Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:20

OGP-dən Azərbaycana 5 şərt


Açıq Hökumət Tərəfdaşlığına üzv ölkələr
Açıq Hökumət Tərəfdaşlığına üzv ölkələr

Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) Rəhbər Komitəsi dekabrın 5-i və 6-da Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın qurumdakı üzvlüyünü qeyri-aktiv statusda saxlayıb.

Komitənin məlumatında bildirilir ki, Azərbaycana daha iki il vaxt verilir, həmin müddətdə hökumət fəaliyyət planı hazırlayıb icra etməlidir.

Qurumun dekabrın 5-də keçirilmiş toplantısı ilə bağlı 68-səhifəlik sənəd açıqlanıb. Həmin sənədin 11 səhifəsi Azərbaycana həsr edilib.

Sənəddə OGP-nin Azərbaycanın qurumda saxlanmasından ötrü 2 il ərzində icra edilməli olan 5 şərti sadalanır.

Birincisi, Azərbaycan OGP-nin ölçülərinə uyğun olaraq, 2019-2021-ci illəri əhatə edəcək fəaliyyət planından ötrü yol xəritəsi hazırlayıb təqdim etməlidir. Fəaliyyət planının hazırlanması prosesi bütün maraqlı tərəfləri əhatə etməlidir. Bu sənəd gələn il martın 1-nə qədər hazır olmalıdır.

İkincisi, Azərbaycan hökuməti OGP prosesinə rəhbərlik etməsindən ötrü yüksək səviyyəli nümayəndə təyin etməlidir. Nümayəndə nazir, yaxud daha yüksək səviyyəli olmalıdır. Hökumət bunu 2019-cu il iyunun 1-nə qədər reallaşdırmalıdır.

Üçüncüsü, Azərbaycan bütün tərəflərin iştirakı ilə fəaliyyət planının hazırlanmasına başlamalı, bu plan vətəndaş cəmiyyəti ilə bağlı məhdudiyyətləri aradan qaldıran məzmunda olmalıdır. Bu işlər də gələn il iyunun 1-dək reallaşdırılmalıdır.

Dördüncü, hökumət fəaliyyət planının hazırlanması işini başa çatdırmalı, onu OGP-yə təqdim etməlidir. Bundan ötrü isə Azərbaycana gələn ilin sonuna qədər vaxt verilib.

Sonuncu şərt fəaliyyət planının tam icra edilməsi ilə bağlıdır. 2021-ci ilin avqustunadək icra edilməli olan plana OGP-nin rəhbər qurumları qiymət verəcəklər.

Azərbaycan şərtlərə əməl etməzsə, onun OGP üzvlüyü məsələsinə baxılacaq.

Ötən il Azərbaycana hansı tövsiyələr verilmişdi

OGP Azərbaycana üzvlükdə qalmaqdan ötrü icra tövsiyələr vermişdi. Həmin tövsiyələrdə vətəndaş cəmiyyətinin vəziyyətinin yaxşılaşdırılmasından ötrü atılmalı olan zəruri addımlar əksini tapmışdı. Tövsiyələr vətəndaş cəmiyyətinin problemlərinin müəyyən edilməsini, əsasən qeydiyyat prosesi və maliyyələşdirmə imkanlarını nəzərdə tuturdu.

Bundan başqa, qeyri-hökumət təşkilatlarından ( QHT) ötrü bəzi qaydalarla bağlı İnzibati Xətalar Məcəlləsinə yenidən baxılması istənilirdi.

Tövsiyələrdə vurğulanırdı ki, qrant verən xarici donorların Azərbaycan hökumətindən icazə almasının, habelə onların öz nümayəndəliyini qeydiyyatdan keçirməsinin vacibliyi aradan qaldırılmalıdır.

Xatırlatma

OGP hökumətlərin hesabatlı və şəffaf idarə edilməsini hədəf götürən beynəlxalq təşəbbüsdür.

Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu OGP 2011-ci ilin sentyabrında yaradılıb. Azərbaycan bu təşəbbüsə 2011-ci ildə, öz istəyi ilə ilk qoşulan ölkələrdən olub.

Təşəbbüsün tarixində birlikdəki statusu «qeyri-aktiv» elan edilən ilk ölkə də məhz Azərbaycandır. Bu, 2016-cı ilin martında baş verib.

OGP ötən ilin iyununda Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın qurumdakı qeyri-aktiv statusunu daha bir illiyə uzadıb. Buna səbəb kimi ölkədə vətəndaş cəmiyyətindən ötrü mühitin yaxşıya doğru dəyişməməsi göstərilirdi.

Verilən tövsiyələr yerinə yetirilmədiyi halda ölkə qurumdan birdəfəlik çıxarıla bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG