Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Neft ordunu sovet şinelindən çıxardımı?


Arxiv fotosu: Azərbaycan ordusunun hərbi təlimindən görüntü.
Arxiv fotosu: Azərbaycan ordusunun hərbi təlimindən görüntü.

-

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (The International Institute of Strategic Studies – IISS) Hərbi balans-2016 (The Military Balance-2016) adlı yeni hesabat açıqlayıb.

Fevralın 10-da yayılan hesabatda deyilir ki, dünya boyunca ölkələrin hərbi sahədə yüksək texnologiyalara çıxışının artması ilə əlaqədar, Qərbin hərbi-texnolji üstünlüyü azalmağa başlayıb.

Qeyd olunur ki, belə bir vəziyyət dünyada hərbi güc balansını daha da mürəkkəbləşdirib.

Vəziyyəti bundan da mürəkkəb edən mülki və hərbi texnologiyalar arasındakı sərhədin aşınmasıdır.

Hesabatda deyilir ki, Rusiyanın havadan və dənizdən atılan yeni ballistik raketləri və havadan müdafiə sistemləri düşünməyə vadar edir.

Bu da qeyd edilir ki, NATO-nun Şərq tərəfdaşları qarşısında götürdüyü təchizat öhdəlikləri 2014-cü ildən bu yana Rusiyanın yeni hərbi avadanlıqları yerləşdiriməsi ilə bağlı xeyli mürəkkəbləşib.

Belə bir şəraitdə Baltik ölkələrinin alyans daxilində təhlükəsizliyi bir sıra suallar doğurur.

Ümumilikdə Hərbi balans-2016 hesabatı texnoloji oyun meydanında balansın sürətlə dəyişdiyini göstərir.

Ermənistan

Hərbi balans-2016 hesabatında ayrı-ayrı ölkələrin, o cümlədən Azərbaycan və Ermənistanın da hərbi göstəricilərinə nəzər salınıb.

Hesabatda deyilir ki, Azərbaycanla Dağlıq Qarabağa görə gərginlikdə olması Ermənistan Silahlı Qüvvələrinin əsas diqqətini ərazi müdafiəsinə yönəldib.

NATO ilə fəal tərəfdaşlıq münasibətlərinə baxmayaraq, Ermənistanın hərbi doktrinası əsas etibarilə Rusiyanın nüfuzu altında qalmaqda davam edir.

İki ölkə arasında 2014-cü ildə əməkdaşlıq barədə saziş imzalanıb.

Hesabatda deyilir ki, Ermənistan ordusunun əsas silah və avadanlığı Rusiya istehsallıdır.

2015-2017-ci illərdə Rusiyadan müasir silahların alınması təyinatı ilə, Moskva 2015-ci ildə Yerevana 200 milyon dollarlıq kredit verib.

Hesabatda bildirilir ki, Ermənistanın hərbi hava qüvvələrindıə köhnəlmiş təyyarələrin təmiri və onlara xidmət problem olaraq qalır.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və Rusiya Ermənistan ərazisində 2044-cü ilədək lisenziyalanmış hərbi bazadan Ermənistanın havadan müdafiəsini həyata keçirir.

Ermənistan hazırda kibertəhlükəsizlik siyasətlərini inkişaf etdirir və Dövlət Kibertəhlükəsizlik Komitəsinin yaradılmasına hazırlaşır.

Ermənistan Silahlı Qüvvələrində fəal hərbi xidmətdə olan 44 min 800 hərbçi var.

Ölkə hərbi ehtiyac olduğu vaxtlarda orduya 210 min nəfəri cəlb etmək imkanına malikdir.

Azərbaycan

Azərbaycan Silahlı Qüvvələrinin də başlıca vəzifəsi ərazinin müdafiəsi üzərində cəmləşib.

Silahlı qüvvələr hələ də hərbi mükəlləfiyyətə əsaslanır.

Hesabatda deyilir ki, Azərbaycanın da hərbi hava qüvvələrinin təlim və xidmət sahələri axsayır və ordu ölkə xaricinə yeridilmək üçün hazırlıqlı deyil.

Hesabatda deyilir ki, neft gəlirlərinin hesabına hərbi xərclərin artırılmasına baxmayaraq, Azərbaycan ordusunun sovet modelindən çıxarılması başa çatmayıb.

Hərbi xərclər əsasən yeni texnikanın alınmasına sərf olunub.

Bunlara TOS-1A batereyaları, BMP-3 AIFV-lər və T90 tankları daxildir. Bu silah və texnikanın bir qismi Moskva ilə bağlanmış 1 milyard dollarlıq müqavilə əsasında alınıb.

Digər tərəfdən Azərbaycanın müşahidə-kəşfiyyat qabiliyyəti İsraildən alınmış uçan aviasiya cihazlarının hesabına gücləndirilib.

Lakin bu da vurğulanır ki, bu texniki vasitələrin əsl əməliyyat qabiliyyətinə təsiri qeyri-müəyyən olaraq qalır.

Hesabatda deyilir ki, Bakının NATO ilə əməkdaşlığı davam edir və Azərbaycan zabitləri NATO-nun maliyyələşdirdiyi kiberkurslarda təlim görüblər.

Bu da qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri Türkiyə ilə hərbi əməkdaşlığı fəallaşdırıb və ölkənin hərbi hava qüvvələri Türkiyə ordusu ilə ilk birgə təlimlərini keçirib.

Bundan başqa ölkə daxilində 65 min hərbçinin iştirakı ilə genişmiqyaslı manevrlər keçirilib.

Azərbaycan Silahlı Qüvvələrində fəal xidmətdə olan 66 min 950 hərbçi var.

Bunlardan 2200-ü hərbi dəniz donanmasında, 7 min 900-ü hərbi hava qüvvələrindədir.

Azərbaycan hərbi ehtiyac olarsa, 300 min nəfəri xidmətə cəlb etmək potensialına malikdir.

İnstitut keçənilki hesabatında da Azərbaycan ordusu haqqında təxminən eyni məlumatlkarı verirdi. Hələlik Azərbaycanın Müdafiə Nazirliyindən builki hesabatla bağlı hər hansı reaksiya səslənməyib. Amma Azərbaycan keçən il hesabatın yayılmasından dərhal sonra bildiurmiş ki, orda Azərbaycan ordusunun bütün imkanları öz əksini tapmayıb:

"Qeyd etmək istərdik ki, bütün göstəricilər üzrə, o cümlədən döyüş tankları, zirehli maşınlar, artilleriya qurğuları, döyüş təyyarələri və helikopterlərin sayına görə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın öz ərazisində, həm də Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirdiyi qüvvələrdən keyfiyyət və kəmiyyət baxımından qat-qat artıqdır və kifayət edəcək həddədir. Bu səbəbdən də hesabatdakı Azərbaycan və Ermənistan ordularının müqayisəli cədvəlində əks olunan rəqəmlərin dəqiqliyi şübhə doğurmaqla yanaşı, reallıqdan da xeyli uzaqdır”.

XS
SM
MD
LG