Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Ordunun baş kilsəsində Putin və Stalinin portretləri olacaq


Rusiya Silahlı Qüvvələrinin Moskva yaxınlığında tikintisi başa çatmış baş kilsə məbədində başqa rəsmilərlə yanaşı prezident Vladimir Putinin də mozaikadan yığılmış şəkli olacaq.

Bundan əvvəl prezidentin sözçüsü Dmitry Peskov Putinin bu ideyanı o qədər də təqdir etmədiyini demişdi.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Putin bunun ümumiyyətlə əleyhinə olduğunu bildirməsə də, demişdi ki, “onun xidmətlərini bu sayaq əbədiləşdirmək hələ tezdir”.

Rusiya Patriarx Şurasının üzvü protoyerey Leonid Kalinin deyib ki, məbədin inşaatçıları üçün Putinin sözləri dəyərlidir, amma buna baxmayaraq onlar portreti sökməkdən qəytiyyətlə imtina edirlər.

Ruhani deyib ki, inşaatçılardan ikisinin Krımda qohumları yaşayır və onlar buna görə prezidentə minnətdardırlar.

Keşişin sözlərinə görə, Krım alınmasaydı həmin qohumlar Ukrayna tanklarının “tırtılları altında” qalacaqdılar.

Vladimir Putin və patriarx Kirill
Vladimir Putin və patriarx Kirill

Kalinin MBX agentliyinə deyib ki, məbəd hələ tikintidən sonra bir qədər oturmalıdır. Onun sözlərinə görə mozaika gələcəkdə dəyişdirilə bilər, amma bu dəyişiklik siyasi yox, estetik mülahizələrlə ediləcək.

Protoyerey deyib ki, Putin mozaikanın sökülməsinə göstəriş verməyib, sadəcə öz fikirini bildirib.

Bundan əvvəl Kalinin demişdi ki, kilsədəki mozaikada Krımın ilhaqında əsas rolu olmuş siyasətçilərlə yanaşı, sovet diktatoru İosif Stalinin Qələbə paradındakı şəkli da olacaq.

Məbədin başçısı yepiskop Klinski Stefan RBK agentliyinə bildirmişdi ki, kilsədəki mozaika barədə qərarı bədii şura verəcək və bu şura bəlkə də prezidentin rəyini nəzərə alar.

Putin “utanır”

Putinin mətbuat katibi Dmitry Peskov da mozaika barədə suala elə bədii cavab vermişdi:

“Ona bu mozaika barədə xəbər verəndə, gülümsündü və dedi: Nə vaxtsa qədirbilən övladlarımız bizim xidmətlərimizi qiymətləndirəcəklər, amma bunu etmək hələ tezdir”.

Bundan əvvəl Rusiyanın MBX xəbər agentliyi sözü gedən mozaikadan bəzi fraqmentlərin təsvirini çap etmişdi.

Fotolardan birində prezident Vladimir Putin, müdafiə naziri Sergei Shoigu, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyacheslav Volodin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patrushev və FTX rəisi Aleksandr Bortnikov və “Krım bizimdir” sözləri görünür.

Bu xəbər Rusiyanın sosial media platformalarında böyük əks-sədaya səbəb olub.

Bir çox şərhçilər hazırda sağ olan siyasətçilərin portretlərinin kilsədə olmasını, habelə çoxsaylı ruhanilərin repressiyalarında birbaşa əli olan Stalinin də bura əlavə edilməsini kafirlik adlandırıblar.

Rusiya Silahlı Qüvvələrinin baş məbədi mayın 9-da Böyük Vətən Müharibəsində qələbənin 75-ci ildönümü günündə açılmalıdır.

Putinə etimad rəsmi sorğularda da azalır

Bu arada Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin son məlumatına görə Putinə olan etimad son 14 ildə ən aşağı həddə enib.

Rəyi soruşulanların yalnız 28, 3 faizi prezidentə etimad göstərdiyini bildirib.

Bu rəy sorğusuna görə respondentlərə “hansı siyasətçilərə inanaırsınız” sualı verilmişdi.

Siyasətçilərin adlarını sorğu iştirakçılarının özləri deməiliyidilər.

Bu şəkildə sorğu artıq 13 ildir ki, aparılır. 2019-cu ilin mayında Putinə inananların faizi 30,5 idi.

Onda mərkəz, Kremlin narazılığı ilə bağlı metodologiyanı dəyişmiş və respondentlərə konkret olaraq “Putinə etimad edirsinizmi” sualı verilmişdi.

2020-ci ilin yanvarında belə metodologiya ilə keçirilmiş qapalı sorğuda Putinə etimad göstərənlərin sayı 74 faizə çatmışdı.

Amma bu il həmin rəqəm də azalıb. Martın 22-də eyni sorğuda Putinə 67 faiz etimad bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG