Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Hüquq müdafiəçisinin xəstəxanası dəyişdirilir-YENİLƏNİR


3 noyabr 2019

“Oqtay Gülalıyevin hazırkı vəziyyətində nə geriləmə var, nə də irəliləyiş. O, hələ də komadadır”.

Bu açıqlamanı AzadliqRadiosuna bu gün, noyabrın 3-də Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib.

Firuzə Gülalıyevanın qeyd etməsinə görə, noyabrın 3-də həkim Arif Xasıyev-lə danışıb:

“Arif həkim dedi ki, əllərindən gələni edirlər, hələlik, xüsusi dəyişiklik yoxdur, Oqtay bəy komadadır”.

***

2 noyabr 2019

F.Gülaliyeva: “ Oktayın vəziyyət hələ ki, ağır olaraq qalır”

“Hazırda, Oktayın sağlıq durumu çox ağırdır və həkimlərin deməsinə görə, birinci dərəcəli koma vəziyyətindədir”.

Bunu Azadlıq Radiosuna müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam edən hüquq müdafiəçisi Oktay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, Neyrocərrahiyyə Xəstəxanasında həkimlər əllərindən gələni əsirgəmirlər, amma ərinin vəziyyət, hələlik, ağır olaraq qalır.

***

Hüquq müdafiəçisinin xəstəxanası dəyişdirilir

Bu gün, noyabrın 1-də hüquq müdafiəçisi Oqtay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.

Bu barədə AzadlıqRadiosuna O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib. «İndi yola düşdük. Oqtayı Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparırıq», - F.Gülalıyeva bildirib.

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi O.Gülalıyevi avtomobil vurub.

Hüquq müdafiəçisi əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan «City Hospital»a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

O.Gülalıyevi başqa klinikaya keçirmək istəyirlər

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi onu müalicə aldığı klinikadan başqa bir klinikaya yerləşdirməyi nəzərdə tutur.

Bu barədə AzadliqRadiosuna O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Hüquq müdafiəçisinin xanımı vurğulayıb ki, bunu O.Gülalıyevin sağlıq durum tələb edir: «Dünən, yəni oktyabrın 31-də həm Oqtayı əməliyyat edən həkim Neyrocərrahiyyə Klinikasından gəldi, həm də biz həkim dəvət etdik ki, onun durumu ilə bağlı məlumat versinlər. Onların deməsinə görə, O.Gülalıyevin 21 gündən tez komadan ayılması gözlənilmir. Həkimlər bunu onun əməliyyata çox gec alınması ilə izah ediblər. Həkimlər deyir ki, həyatı hər an təhlükədədir. Əməliyyatın 3-cü, 7-ci günləri xəstə üçün kritik günlər sayılır. Həkimlərə görə, indi əsas vəzifə beyinə yenidən qan sızması ehtimalının qarşısını almaqdır».

F.Gülalıyeva deyib ki, O.Gülalıyevin yanında gecə-gündüz bir neyroloq və nevropatoloq olması lazımdır: ««City Hospital» bu imkana malik olmadığı üçün biz O.Gülalıyevi Neyrocərrahiyyə Klinikasına yerləşdirmək istəyirik. Əgər O.Gülalıyevin indiki sağlıq durumuna uyğun qaydalarla aparmaq mümkün olacaqsa, bu gün, noyabrın 1-də onu Neyrocərrahiyyə Klinikasına yerləşdirməyi düşünürük».

O Gülalıyevin xanımının bu açıqlamasına Səhiyyə Nazirliyi və «City Hospital»dan münasibət almaq mümkün olmayıb.

Oktay Gülalıyevin son durumu necədir?
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Xanımı: 'Oqtay hələ ki, komadadır'

«Oqtay Gülalıyev hazırda koma vəziyyətindədir, ağır durumda qalır, həkimlərin deməsinə görə, üç günə ayılarsa, ayılar, yoxsa...».

Bunu AzadlıqRadiosuna «City Hospital»da beyin əməliyyatı keçirən hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib.

F.Gülalıyeva deyib ki, O.Gülalıyevin dünən, oktyabrın 30-u günorta saatlarında gerçəkləşən əməliyyatı bir xeyli gecikdirilib: «Oqtay hələ oktyabrın 29-u yol qəzasından sonra 1 saylı Şəhər Kliniki Tibb Mərkəzinə gətiriləndə koma vəziyyətində olub. Növbətçi həkimlə əlaqə saxlayanda mənə deyir ki, «Oqtay dərin yuxuya gedib». Deyirəm, bu nə deməkdir, dərin yuxu nədir? Koma vəziyyətini deyirmişlər. Hələ Kliniki Tibbi Mərkəzdə növbətçi həkimdən hər iki saatdan bir məlumat aldıqda, həkim deyirdi ki, Oqtayın hissiyyatı yoxdur, sol tərəfi işləmir».

F.Gülalıyeva narazılıq edib ki, əməliyyat daha tez keçirilməli idi: «Biz Oqtayı «City Hospital»a gətirdik ki, vəziyyətinin yaxşılaşmasına müdaxilə sürətlənsin. Amma əksinə, özəl klinikada əməliyyata çox gec götürdülər».

Onun sözlərinə görə, həkimlər koma vəziyyətinin 3 gündən 15 günə kimi çəkə biləcəyini deyirlər: «Həkimlərin sözlərinə görə, ən aşağısı bir ay Oqtayda hissiyyat olmayacaq, yəni, yemək, qida qəbul edə bilməyəcək, insanları tanıya bilməsi kimi problem yaşayacaq. Hələ ki, Oqtay reanimasiyayadır».

F.Gülalıyevin bu açıqlamasına «City Hospital» və Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma nazirliyin dünən, oktyabrın 30-da hospitala istinadən yaydığı məlumatda əməliyyatın gecikdirilməsinə səbəb kimi ailə göstərilirdi.

Səhiyyə Nazirliyinin bu gün, oktyabrın 31-də yaydığı açıqlamada isə qeyd edilir ki, «City Hospital»dan onlara verilən məlumata görə, O.Gülalıyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur. Müalicəsi reanimasiya şöbəsində davam edir.

30.10.2019

Oqtay Gülalıyevin əməliyyatı başa çatıb

Oqtay Gülalıyevin əməliyyatı başa çatıb.

Bu barədə jurnalistlərə həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, əməliyyat, hələlik, uğurlu keçib. «Birazdan reanimasiyaya köçürüləcək», - o qeyd edib.

Oqtay Gülalıyev əməliyyat olunur

«City Hospital»dan verilən məlumata görə, hazırda hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyat olunur.

Səhiyyə Nazirliyinin məlumatına görə, O.Gülalıyevin ailəsi əvvəlcə əməliyyatla bağlı tərəddüdlər edib.

«Səhiyyə Nazirliyi «City Hospital»a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hal-hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək», - nazirlikdən qeyd edilir.

O.Gülalıyevin yaxınları isə Səhiyyə Nazirliyinin açıqlaması ilə razı deyillər. Onlar qeyd edirlər ki, əməliyyatın vacibliyi onlara gec deyilib: «Biz cəmi 10 dəqiqə məsləhətləşdik. Amma MRT-dən (Maqnit rezonans tomoqrafiya) keçirilməsi 5 saat gecikdirildi».

Oqtay Gülalıyevin vurulması ilə bağlı cinayət işi açılıb

Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi «Hyundai Accent» markalı avtomobillə yolu keçən piyada Oqtay Gülalıyev vurulub:

Hospitalda
Hospitalda

«Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Gülalıyev oradan «City Hospital»a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü K.Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib».

DİN habelə bildirib ki, faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və… idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bu maddə ilə sürücü təqsirli sayılarsa, ona 2 ilədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 min manatdan 7 min manatadək cərimə, yaxud 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək həbs cəzası verilə bilər.

Mitinqdən sonra "İşgəncələrə son" kampaniyası başladılır
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Oqtay Gülalıyev əməliyyat oluna bilər

Oqtay Gülaliyevin xanımı Firuzə Gülalıyevanın AzadlıqRadiosuna deməsinə görə, hospitalın həkimləri təcili əməliyyatın keçirilməsini vacib sayırlar. Ailəsi indi bu məsələ üzərində düşünür…

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, O.Gülalıyevin müalicəsi və aparılan müayinələr onların nəzarəti altındadır.

Xanımı: «Oqtay bəyə süni nəfəs verəcəklər…»

Oktyabrın 29-da avtomobil qəzası nəticəsində xəstəxanaya yerləşdirilən hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçinin xanımı Firuzə Gülalıyeva məlumat verib. O bildirib ki, həkimlərin sözlərinə görə, onun beyninə qansızma genişlənib, sol tərəfi işləmir. «Oqtay bəyə süni nəfəs verəcəklər, çünki özü nəfəs ala bilmir. Vəziyyət çox kritikdir. MRT-dən keçiriləndən sonra daha dəqiq bilinəcək», - Gülalıyeva bildirib.

«Turan» agentliyinin xəbərinə görə isə, Səhiyyə Nazirliyindən onlara bildiriblər ki, oktyabrın 29-da 1 saylı Klinik Xəstəxanasına çatdırılan O.Gülalıyevə ilkin diaqnoz kimi kəllə sümüyünün sınığı və beyin zədələnməsi qoyulub: «Lakin dünən axşam, oktyabrın 29-da Gülalıyevin qohumların xahişi ilə o, özəl klinikaya aparıldığına görə onun indiki vəziyyəti barədə nəsə deyə bilmərik».

O.Gülalıyevin hazırda müalicə aldığı «City Hospital»dan isə bildiriblər ki, reanimasiyada olan pasiyentlər barədə məlumatı yalnız baş həkim verir: «Bir qədər sonra zəng vurub ondan soruşa bilərsiniz».

Hüquq müdafiəçisi özəl klinikaya yerləşdirilib

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-dan 30-na keçən gecə 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzdən özəl klinikalardan birinə köçürülüb.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin yaxınları məlumat verib.

Onların deməsinə görə, O.Gülalıyev kəllə-beyin xəsarəti alıb.

Yaxınları bildirib ki, klinik mərkəzin həkimləri hüquq müdafiəçisinin sağlıq durumu barədə, hələlik, açıqlama verməyiblər.

Oqtay Gulaliyevi maşın vurub

Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə görə, hadisə Gülalıyev yolu keçərkən baş verib. Onların vurğulamasına görə, qəza baş verəndən sonra avtomobil sürücüsünün özü onu xəstəxanaya çatdırıb.

Yaxınlarının AzadlıqRadiosuna verdikləri məlumata görə, hüquq müdafiəçisi 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. "MRT-dən keçirilib, həkimlərin sözlərinə görə, başından xəsarət alıb. Müayinələr davam etdirilir. Hazırda həkimlərin nəzarətindədir", yaxınları deyib.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

Bu gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitə “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

O, oktyabrın 29-da bu hadisədən öncə AzadlıqRadiosuna demişdi ki, son illər Azərbaycanda işgəncə halları ilə bağlı şikayətlər artıb:

“İşgəncələrin polis təcridxanalarında, saxlanma yerlərində, hətta hərbi bölmələrdə baş verdiyi bildirilir. Bizim bu kampaniyanın məqsədi işgəncə siyasətinə etiraz etməkdir” - deyə o qeyd etmişdi.

Hüquq müdafiəçisinin sözlərinə görə, kampaniya çərçivəsində bir sıra tədbirlər görüləcək.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.

Xatırlatma

Oqtay Gülaliyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası almışdı.

Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılmışdı.

Sabirabad Rayon Məhkəməsi Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. İyunun 13-də isə azadlığa buraxılıb. Oqtay Gülalıyevin dediyinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG