Rusiyanın Daxili İşlər Nazirliyi bildirir ki, mətbuatda adı ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (MKA) xəbərçisi kimi hallandırılan keçmiş Kreml rəsmisi rəsmən axtarışa verilir.
Nazirlik sentyabrın 23-də bəyan edib ki, 1969-cu il təvəllüdlü Oleg Smolenkovun adı itkin düşənlərin siyahısına salınıb və onun axtarışına başlanıb.
Bu ayın əvvəllərində Reuters, CNN, The New York Times və The Washington Post xəbər verirdi ki, MKA-nın Rusiya hökumətindəki agenti 2017-ci ildə Rusiyadan çıxarılaraq Birləşmiş Ştatlara gətirilib.
Bəzi məlumatlarda deyilirdi ki, adı çəkilməyən rusiyalı Vladimir Putinin Kremlindən 2016-cı il ABŞ seçkisinə müdaxilə barədə informasiyaları ABŞ-a ötürürmüş.
MKA, Dövlət Departamenti və Ağ Ev bu xəbərlərin səhih olmadığını bildirmişdi.
Rusiya hökumət administrasiyasının 2008-2010-cu illər arasındakı qeydiyyat məlumatları göstərir ki, Putin administrasiyasında çalışan Oleg Smolenkov o vaxt baş nazir olan Putinin administrasiyasında işləyib.
2010-cu ildə Smolenkov ovaxtkı prezident Dmitry Medvedevin sərəncamı ilə daha yüksək vəzifəyə irəli çəkilmişdi.
Smolenkovun bundan əvvəl Rusiyanın Vaşinqtondakı səfirliyində ikinci katib kimi çalışdığı məlumdur.
O vaxt Rusiyanın ABŞ-dakı səfiri Yury Ushakov idi. O sonra Moskvaya qaytarılmış və Vladimir Putinin xarici siyasət müşaviri təyin edilmişdi. Ushakov indiyədək bu vəzifədə işləyir.
Rusiyanın Vedomosti qəzeti yazırdı ki, Smolenkov Ushakov-un Kremldəki baş məsləhətçisi idi.
New York Times sentyabrın 11-də Kremlin daxili telefon kitabçasının səhifəsini göstərən tvit dərc etmişdi.
Rusiya hökuməti Smolenkovun Kremldə işlədiyini təsdiq edib, lakin Putinin sözçüsü Dmitry Peskov sentyabrın 10-da demişdi ki, Smolenkov “işdən bir neçə il əvvəl çıxarılıb”.
Rusiya mediasının verdiyi xəbərlərə görə Smolenkov və arvadı Antonina 2017-ci ildə yoxa çıxanda onlar ailəliklə Monteneqo kurortlarından birində istirahət edirdilər.