuters"ə deyirdi ki, qanun layihəsi qəbul olunarsa, Tramp onu imzalayacaq, amma sanksiyalar üzərində nəzarətin onun əlində qalması üçün xüsusi müddəaların salınmasına israr edəcək.
Ukraynada müharibə dörd ilə yaxındır gedir. Ötən noyabrdan danışıqlar intensivləşsə də, nəticə əldə olunmayıb.
Tramp ABŞ-ni onlarla beynəlxalq və BMT qurumundan çıxarır
ABŞ prezidenti Donald Tramp yanvarın 7-də deyib ki, Vaşinqton onlarla beynəlxalq və BMT qurumundan çıxacaq. Buraya iqlim sazişi, BMT-nin gender bərabərliyini təbliğ edən qurumu daxildir. Tramp onların ABŞ-nin milli maraqlarına zidd işlədiyini söyləyib.
Tramp administrasiyasının göndərdiyi siyahıda 35 qeyri-BMT qrupu və 21 BMT qurumu var. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası isə 2015-ci il Paris İqlim Sazişinin əsasını təşkil edir.
Ötən il Birləşmiş Ştatlar son 30 ildə ilk dəfə olaraq BMT-nin beynəlxalq iqlim sammitini təxirə salıb.
ABŞ "BMT-Qadınlar" qurumundan və BMT Əhali Fondundan da çıxacaq. Sonuncu təşkilat 150-dən çox ölkədə ailə planlamasına, ana-uşaq sağlamlığına fokuslanır. ABŞ ötən il onun maliyyəsini kəsib.
BMT-nin baş katibi Antonio Quterreşin sözçüsü məsələni şərh etməyib.
"Reuters" yazır ki, Tramp dəfələrlə beynəlxalq qurumlara xərclənən pullar və onların effektivliyini sual altına alıb, onların ABŞ-nin maraqlarına xidmət etmədiyini deyib.
Bir il öncə ikinci dönəm prezidentliyə başlayan Tramp ölkəsinin BMT-yə maliyyəsini kəsib, BMT İnsan Haqları Şurasında işi dayandırıb, UNRWA Fələstinə yardım agentliyinə maliyyənin kəsilməsini uzadıb, BMT-nin UNESCO mədəniyyət agentliyindən çıxıb. Tramp Ümumdünya Səhiyyə Təşkilatı və Paris İqlim Sazişindən çıxacağını açıqlayıb.
Avstraliyanın cənubunda temperatur 40 dərəcəni keçib
Yanvarın 7-də Avstraliyanın cənub ştatlarında kəskin istilər başlayıb, temperatur 40 dərəcə Selsini keçib. Səhiyyə orqanları xəbərdarlıq səsləndirib, meşə yanğınları alovlanıb.
Meteoroloqlar vəziyyətin son altı ildə ən pis həddə çatdığını deyirlər. 2020-ci ilin "Qara yay" adını almış yanvarında istilər 33 nəfərin həyatına son qoymuşdu.
Viktoriya ştatında temperatur 44 dərəcəyə çatıb. Ştatın paytaxtı Melburnda 41 dərəcə istilik var və sakinlərə evdən çıxmamaq tövsiyə olunub.
Kitabxanalar kimi ictimai məkanlar sakinlərin sərinlənməsi üçün iş vaxtlarını uzadıblar. Monarto safari-parkı isə bağlanıb.
Adelaida şəhərində minlərlə insanın işıqsız qaldığı xəbər verilir.
Hələbdə toqquşmalarda azı dörd nəfər öldürülüb
Yanvarın 6-da Suriyanın şimalında Hələb şəhərində toqquşmalarda azı dörd nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hökumət və kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) zorakılığa görə bir-birini ittiham edib.
Rəsmi SANA agentliyi dünən öldürülənlərin üçünün dinc sakinlər, birinin əsgər olduğunu xəbər verir.
Yanvarın 7-də Hələbdə təhsil ocaqlarının, hökumət idarələrinin işini dayandırdığı, eləcə də Hələb aeroportuna uçuşların 24 saatlığa təxirə salındığı bildirilir.
Bu arada hökumət ABŞ-nin dəstəklədiyi SDF-i hökumət qüvvələrinə birləşdirməyə çalışır. SDF 14 illik müharibədə qazandığı muxtariyyəti əldən vermək istəmir. Bu qruplaşma hazırda "İslam Dövləti" (İŞİD) həbsxanalarına və neft resurslarına nəzarət edir. Suriyada təxminən bir il öncə Bəşər əl-Əsəd devriləndən sonra siyasi durum kövrək olaraq qalır.
Kürd qüvvələrin inteqrasiyası üzrə razılaşma 2025-ci ilin sonunadək icra olunmalı idi. Amma bu yöndə irəliləyiş olmayıb və tərəflər buna görə bir-birini qınayıb.
"Reuters" yazır ki, SDF-in Suriya ordusuna inteqrasiyası alınmasa, zorakılıq qızışa, nəticədə Türkiyə duruma müdaxilə edə bilər. Ankara terrorçu saydığı kürd silahlılara qarşı müdaxilə ilə hədələyib.