Nəsimi Rayon Prokurorluğu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müayinə və müalicəsini aparmış həkimlərə qarşı cinayət işi açmaqdan növbəti dəfə imtina edib.
2021-ci ilin dekabrında prokurorluq bir illik araşdırmadan sonra Gülalıyevi müayinə və müalicə edən həkimlərin təqsirsiz olduqları qənaətinə gəlib.
Fəalın ailəsi bu qərardan məhkəməyə şikayət edib. Aprelin 14-də Nəsimi rayon Məhkəməsi şikayətə baxdıqdan sonra prokurorluğun qərarını ləğv edib.
Məhkəmə hesab edib ki, prokurorluq kifayət qədər araşdırma aparmayıb. Həkimlərin məsuliyyətini yenidən araşdırmaq üçün materiallar Nəsimi Rayon Prokurorluğuna göndərilib.
Amma adıçəkilən qurum həkimlərə qarşı cinayət işini yenidən başlamaqdan imtina edib.
Bu barədə müstəntiq Yaqub Məmmədovun imzası ilə Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyevaya göndərilmiş məktubda deyilir.
Məktubda həkimlərin hərəkətlərində "səhlənkarlıq" əlamətləri tapılmadığı qeyd olunur.
Prokurorluq məhkəmə-tibbi ekspertizasının rəyinə istinadən hesab edir ki, "cərrahiyyə əməliyyatından əvvəl müayinələr tam həcmdə aparılıb", "texniki və taktiki baxımdan cərrahiyyə əməliyyatı düzgün, klinik protokola uyğun yerinə yetirilib" və "intensiv reanimasiya tədbirləri xəstənin faktiki vəziyyətinə uyğun olub".
Apellyasiya şikayəti veriləcək
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva AzadlıqRadiosuna bildirir ki, həkimlər vaxtında və keyfiyyətli tibbi yardım göstərmədikləri üçün Oqtay Gülalıyev komaya düşüb.
"Qəzadan sonra Oqtay Şəhər Klinik Mərkəzinə aparılanda şüuru yerində və nitqi normal olub. Həmin zaman onun beynində əmələ gələn hematoma 3 millimetr qalınlığında olub".
Onun dediyinə görə, səhərə yaxın vəziyyət dəyişib: "Hematoma 80 millimetrə qədər genişlənib, Oqtay komaya düşüb, çünki bütün bu müddətdə “Baku City Hospital”ın həkimləri fəaliyyətsiz olublar. Yalnız Səhiyyə Nazirliyinin müdaxiləsindən sonra bu klinikaya Neyrocərrahiyyə Mərkəzinin mütəxəssisləri göndərilib və onlar qəzadan təxminən bir gün sonra əməliyyat ediblər".
Gülalıyevin xanımı ailənin prokurorluğun qərarından apellyasiya şikayəti verəcəyini söyləyir.
Hüquq müdafiəçisinin vəziyyətinə gəlincə, o, hələ də komadadır.
“Oqtay sağalırdı, hər şeyi eşidirdi, başa düşürdü, başı ilə işarələr verirdi. Amma bir il öncə ona yeni qida borusu qoyulanda həkimlər infeksiya saldılar və vəziyyəti kəskin şəkildə pisləşdi. Beləliklə, əvvəlki müalicə puç oldu”- xanımı danışır.
Hüquq müdafiəçisinin komaya düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi 2019-cu il oktyabrın 29-da baş verib. Hadisəni törətməkdə suçlanan Kənan Abdullayev CM-in 263.1-1 (yol hərəkəti qaydalarının pozulması, zərərçəkmişə ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 3 ay cəza verilib.