Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

Oktay Gülaliyev: 'Mənə xəbərdarlıq etdilər ki, yazılarını izləyirik, nəzarətdəsən…'


Oktay Gülalıyev
Oktay Gülalıyev

“Bu gün, fevralın 5-də məni Daxili İşlər Nazirliyinə (DİN) çağırdlar, getdim”.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oktay Gülalıyev bunu AzadlıqRadiosuna deyib.

Onun sözlərinə görə, DİN-in idarə rəisi Oqtay Kərimovla görüşüb. “Əsas müzakirə mənim işgəncələrlə bağlı yazılarım ətrafında oldu. Bundan əlavə, vaxtilə Kür daşqınları, ölkənin şimal rayonlarında baş vermiş zəlzələdən ziyan çəkənlər barədə yazdıqlarımı, siyasi məhbuslarla bağlı arayışları, hesabatları xatırlatdılar” deyə hüquq müdafiəçisi qeyd edib.

Oktay Gülalıyev deyir ki, bəzi yazılarını polisi gözdən salmaq, dövlətə qarşı çıxmaq kimi dəyərləndiriblər: “Mənə dedilər ki, yazırsan ki, Azərbaycanda işgəncə laboratoriyaları var, haradadır o laboratoriyalar? Mən də son zamanlar məhkəmələrdə işgəncələrlə bağlı deyilənləri nəzərlərinə çatdırdım”.

Oktay Gülalıyevin sözlərinə görə, orada xəbərdarlıq da alıb: “Mənə xəbərdarlıq etdilər ki, sənin yazılarını izləyirik, nəzarətdəsən, lazım olsa yenə əlaqə saxlayacağıq və çağıracağıq”- deyə hüquq müdafiəçisi qeyd edib.

Oktay Gülalıyev idarə rəisi ilə söhbətinin 2 saatdan çox davam etdiyini bildirib.

Ancaq onun bu dediklərinə, hələlik, nə Oqtay Kərimovdan, nə də nazirlikdən münasibət almaq mümkün olub.

***

Bundan əvvəl verilən xəbərlrədə deyilirdi ki, Siyasi Məhbusların Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oktay Gülalıyevin bu gün, fevralın 5-də Daxili İşlər Nazirliyinə (DİN) çağırılıb.

Hüquq müdafiəçisinin həmkarlarının dediyinə görə, o, saat 17-də DİN-ə gedib və hələ qayıtmayıb.

Həmkarları hesab edirlər ki, rəsmi çağırılma, SMMM-in bu yaxınlarda işgəncələrlə bağlı hesabat dərc etməsinə görə, ola bilər.

Bundan başqa, Oktay Gülalıyev fevralın 4-də hüquq müdafiəçilərinin 2018-ci il iyulun 25-də güc orqanlarının Gəncə hadisələri ilə əlaqədar keçirdikləri xüsusi əməliyyat zamanı öldürüldüyü bildirilən Ağa Sərxaninin yaxınları ilə görüşü haqqında məlumat yaymışdı.

Orada mərhumun yaxınlarına istinadən vurğulanırdı ki, Ağa Sərxaninin cəsədi yeddi aydır ki, ailəsinə verilmir.

Oktay Gülalıyev qeyd edirdi ki, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qəsd zamanı Ağa Sərxaninin ümumiyyətlə Azərbaycanda olmadığı bildirilir.

Hüquq müdafiəçisi habelə, öldürülən şəxsin həyat yoldaşına istinadla vurğulayırdı ki, Ağa Sərxani, hüquq-mühafizə orqanlarının (DİN və Dövlət Təhlükəsizlik Xidməti) məlumatında iddia olunduğuna baxmayaraq, heç vaxt Suriyada olmayıb.

Oktay Gülaliyev həmçinin bildirirdi ki, ərinin cəsədinin təhvil verilməsinə nail olmağa çalışan AğaSərxaninin həyat yoldaşı ondan imtina etməsindən ötrü təzyiqlə üzləşdiyini qeyd edib .

Bu açıqlamaya, hələlik, ölkənin sözü gedən hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl hüquq mühafizə orqanlarının A. Sərxani ilə bağlı açıqlamaları olub.

Ağa Sərxanı haqqında rəsmilər nə deyirdi?

AZƏRTAC-ın hüquq-mühafizə orqanlarına istinadən ötən il iyulun 25-də yaydığı məlumata görə, “Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı Yunis Səfərovla birlikdə sui-qəsd törətmək planlarını hazırlamış şəxslərdən daha biri öldürülüb”.

Məlumatda bildirilirdi ki, öldürülən şəxs Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxanidir. Onun Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adamöldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri üzrə axtarışda olduğu deyilirdi.

“Sərxani Ağa Hüseyn oğlu silahı müqavimət göstərdiyinə görə “Aslanlar” qrupu tərəfindən öldürülüb”, - məlumatda iddia olunurdu.

Rəsmi məlumata görə, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, İrana səfərlər edib.

Gəncədə nə baş vermişdi?

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yünis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, açıqlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Hüquq-mühafizə orqanları bu hadisə ilə bağlı indiyədək 70-dək şəxsin həbs edildiyini, 11 nəfərin axtarışda olduğunu açıqlayıb.

Axtarışda olan bəzi şəxslərin silahlı müqavimət göstərərkən öldürüldüyü haqqında məlumatlar yayılıb (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Xatırlatma

Hüquq müdafiəçisi Oktay Gülalıyev bundan əvvəl də bir neçə dəfə DİN-ə çağırılıb. Üstəlik, O, əvvəllər həbsdə də olub.

Oktay Gülaliyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası alıb. Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb.

Sabirabad Rayon Məhkəməsi Oktay Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. O İyunun 13-də azadlığa buraxılıb. Oktay Gülalıyevin bildirməsinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG