Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:23

Ombudsman dollar kreditlərindən danışır


Elmira Süleymanova
Elmira Süleymanova

►Elmira Süleymanova bildirib ki, 2015-ci ilin fevral və dekabrnda manatın devalvasiyasından sonra banklardan dollarla kredit götürmüş şəxslərdən çoxsaylı şikayətlər alıblar.

Hüquq müdafiəçisi: “Ombudsmanın öz fəaliyyəti qənaətbəxşdirmi ki, hesabat da adekvat olsun?”

Deputat: “Ombudsman Aparatı artıq şikayətlərin statistikasını gizlətmir”

“Ombudsmanın özünün fəaliyyəti qənaətbəxşdirmi ki, hesabatı da ölkədəki reallığı əks etdirsin?”

Bunu “Siyasi Məhbuslarsız Azərbaycan” qeyri-hökumət təşkilatının koordinatoru və Milli Şuranın üzvü Oqtay Gülalıyev Ombudsman Elmira Süleymanovanın Milli Məclisdə verdiyi hesabatını şərh edərkən deyir. Onun fikrincə, hesabat Ombudsman Aparatının fəaliyyətinin nəticəsidir və hesabatdan çox İnsan Haqları üzrə Müvəkkilin və ya onun aparatının effektiv olub-olmadığını təhlil etmək lazımdır.

Oqtay Gülalıyev hesab edir ki, əgər ölkədə “insan haqları sahəsində vəziyyət yaxşı deyilsə, 100-ə yaxın siyasi məhbus varsa, vətəndaş cəmiyyəti sıxışdırılırsa”, demək ki, Ombudsmanın bu sahədə fəaliyyəti qənaətbəxs hesab edilə bilməz.

“Şikayətlərin sayı artıb”

Ombudsman Elmira Süleymanova aprelin 5-də parlamentdə hesabat verib. Onun hesabatında göstərilir ki, ötən il icra orqanlarında aparılan yoxlamalar zamanı 35 nəfərin ciddi qanun pozuntusuna yol verdiyi aşkar edilib. “Onlardan ikisi Ədliyyə Nazirliyi orqanlarından kənarlaşdırılıb” deyə hesabatda qeyd olunub.

Elmira Süleymanova bildirib ki, 2015-ci ilin fevral və dekabrnda manatın devalvasiyasından sonra banklardan dollarla kredit götürmüş şəxslərdən çoxsaylı şikayətlər alıblar.

Hesabatda göstərilir ki, 2015-ci ildə insan hüquqları üzrə müvəkkilin ünvanına 15 min 320 müraciət daxil olub ki, bu da 2014-cü illə müqayisədə 16,5 faiz çoxdur: “Bu müraciətlər sırasında mənzil problemləri, sosial təminat hüququ, əmək hüququ, məhkəmə qərarlarının icrası və müraciət etmək hüququ ilə bağlı məsələlər çoxluq təşkil edib”, Ombudsman parlamentə bildirib.

Oqtay Gülalıyev deyir ki, həbsxanalardan Ombudsman Aparatına çoxsaylı şikayətlər edilib, ancaq problemlərin həlli ilə bağlı ombudsmana artıq əvvəlki kimi inam yoxdur:

“Ombudsman Aparatının problemləri həll etmək gücü yoxdur, daha çox dişsiz qurum xarakteri daşıyır. Hesab edirəm ki, Ombudsman Aparatı daha çox icra hakimiyyətindən asılıdır, ona görə də effektiv fəaliyyət göstərə bilmir”.

“Gözləyirdim ki, MTN işi ilə bağlı məsələlər hesabatda əks olunsun”

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə hesab edir ki, Azərbaycanda insan hüquqları ən çox məhkəmələrdə pozulur. Onun fikrincə, bir çox məhkəmə qərarlarında vətəndaşların hüquqları pozulur:

“Digər hallar da var. Bilirsiz ki, indi gurultulu cinayət işləri var. Keçmiş MTN əməkdaşlarını nəzərdə tuturam. Elə bilirdim ki, bu məsələlər hesabatda öz əksini tapacaq”.

Səadət Bənənyarlı deyir ki, mülkiyyət hüquqlarının pozulması da aktual olaraq qalır, siyasi motivli hüquq pozuntulara da rast gəlinir:

“Bu gün daha çox mülki və iqtisadi hüquqların pozulmasına yol verilir. Bu da daha çox məhkəmələrdən, məmurların özbaşınalığından, onların qanunlardakı boşluqlardan istifadə etməsindən doğur”.

“Neftin ucuzlaşması Azərbaycanda yeni problemlər yaradıb”

Parlamentdə ombudsmanın hesabatını dinləyən Milli Məclis üzvü Fərəc Quliyevin fikrincə, İnsan Hüquqları üzrə Müvəkkil insan haqları ilə bağlı bütün sahələri əhatə eləsə də, konkret layihələri olmayıb.

Fərəc Quliyev hesab edir ki, Ombudsman Aparatı dollarla kredit götürən ailələrin taleyini diqqətdə saxlayıb müəyyən konsepsiyaların qəbulu ilə bağlı təşəbbüs göstərməlidir.

2014-cü illə müqayisədə ötən il şikayətlərin artmasına gəlincə, Fərəc Quliyev deyir ki, indi edilən şikayətlərin statistikası gizlədilmir:

“Hüquq-mühafizə orqanlarında, icra hakimiyyətlərində islahatlar gedir, demirəm ki, qənaətbəxşdir, amma irəliləyiş var. Hökumət islahatlarla bağlı siyasi iradəni nümayiş etdirir, korrupsiya ilə mübarizədə müəyyən addımlar atır”.

Fərəc Quliyevin fikrincə, dünyada neftin qiymətinin düşməsi Azərbaycanda yeni problemlər ortaya çıxarıb. O deyir ki, əvvəllər işləmək üçün paytaxta gəlirdisə, indi geriyə dönürlər və işsizlik yaranıb.

Deputat onu da əlavə edir ki, vətəndaşların hüquqları pozula bilər, ancaq onlar şikayət etdiyi təqdirdə bu müraciətə mütləq baxılır və cavab verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG