Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:13

Obama Ağ evdən Yaşıl evə köçür


Barack Obama Ağ evdə

ABŞ prezidenti Barack Obama Ağ evdə son iş günlərini başa vurmaqdadır. O, prezidentlik müddəti bitəndən sonra nəylə məşğul olacağına, hətta harada işləyəcəyinə artıq qərar verib. Bu haqda «The Washington Post» qəzeti yazır.

VAŞİNQTONDA OFİSİ OLACAQ

Qəzetin əldə etdiyi məlumata görə, B.Obama Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Vaşinqtondakı qərargahında ofis yeri kirayələyib. Bu haqda bilgini qəzetə adlarının açıqlanmasını istəməyən, amma B.Obama-nın WWF ilə müqaviləsindən xəbərdar şəxslər verib. Müqavilə haqda rəsmi açıqlama hələ yoxdur.

«The Washington Post» WWF-nin təbiətin qorunmasıyla məşğul qeyri-kommersiya təşkilatı olduğunu, Vaşinqtondakı binada artıq qalan məkanları başqa qurumlara icarəyə verdiyini yazır.

Buna da bax-Putin-in dostu ABŞ-ın dövlət katibi ola bilər

B.Obama-nın sözçüsü Amy Brundage onun kirayələdiyi ofisin yerini deməsə də, Vaşinqtonda qalacağını təsdiqləyib: «Prezident Obama keçmiş prezident kimi Vaşinqtonda ofisə sahib olacaq».

LİDERLİYƏ YARDIM MƏRKƏZİ YARADILACAQ

Qəzet B.Obama-nın prezidentliyi bitəndən sonrakı fəaliyyətinin, əsasən, Çikaqoya fokuslandığını, orada onun prezident kitabxanasının hazırlandığını, gələcəkdə isə liderliyə yardım mərkəzinin yaradılacağını, amma həm də digər sahələrdə fəaliyyət planları olduğunu qeyd edir. Planlardan biri də demokratların seçki dairələrini genişləndirmək, onların namizədlərini irəli çəkmək səylərini artırmaq yönündə işləməkdir.

Barack Obama
Barack Obama

Qaydaya görə, ABŞ prezidenti Ağ evdə həm yaşayır, həm də işləyirdi. Qəzet yazır ki, B.Obama-nın bu şəraiti Ağ evdən sonra bir o qədər dəyişməyəcək. Çünki tutduğu ofis yaşayacağı Kalorama rayonundan cəmi 1 mil, yəni təxminən 1.6 km aralıdır. Kiçik qızları Sasha yuxarı sinfi bitirməkdədir deyə, prezidentin ailəsi bu rayonda qalmaq qərarına gəlib.

Buna da bax-Donald Trump-ın inaqurasiyası da biznesdirmi?

Prezident ofisini tərk edənlərdən çox az adam siyasətlə məşğul olsa da, Amerika prezidentlərindən bir neçəsi Ağ evdən dərhal sonra Kaloramada yaşamağa başlayıb.

FİL SÜMÜYÜ ALVERİYLƏ MÜBARİZƏ

O ki qaldı WWF binasında fəaliyyət göstərməyə, «The Washington Post» B.Obama-nın əslində bu təşkilatın işiylə tanış olduğunu yazır. Hətta WWF-nin prezidenti və icraçı direktoru Carter Roberts 2013-cü ildə prezidentin Vəhşi Təbiətdə Alverə Qarşı Federal Şurasının üzvü seçilibmiş. Məqsəd o zaman fil sümüyü alveriylə mübarizə cəhdlərini artırmaq imiş.

Bundan başqa, WWF B.Obama administrasiyasının iqlim dəyişikliyi ilə mübarizə planlarından həmişə razılıq edib.

«The Washington Post» B.Obama-nın Ağ evdən sonra paytaxtın ən «yaşıl» binasında çalışacağını vurğulayır. ABŞ-ın Yaşıl Tikililər Şurası WWF qərargahını ən dayanıqlı bina elan edib. Təkrar istifadə olunan tikinti materiallarından hazırlanmış bina nəhəng günəş batareyaları panellərinə malikdir, ətrafında hibrid, həm də elektrik avtomobillərindən ötrü dayanacaqlar var. Tikilinin damı isə şəhərin ən geniş yaşıl damlarından biri hesab olunur.

XS
SM
MD
LG