Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 05:06

Türkiyədən Azərbaycana onlayn narkotik satışı


İllüstrasiya
İllüstrasiya

“Narkotik istədim, dedi, pulu hesaba köçürüm. “Nərimanov”da “Nənəmin təndiri”nin yanındakı “Milliön” aparatında pulunu deyilən hesaba ödədim. Mənə ünvan verdi, gedib ora yaxın binadakı blokdan qaz sayğacının içindən götürdüm. Gəlib maşında narkotikdən istifadə eləyəndə polislər məni tutdular”. Bunlar Rafiq Yusifzadənin məhkəmədə söylədiklərindəndir. O, onlayn qaydada narkotik satışında ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Rafiq Yusifzadə müttəhimlər kürsüsündə tək deyil. Daha üç nəfər - Məhəmməd Əlizadə, Tural Əlizadə və Samir Zeynalov da onunla birlikdə mühakimə olunur.

Yanvarın 4-də məhkəmədə prokuror ittiham aktını elan edəndə dörd nəfər özlərini qismən təqsirli bilib. Deyiblər ki, onlar narkotik istifadəçisi olsalar da, onun satışı ilə məşğul olmayıblar.

“Narkotik istifadəçisi olmuşam. Amma nə satışı ilə məşğul olmuşam, nə də hansısa şəbəkə ilə əlaqəm olub. “Avrora” şirkətində malpaylayan işləmişəm. Məhəmmədlə dost olduğuma görə onunla tez-tez görüşmüşəm. Birlikdə də narkotik qəbul etmişik”, – Tural Əlizadə ifadəsində belə deyib.

“Həmin “Baba”nı şəhərdə hamı tanıyır”

Polis idarəsində döyüldüyünü və ilkin ifadəyə də təzyiq altında imza atdığını deyən Tural Əlizadə bu səbəbdən həmin ifadəni təsdiqləməyib. O deyib ki, narkotiki də “Baba” ləqəbli şəxsdən, pulunu onlayn qaydada köçürməklə alırdılar:

“Həmin “Baba”nı şəhərdə hamı tanıyır. Özü Türkiyədə yaşayır. Onunla danışırdıq, bizə hesab nömrəsi deyirdi. “Milliön” ödəmə aparatı vasitəsilə pulu onun dediyi hesaba köçürürdük. Aparatdan çıxan qəbzin şəklini çəkib ona göndərirdim. Yarım saat ərzində bizə yer deyirdi, gedib oradan narkotiki götürürdük”.

Digər təqsirləndirilən Rafiq Yusifzadə də narkotikin satışı ilə məşğul olmadığını, ondan istifadə etdiyini söyləyib. “Baba” ilə eyni məktəbdə təhsil aldığını deyən Rafiq Yusifzadə bildirib ki, özü taksi sürücüsüdür. O da “Milliön” vasitəsilə pul ödəyib, narkotiki deyilən yerdən gedib götürürdü.

“Mən “Baba”nı 2-3 ildir tanıyıram, qonşumun əsgərlik yoldaşı olub. “Baba” satışı ancaq hesabla həll edirdi. Mən də dəfələrlə onun hesabına pul yükləyib narkotik almışam”, – deyən Samir Zeynalov “Baba” ilə Türkiyədə görüşdüyünü də əlavə edib.

Onlayn narkotik satışı ilə bağlı məhkəmə yanvarın 11-də davam edəcək.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Masazır qəsəbəsində saxlanılıblar. Onlardan ümumilikdə 2 büküm sintetik kannabinoidlərə aid narkotik vasitə olan “Spays”, 2 büküm psixotrop maddə “Metamfetamin” və 4 ədəd 300 milliqramlıq güclü təsiredici “Lyrica” kapsulları aşkar olunub.

Araşdırma zamanı məlum olub ki, narkotik və psixotrop maddələrin satışını xaricdə yaşayan və “Baba” kimi tanınan şəxs təşkil edir. O, narkotik maddələri satmaq üçün şəbəkə yaradıb. Müxtəlif onlayn alış-veriş saytlarında qeydiyyatdan keçərək, əsasən gənclərə psixotrop tərkibli dərman və narkotik vasitələri almağı təklif edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG