Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:39

Vergilər nazirliyi indi də onlayn alış-verişə əl qoyur


Onlayn alver
Onlayn alver

Vergilər Nazirliyinin yeni ƏDV-si gəlir

“Amazon”, “E-bay”, “Alibaba”, o cümlədən, digər xarici saytlarda internet üzərindən alış-veriş aparan Azərbaycan vətəndaşları indən belə dövlətə vergi ödəməli ola bilər.

Vergilər Nazirliyi elektron ticarəti vergiyə cəlb etməyə hazırlaşır. Daha doğrusu, nazirlik artıq öz təkliflərini parlamentə göndərib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosu-na deyirlər ki, “Elektron ticarət haqqında” qanunda dəyişikliklər haqqında sənəd hazırlanıb.

Buna da bax:​ Azərbaycanda online alış-veriş niyə belə zəifdir?

“Vergi orqanlarında uçotda olmayan şəxslər”

Bu sənəddə elektron ticarətlə alış-veriş edənlərin Əlavə Dəyər Vergisi (ƏDV) ödəməsi nəzərdə tutulur. Nazirliyin mətbuat xidməti mexanizmlərin, hələ hazır olmadığını, detalların yaxınlarda bilinəcəyini bildirir: “Layihəyə iş və xidmətlərin elektron ticarət qaydasında təqdim edilməsinə, elektron qaydada təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsinə dair müddəa daxil edilib. Buna əsasən, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən, yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir”.

Buna da bax:​ Uşaqlar internetdə nə axtarır

“Vergi orqanlarında uçotda olmayan şəxslər” deyərkən, sadə vətəndaşlar nəzərdə tutulur. Vergi məsələləri eksperti Rəşad Əliyev AzadlıqRadiosu-na yeni vergi təklifini şərh edərkən belə deyir. Onun sözlərinə görə, Azərbaycanda xarici şirkətlərdən mal və xidmət əldə edən adi insanlar həm də aldıqları mala görə dövlət büdcəsinə ƏDV ödəyəcəklər: “Onlayn ödəniş edərkən bank bu kartdan həmin ƏDV-ni tutub büdcəyə yönəldəcək”.

Rəşad Əliyev deyir ki, xaricdən gətirilən malı ölkədə satan şirkət ƏDV ödəyicisi olduğu halda, elektron ticarət vasitəsilə həmin şirkətdən mal alan adam ƏDV ödəmir və deməli, malı daha ucuz əldə edir. Bununla da rəqabət balansı pozulur. Onun fikrincə, bu addım daxili bazarın qorunmasına yönəlib.

Buna da bax:​ Devalvasiyadan sonra ev əşyalarını satanlar artıb

“ƏDV onlayn pullu xidmətlərə də aid edilə bilər”

Elektron ticarətə alış-verişlə yanaşı, xidmətlər də daxildir. İnternetdə elə xidmətlər var ki, elektron şəkildə ödəniş edib həmin xidmətdən yararlanmaq olar. Məsələn, xarici aviaşirkətdən bilet almaq, internet ödənişi vasitəsilə dil öyrənmək, hansısa kursları keçmək mümkündür. Vətəndaş xarici getdiyi halda qalacağı otelin pulunu da elektron şəkildə ödəyə bilir. Digər tərəfdən, bəzi bənzər xidmətlər Azərbaycanda ƏDV-yə cəlb olunmadığı halda (həmin xidməti sadələşdirilmiş vergi ödəyicisi göstərir), xaricdən alınan xidmətə görə niyə ƏDV ödənilsin? Vergilər Nazirliyinin təklifində “mal və xidmətlər” nəzərdə tutulub və təsnifat aparılmır.

Rəşad Əliyevin fikrincə, xaricdə göstərilən xidmətə ƏDV tutulmamalıdır: “Məsələn, əgər otel sifariş edib pulunu elektron ödəyirsinizsə, bu vəsaitdən ƏDV tutula bilməz, çünki həmin xidmət sizə xarici ölkədə göstərilir”.

Buna da bax:​ Təmizlikçi büdcəyə keçirməyə 10 manat tapa biləcəkmi?

Ekspert dəqiq mexanizmlər müəyyənləşdirilməsini və bunun işləmə mexanizminin ictimaiyyətə açıqlanmasını zəruri sayır.

“Kasıb ucuz mal almağa yer tapmışdı”

Uzun illərdir ki, özünə və yaxınlarına gərəkli bəzi malları elektron ticarət vasitəsilə alan Bakı sakini Rasim Məmmədov deyir ki, bu qərar ölkədə elektron ticarətə marağı azaldacaq: “Tanıdığım adamlar arasında sifarişlə Dubaydan telefon alanlar var, xeyli ucuzdur burdan. Elələri də var ki, gərəkli avadanlığı elektron ticarət yoluyla alır. Məsələn, maşın diaqnostikasıyla məşğul olan adamlar”.

Buna da bax:​ Vergi Məcəlləsinə məhdudlaşdırıcı təklif

Azərbaycandan onlayn sifarişlərin elə də çox olmadığını və bu üzdən büdcəyə ciddi vəsait daxil olmayacağını düşünən Rasim Məmmədovun fikrincə, sadəcə, insanların sifarişvermə həvəsi və marağı azalacaq: “Kasıb camaat yolunu tapıb bir az ucuz mal alırdı, daha bunu da ala bilməyəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG