Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Sentyabr, Cümə, Bakı vaxtı 23:58

İşdə qeybətin faydası


Mütəxəssislər deyirlər ki, kiminsə arxasınca danışmaq heç də həmişə pis hərəkət deyil.

İnsanlar ofisdə işin müxtəlif cəhətləri üçün darıxa bilərlər. Bu, pulsuz çay və qəhvə, kondisionerli otaqlar, hər gün gözəl geyinib işə getmək, yaxud maraqlı insanlarla görüşlər ola bilər. Ancaq BBC yazır ki, insanlar hər şeydən çox həmkarları ilə qeybət etmək üçün darıxırlar.

Qeybətin bəzi növləri bayağı və qeyri-peşəkar olsa da, sən demə, əyləncəli, normal və hətta sağlam və produktiv qeybət də olurmuş. Mütəxəssislər deyirlər ki, kiminsə arxasınca danışmaq heç də həmişə pis hərəkət deyil. O, həm də iş yerini daha yaxşı anlamağa və faydalı informasiya əldə etməyə kömək edir.

Neytral qeybət

Amsterdam Azad Universitetinin (Vrije Universitetit) tədqiqatçısı Yelena Martinesku qeybət psixologiyası sahəsində mütəxəssisdir. "Təkamül nəzəriyyəsinə görə, insanlar qeybəti qrup daxilində əməkdaşlıq edə bilmək üçün yaradıblar", – o deyir.

Başqa insanlardan danışmaqla adamlar kiminlə əməkdaşlıq edəcəklərini və kimdən uzaq duracaqlarını öyrənirlər. Bu isə qrupun birlikdə daha yaxşı fəaliyyət göstərməsinə kömək edir. Bu davranışı müasir iş mühitində də anlamaq mümkündür.

Toronto Universitetinin menecment professoru Metyu Feynberq də qeybəti araşdırır. O deyir ki, qeybətin müxtəlif növləri var və əksər növlər zərərsizdir.

Tədqiqatçılar 2019-cu ildə 500-dək tədqiqat iştırakçısının söhbətini yazıblar. Bu söhbətlərin çoxu – 3/4-ü nə müsbət, nə də mənfi, sadəcə neytral olub. Çoxu "Filankəsin qızı marketinq oxuyur", yaxud "filankəs filan yerdə istirahətdədir" kimi informasiya mübadiləsindən ibarət olub. Eyni araşdırmanın nəticələrinə görə, insanlar çox, orta hesabla gündə 52 dəqiqə qeybət edirlər.

İnformasiya toplamaq

Mərkəzi Florida Universitetinin menecment professoru Şennon Teylor deyir ki, qeybəti daim neqativ bir şey, yaxud kiminsə arxasınca danışmaq kimi görmək yanlışdır. O, sorğulara əsaslanaraq insanların bunu öz ətraflarını daha yaxşı anlamaq üçün etdiklərini deyir. Professor Teylor iş yerinin dinamikası üzrə mütəxəssisdir.

Professor Teylor deyir ki, qeybət insanlara digər insanların hər hansı məsələdə mövqeyini anlamağa kömək edir. Bundan başqa, onlar dünyanı dərk etmələrinin həmkarlarınınkı ilə üst-üstə düşüb-düşmədiyini anlayırlar. "Bu, sadəcə, informasiya toplamaqdır", – o deyir. Məsələn, işdə kimsə desə ki, "Filankəs son zamanlar yaman çox xəstəlik məzuniyyətinə çıxır", bu, həmin şəxsin işindəki axsamaları izah etməyə kömək edə bilər. Eyni zamanda, insan həmkarlarının neçə gün xəstəlik məzuniyyətini normal hesab etdiyini anlamış olur.

"Kimsə öz həmkarına yaxınlaşıb "İnanırsan, X filan qədər xəstəlik məzuniyyəti götürüb" deyə soruşursa, demək, o, həm də həmkarının - X-in davranışını normal qəbul edib-etmədiyini yoxlamaq istəyir", – Teylor deyir.

Daha çox qeybət obyekti olanlar

Həmkarlar haqqında qeybət eşidən insanlar, eyni zamanda, öz davranışlarını da yenidən dəyərləndirirlər.

Feynberq deyir ki, ofisdə kiminsə haqqında yaxşı sözlər danışılanda (bu da qeybətdir) digərləri onun kimi olmaq ehtiyacı hiss edirlər. Onun 2014-cü ildə həmkarları ilə birlikdə apardığı tədqiqat nəticəsində eqoist və əxlaqsızcasına davranan insanların daha çox qeybət obyekti olduğu ortaya çıxıb. Bunun nəticəsində qrup onun davranışından xəbər tutur və onunla ünsiyyətdən yayınmağa çalışırlar. Tədqiqatçılar müşahidəni davam etdirərək öyrəniblər ki, bundan sonra həmin şəxs qrup tərəfindən yenidən qəbul olunmaq üçün öz davranışını dəyişməyə başlayıb. Ümumilikdə isə insanlar həmin şəxs kimi qrupdan kənarlaşdırılmamaq üçün bir-biri ilə daha sıx əməkdaşlıq etməyə başlayıblar.

XS
SM
MD
LG