Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Obama Putin-i necə vura bilər?


V.Putin və B.Obama
V.Putin və B.Obama

Ötən həftə, ilin son mətbuat konfransında ABŞ prezidenti Barack Obama rusiyalı həmkarı Vladimir Putin-in cavabını verəcəklərini bəyan etdi. Hökm qətidir: prezident də, ABŞ kəşfiyyat xidməti də Rusiyanın Birləşmiş Ştatlarda seçkiyə müdaxilə etdiyini, Donald Trump-ın qələbəsinə şərait yaratdığını təsdiqləyir və prezidentin dediyinə görə, gərəkən vaxtda, gərəkən yerdə Rusiyanın cavabı veriləcək.

Bəs cavab zərbəsi haraya dəyə bilər? Bu suala «Reuters» agentliyi cavab axtarıb.

«QIFILLI» PLANLAR

Müəllif Tim Weiner yazır ki, Ağ ev, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin ən gizli şöbələrində fövqəladə hallardan ötrü «qıfıllı» planlar var. Yəni Vaşinqton istəsə, Moskvadakı liderləri, kəşfiyyat xidmətlərini, oliqarxları ağrıdan yerindən vura bilər. Birləşmiş Ştatlar da rusların kompüterlərinə, ofşor pullarına hücum edə, hətta V.Putin-in casus şəbəkəsinə zərərli proqram təminatı yükləyə, onun siyasi maşınını alt-üst edə bilər.

Buna da bax-ABŞ məmurları: 'Putin kiberhücuma şəxsən rəhbərlik edib'

Bundan ötrü B.Obama-nın geriyə – Soyuq müharibə tarixinə nəzər salması kifayətdir və o, prezidentlik dövrünün son kəşfiyyat əməliyyatı üçün yetərli layihə cıza bilər.

Tim Weiner 70-ci illərə qayıdır, V.Putin casus təyin olduğu il - 1975-ci ildə Moskvada «Line X» adlı kəşfiyyat birliyinin fəaliyyətə başladığını yada salır. Birlik KGB-nin elm və texnologiya idarəsi, hərbi kəşfiyyat idarəsi (GRU) və Şərqi Avropadakı casus xidmətləriylə birgə işləyirmiş. Əsas missiyası ən son aparat və proqram təminatlarını, vətəndaşlar və hərbi qüvvələr haqda məlumatları ələ keçirməkmiş. O zaman Sovetlər elmdə və texnologiyada Birləşmiş Ştatlardan 10 il geridəymiş. Yəni ya ABŞ-a çatmalı, ya da məhv olmalıymışlar.

Müəllif 1981-ci ildə ABŞ prezidenti R.Reagan-ın Ottavada iqtisadi sammit çərçivəsində Fransa prezidenti F.Mitterand ilə görüşünü yada salır. Tərcüməçiləri kəşfiyyat idarəsinin əməkdaşları olan görüşdə Fransa prezidenti R.Reagen-a əvəzsiz bir hədiyyə –Sovetlərə qarşı ölümcül silah bağışlayır.

KGB
KGB

«GƏRƏKƏN BİLGİLƏR»

Fransa prezidenti amerikalı həmkarına KGB-də Vladimir Vetrov adlı casusları olduğunu söyləyir. V.Vetrov Qərbə «Line X»in fəaliyyətini göstərən 4 min sənəd ötürübmüş. Sənədlərdə radar sistemləri üçün proqram təminatlarının oğurlanması əməliyyatları, müharibə təyyarələri və raketlərdən müdafiə sistemləri dizaynları, kosmik gəmilərdən tutmuş, enerji istehsal edən zavodlara qədər müxtəlif sahələri əhatələyən kompüter sistemləri təsvir olunubmuş.

Buna da bax-Facebook-da 10 layk bəsdir ki, sizin kimliyiniz müəyyənləşsin

Müəllifin yazdığına görə, həmin sənədlə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru William J.Casey, CIA-nın daha öncə rəhbəri olmuş, vitse-prezident George H.W.Bush, milli təhlükəsizlik müşaviri Richard V.Allen də tanış olur və nəticədə heyət üzvlərindən Gus Weiss-ə uzunmüddətli cavab hücumu planı hazırlamaq barədə tapşırıq verilir.

G.Weiss sonralar—1996-cı ildə həmin planın nəticələri haqda da yazıb. 20 il sonra həmin plandan danışan Richard V.Allen deyir ki, sənədlə tanışlıqdan sonra onlar Sovet kəşfiyyatını «gərəkən bilgilər»lə, yəni əslində ABŞ-ın bilərəkdən ötürdüyü bilgilərlə təmin etməyə başlayıblar. Federal Təhlükəsizlik Bürosunun (FBI) agentləri özlərini rüşvətxor casuslar kimi apararaq, Sovet hökumətinin müəyyən sahələrə əl uzatmasına, Rusiyaya baha başa gələcək defektli şeyləri ələ keçirməsinə imkan veriblər. Və cəmi bir neçə ildən sonra ABŞ-ın atdığı toplar «partlamağa» başladı. Tələfat olmadı, amma Sovet hökuməti maddi itki verirdi. Və «Soyuq Müharibə kontekstində bu, ədalətli oyun adlandırıla bilərdi», - deyə müəllif qeyd edir.

ÖZ SİLAHIYLA CƏZALANDIRMAQ

Rusiyanın bugünkü kəşfiyyat əməliyyatlarına qarşı bu örnəkdən necə yararlanmaq olar?

Müəllifin fikrincə, B.Obama, sadəcə, rus hakerlərinin əməlləri barədə kəşfiyyat materiallarını dərc etdirməklə Moskvaya cavab verə bilər.

Amma B.Obama-nın V.Putin-i cəzalandırmağa çalışdığı da ehtimal olunur. Bu, amerikalıların gözlə görə bilmədiyi, ancaq V.Putin-in gördüyü və hiss etdiyi addım ola bilər. Məsələn, Vaşinqton elə Moskvanın yararlandığı silahı ona qarşı çevirərək, Rusiya rəsmilərinin, oliqarxlarının şəxsi, siyasi bilgilərini, şəxsi hesabları barədə məlumatları ortaya qoyar.

«V.Putin-in Amerikanın siyasi sisteminə hücumundan öyrənə biləcəyimiz bir şey varsa, o da informasiyanın nüfuzudur. Biz onun öz acı dərmanının dadını bəyənib-bəyənmədiyini çox yaxında öyrənə bilərik», – T.Weiner belə yazır.

XS
SM
MD
LG