Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:56

Oqtay Gülalıyevin maşınla vurulmasına fərqli yanaşmalar


Oqtay Gülalıyev, arxiv fotosu

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oktyabrın 29-da axşam piyada keçidində avtomobillə vurulmasını təhlilçilər, sosial media istifadəçiləri müxtəlif cür yozurlar. Bunu hakimiyyətin vətəndaş cəmiyyətinə təzyiqləri fonunda bir «sui-qəsd cəhdi» kimi dəyərləndirənlər də, sırf yol-nəqliyyat hadisəsi sayanlar da. Bu arada AXCP sədri Əli Kərimlinin təhdid olunması iddiaları Milli Şuranın 2 noyabr mitinqi öncəsi ölkədə ictimai ab-havanı daha da gərginləşdirib.

Oqtay Gülayevin xəstəxanada görüntüsü
Oqtay Gülayevin xəstəxanada görüntüsü


«Oqtay Gülalıyevin vurulması qəsddir və təəssüflə deyirəm ki, çox güman, bu, sonuncu qəsd olmayacaq», – «Turan» xəbər agentliyinin redaktoru, siyasi şərhçi Şahin Hacıyev AzadlıqRadiosuna açıqlamasında hüquq müdafiəçisinin avtomobillə vurulmasını şərh edərkən belə deyir.

«Oqtayın və Əli Kərimlinin təhdid edilməsi təbii ki, təsadüf deyil», - söyləyən şərhçi bunu təzyiq forması sayır: «Müəyyən qüvvələr hər dəfə təzyiq formalarını, ingiliscə desək, «update» edirlər (yeniləyirlər –red.). Bəzən də ənənədən istifadə edərək primitiv şəkildə təzyiq, təhqir göstərirlər. Amma Oqtay Gülalıyevin məsələsi daha ciddi və daha həyasız hərəkətdir. Məqsəd də aydındır: ağızları yumaq, tənqidləri dayandırmaq, kütləvi proseslərin qarşısını almaq».

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevin vəziyyəti ağırdır. Səhiyyə Nazirliyi onun müalicə və müayinəsinin nəzarət altında olduğunu bildirir. Daxili İşlər Nazirliyi isə bəyan edib ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hüquq müdafiəçisinin vurulduğu anın görüntüsü sosial mediada yayılıb və onu izləyənlərin çoxu bunu «sui-qəsd» kimi dəyərləndirməkdədir. Onun oğlu Əli Gülalıyev də yaydığı müraciətində həmin ehtimala toxunub.

«Əli Kərimli bizə müraciət etsin araşdıraq»

Bir qədər öncə isə özünü «Milli Fədailər Hərəkatı»nın lideri kimi təqdim edən Fuad Muradov adlı şəxsin AXCP sədri Əli Kərimlini təhdid etdiyi bildirilir. Bu təhdidlə bağlı Milli Şuranın üzvü Gültəkin Hacıbəyli sosial mediada məlumat yayıb.

İddialara görə, F.Muradov Kərimliyə və Hacıbəyliyə zəng edərək bildirib ki, «qanunsuz mitinq çağırışı edilsə», onlar da «qanunsuz çağırış edib» adekvat cavab verəcəklər. F.Muradov elə bu təhdidi səsləndirdiyi söhbətin səs yazısını Facebook səhifəsində paylaşıb.

AXCP sədri AzadlıqRadiosuna ona açıq nömrələrdən təhdidlər gəldiyini bildirir. O, bununla bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verdiyini söyləyir. Ancaq nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AzadlıqRadiosunun əməkdaşına «Qoy Əli Kərimli bizə müraciət etsin araşdıraq», - deyə cavab verir.

«19 oktyabrda baş verənlərdən və mənim polis tərəfindən ağır işgəncələrə məruz qalmağımdan sonra açıq nömrələrdən hədələrin yönəldilməsi o deməkdir ki, məni şəxsən Azərbaycan dövləti ölümlə hədələyir. Bu haqda 102-yə məlumat verilib, heç bir reaksiya verilmir. Çünki bu, dövlət səviyyəsindədir», – Ə.Kərimli belə düşünür. Onun sözlərinə görə, uzun müddətdir işgəncələrə qarşı kampaniyanın önündə gedən, Tərtər, Gəncə, Nardaran işlərini araşdıran hüquq müdafiəçisi də müəmmalı şəkildə vurulub və «onun həyatına görə məsuliyyəti rejim daşıyır».

