Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:14

Orduxan Teymurxanın bacısı oğlundan xəbər var


Orduxan Teymurxan
Orduxan Teymurxan

Avropada yaşayan mühacir bloqqer Orduxan Teymurxanın bacısı oğlu Tural Əliyevin Binəqədi rayonundakı təcridxanada saxlandığı deyilir.

Bu haqda onun yaxınları bildirib.

Yaxınları bu gün, aperlin 30-da Tural Əliyevlə görüşə bildiklərini söyləyiblər. Onlar inzibati qaydada həbs edildiyi deyilən gəncə bağlama verdiklərini bildiriblər.

Verilən məlumata görə, Tural Əliyev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinir.

Onun qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsində təqsirli sayıldığı bildirilir. Tural Əliyev barəsində Nizami Rayon Məhkəməsində qərar verildiyi vurğulanır.

Ancaq bu məlumatı məhkəmədən və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

19 yaşlı tələbə Tural Əliyevin günahlandırıldığı deyilən maddədə üç yüz manatdan dörd yüz manatadək cərimə və iki ayadək müddətə inzibati həbs cəzasının tətbiqi nəzərdə tutulur. Ona 2 aylıq həbs cəzası tətbiq edildiyi deyilir.

Yaxınlarının deməsinə görə, həmin qərardan şikayət veriləcək.

Bu ilin fevral ayında da Orduxan Teymurxanın yaxın qohumları Səbuhi Zeynalov və Tural Əliyevin hər birinə 30 sutka inzibati həbs cəzası verildiyi bildirilirdi. O zaman da deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Orduxan Teymurxan vurğulamışdı ki, Avropada fəaliyyəti ilə bağlı Azərbaycanda onun yaxınlarını incidirlər. Son həftələr Teymurxan və Azərbaycandan mühacirət edən bəzi fəallar Avropa şəhərlərində prezident İlham Əliyevin nimunəsində “ Diktatoru tanıdaq” aksiyası keçiriblər.

Ancaq mühacirlərin oxşar şikayəti ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bir müddət öncə Azadlıq Radiosuna bildirmişdilər ki, Azərbaycanda siyasi əqidəsinə görə heç kimin qohumları incidilmir.

Üstəlik, rəsmilər prezident İlham Əliyevin diktator sayılması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur.

Xatırlatma

Bütün bunlardan avvəl də Teymurxanın Azərbaycanda yaşayan yaxınlarının oxşar münasibətlə üzləşdikləri bildirilirdi.

Orduxan Teymurxan demişdi ki, ötən il fevralın 18-dən başlayaraq Azərbaycanda yaşayan 12 yaxını polisdə dindirilməyə aparılıb. Onların arasında onun bacıları, hətta ikiyaşlı uşağın da olduğu vurğulanırdı. Ancaq Daxili İşlər Nazirliyindən bu açıqlamaya hər hansı münasibət bildirilməmişdi. Sonradan polisə aparıldığı deyilən şəxslərin ikisindən başqa hamısının tezliklə sərbəst buraxıldığı bildirilirdi.

Ardınca Suraxanı Rayon Məhkəməsində bloqqerin qardaşı Xanlar Dadaşov və bacısı oğlu Səbuhi Zeynalovun 30 sutka inzibati həbsi haqda qərar çıxarılmışdı.

Qərarda iddia olunurdu ki, Zeynalov və Dadaşov fevralın 19-da yaşadıqları evin qarşısında polis əməkdaşlarının qanuni əmrinə tabe olmadıqlarına görə, cəzalandırılıblar. Onların vəkilləri ittihamın qurama olduğunu açıqlamışdı.

XS
SM
MD
LG