Araşdırmaçı-jurnalist Xədicə İsmayıl da qəza anı əks olunan görüntülərin çox böyük şübhələr yaratdığını düşünür. O, O.Gülalıyevlə bağlı araşdırmanı istintaqın aparmalı olduğunu, amma istintaqın yerli-yataqlı araşdırma aparacağına inanmadığını söyləyir.

A.Rəşidoğlu
A.Rəşidoğlu

Hakimiyyətə tövsiyələr

AzadlıqRadiosunun müsahibə aldığı siyasi şərhçilər də hüquq müdafiəçisinin vurulması və AXCP sədrinin təhdid edilməsinin təsadüf olmadığı, bunun arxasında siyasi hakimiyyətin dayandığı qənaətindədirlər.

«Tolerant» sosial araşdırmalar mərkəzinin rəhbəri Azər Rəşidoğlu da, Şahin Hacıyev kimi, vəziyyətin təhlilinin sui-qəsdlərin, ölüm hadisələrinin olma ehtimalını istisna etmədiyini bildirir. Onun sözlərinə görə, bunu Azərbaycanda olan qruplaşmalar da edə bilər, xarici qüvvələrə bağlı dairələr də. Təhlilçi güman edir ki, ölkədə vəziyyət çox gərgindir və «hadisələr elə bir nöqtəyə çatar ki, nə iqtidar ona nəzarət edə bilər, nə də müxalifət». Hətta o tamam kənar oyunçuların vəziyyəti nəzarətə götürə biləcəyini də istisna etmir. O, baş verə biləcək kataklizmlərin qarşısını almaq üçün hakimiyyətin danışıqlara getməli, vəziyyətin kəskinləşməsinin qarşısını almalı olduğunu düşünür: «Gülalıyevin vəziyyəti kritikdir və bu ölümlə sonuclanan hadisə olarsa, cəmiyyət üçün müsbət heç nə vəd etmir, o cümlədən də hakimiyyət üçün. Tanınmış siyasi liderlərdən hansınasa sui-qəsd olarsa, Əli Kərimliyə qarşı təhdidlər ölümlə nəticələnərsə, bunun qarşısını almaq son dərəcə çətin olacaq. Ona görə iqtidar əsas söz sahibi olduğundan dialoqa başlamalıdır, kompromis variant tapmalıdır, müxalifət icazəsiz aksiyadan imtina etməlidir, onun «Məhsul» stadionunda keçirilməsinə icazə verilməlidir. İqtidar növbəti dəfə zor diliylə danışmağa başlasa, ölkənin taleyi heç də yaxşı sonluqla bitməyəcək».

«Sui -qəsd düzənləmək mümkün deyil»

AzadlıqRadiosu hakimiyyət təmsilçilərindən bu deyilənlərə münasibət almağa çalışır.

Daim çıxışlarında ölkə prezidentini dəstəklədiyini bildirən jurnalist Taleh Şahsuvarlı isə Facebook səhifəsində bu dünyada heç kimin heç bir qəzadan sığortalanmadığını yazır, bu məsələdən «komplo teorisi» düzəldənlərə ilk növbədə hadisə yerinə baş çəkmələrini tövsiyə edir: «Bakıda bir çox yol var ki, orada bu cür qəzaların baş verməsi yox, verməməsi təəccüblüdür. Hər gün minlərlə insan bu təhlükə ilə üz-üzədir. Məsələn, Ayna Sultanova heykəlindən Gəncliyə sarı gəlib, keçmiş Karl Marks istiqamətinə, «Gənclik»dən Ayna Sultanovaya tərəf gəlib sağa Koroğlu istiqamətinə, Hüseyn Cavid prospektindən gəlib Mətbuat prospektinə sağa çıxanda, bir neçə yerdə, Nərimanovdan Montinə dönən kimi... Bu yerlərin bəzilərində işıqfor var, bəzilərində heç yoxdur. Oqtayla bağlı məsələdə olay yerini bilməsəm də, görüntülərdən eyni vəziyyət aydın görünür. Bir istiqamətdə işıqfor yanıb, maşınların hərəkəti dayanıb, piyada keçidi başlayıb. Çəp yoldan sağa (sola) dönüş isə açıqdır, maşın dönən kimi piyada keçidi ilə rastlaşır, yol verməlidir, amma dərhal saxlayıb yol verə bilmir... Bu cür yerdə bəzilərinin iddia etdiyi sayaq sui -qəsd düzənləmək isə, sadəcə, mümkün deyil, çünki çəp yolda olanda piyada keçidi görünmür, zamanlamanı ayarlamaq heç mümkün deyil», – jurnalist vurğulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG