Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Obama: “Böhranı talonla ərzaq alanlar yaratmır”


ABŞ prezidentinin bir saatadək davam edən çıxışı dəfələrlə sürəkli alqışlarla dayandırılıb, əksər bəyanatlar ayaq üstdə alqışlanıb, dinləyənləri kövrəldən anlar yaşanıb

-

ABŞ prezidenti Barack Obama Konqresdə “ölkənin vəziyyəti haqqında müraciət” (State of the Union address) adlı prosedur nitqini edib.

Bu, prezidentlik müddəti başa çatmaqda olan Obamanınsonuncu “müraciət” nitqi idi.

Prezident hələ çıxışından əvvəl nitqin son dərəcə yığcam olacağını elan etmişdi və bildirmişdi ki, ölkənin həyatı ilə bağlı yalnız ən mühüm məqamlara toxunacaq.

Barack Obama bu nitqində respublikaçı namizədlərdən heç birinin adını çəkməsə də, bir çox respublikaçılar bu çıxışı demokrat seçki kampaniyasının başlanğıcı kimi qiymətləndiriblər.

Prezident bütünlükdə ölkənin siyasi sistemində, o cümlədən seçki sistemində islahatlara ehtiyac olduğunu vurğulayıb.

O deyib ki, ABŞ-ın siyasi sistemində “pulun qüdrətini” məhdudlaşdırmaq lazımdır.

Obama öz çıxışında həmçinin Amerika qüdrəti və nüfuzunun xaricdə zəiflədiyini iddia edən tənqidçilərə də cavab verib.

Bununla belə, prezident Barack Obama adi amerikalıların gələcəyə narahatlıqla baxdıqlarını etiraf edib.

ABŞ-ın tənəzzülü “nağıldır”

Prezident nitqinin əhəmiyyətli hissəsini öz hökumətinin nailiyyətlərinin sadalanmasına həsr edib.

O deyib ki, ölkə ən çətin maliyyə böhranlarının birindən nəinki çıxıb, o hətta 14 milyon yeni iş yeri yardıb.

“İqtisadiyyatın tənəzzüldə olduğunu deyənlər nağıl danışırlar” – deyib prezident.

Prezident deyib ki, “maliyyə böhranını ərzağı möhürlü talonlarla alanlar yox, Wall Street-in məsuliyyətsizliyi yaradıb”.

Barack Obama çıxışında iki dəfə Rusiyanın adını çəkib.

Xərçəngə çarəni ABŞ tapacaq

“60 il əvvəl ruslar bizi kosmosda geridə qoyanda, biz Sputnikin orbitdə olmasını danmadıq. Biz elmi mübahisəyə girişmədik…Biz az qala bircə gecənin içində kosmik proqramımızı hazırladıq və on iki il sonra biz artıq Ayda gəzirdik” – deyib prezident.

Barack Obama deyib ki, “ixtiraçılıq bizim DNT-mizdədir”.

60 il əvvəl ruslar bizi kosmosda geridə qoyanda, biz Sputnikin orbitdə olmasını danmadıq. Biz on iki il sonra artıq Ayda gəzirdik

Bu nöqtədə, Obama, vise-prezident Biden-in oğlunun xərçəng xəstələyindən vəfatına işarə edərək deyib ki, “Amerika xərçəng xəstəliyinin şəfasını birdəfəlik tapan ilk ölkə olacaq”.

Qlobal iqlim dəyişikliyi və təmiz enerji növlərindən danışarkən Obama deyib ki, 7 il əvvəl bu sahəyə yatılımış böyük investisiya sayəsində indi külək enerjisi, çirkli enerjilərin istehsalından ucuz başa gəlir.

O yada salıb ki, Amerika xarici neft indxalını 60 faiz azaldıb.

Prezident deyib ki, indi istiqamət təmiz enerji növlərinin inkişafına yönəlməlidir. “Keçmişə subsidiyalar ödəmək yox, gələcəyə investisiya yatırmaq lazımdır” – deyib ABŞ prezidenti.

Heç bir ölkə cəsarət etməz…

Amerikanın hərbi qüdrətinə gəlincə, prezident deyib ki, ABŞ bu sırada ondan sonra gələn 8 ölkənin birlikdə xərclədiyindən artıq xərcləyir.

“Heç bir ölkə bizə hücum etməyə cəsarət etməz, çünki bunun fəlakət yolu olduğunu bilir” – deyib Obama.

Prezident izah edib ki, bu gün dünyada yaranan təhlükələr Amerika qüdrətinin tükənməsi ilə bağlı deyildir.

O deyib ki, dünyada bir çox müxtəlif proseslər baş verir. Çin iqtisadiyyatı keçid dövrünü yaşayır, iqtisadiyyatı tənəzzüldə olan Rusiya isə ehtiyatlarını Ukrayna və Suriyada güclənməyə sərf edir.

İŞİD-in şişirdilməsi

Barack Obama həmçinin hazırkı vəziyyətin Üçünücü Dünya Müharibəsi olduğu barədə mülahizələrin mübaliğəli olduğunu bildirib. O deyib ki, vəziyyətin belə qiymətləndirilməsi İŞİD-ə qol-qanad verir.

Prezident bildirib ki, “pikap maşınlarda gəzən döyüşçü kütləsi” böyük ziyanlar vura bilər, “lakin onlar bizim milli varlığımız üçün təhlükə təşkil etmirlər”.

Barack Obama əslində İŞİD-i onun olduğundan daha böyük qəbul etməməyə çağırıb, eyni zamanda onun məhvinin zəruri olduğunu təsdiq edib.

Kim amerikalılara hücum edirsə, amerikalılardan hücum görəcək. Bizim yaddaşımız möhkəmdir, qolumuzu uzadanda isə hüdud tanımırıq

O Konqresə müraciətlə deyib ki, əgər millət vəkilləri bu müharibəni udmağın mesajını göndərmək istəyirlərsə, onda qoy İŞİD-ə qarşı hərbi əməliyyat məsələsini müzakirəyə qoyub hərbi əməliyyat barədə qərar qəbul etsinlər.

Prezident, Osama bin Laden-in, əl-Qaedanın Yəmən liderliyinin məhv edilməsini yada salıb. O deyib ki, Benqazi hadisəsini törədənlər hazırda həbsxanadadırlar.

“Kim amerikalılara hücum edirsə, amerikalılardan hücum görəcək. Buna müəyyən vaxt gedə bilər. Lakin bizim yaddaşımız möhkəmdir, qolumuzu uzadanda isə hüdud tanımırıq” – deyib Obama.

Bununla belə, prezident Vyetnam və İraq dərslərini, əbəs yerə axıdılan amerikalı qanlarını unutmamağa çağırırb.

Soyuq Müharibə qurtarıb

Prezident deyib ki, Kubanın 50 il müddətində təcrid edilməsi demokratiya gətirməyib. ABŞ lideri ümumilikdə müdrik diplomatiya tərəfdfarı olduğunu söyləyib. “Artıq qəbul edin ki, Soyuq Müharibə qurtarıb. Embarqoları qaldırın” – deyib Obama.

Artıq qəbul edin ki, Soyuq Müharibə qurtarıb. Embarqoları qaldırın

Barack Obama bildirib ki, xarici ölkələrə problemlərin həlli yolunda maliyyə yardımı edilməlidir. Onun fikrincə Amerika bu yolla həm də öz təhlükəsziliyinə töhfə verir. Prezident deyib ki, Amerikanın verdiyi xarici yardımlar ianə və xeyriyyə deyil, Amerikanın öz təhlükəsizliyinə investisiyadır.

Siyasi sistem dəyişiklyinin zəruri olduğunu vurğulayan Obama deyib ki, əgər bu yolla gedilməsə, pul və qüdrəti təmsil edən adamlar gənc əsgəri müharibəyə göndərmək barədə qərar vermək və ya daha bir iqtisadi böhran yaratmaq səlahiyyətində qalacaqlar.

Siyasətçilər müsəlmanları təhqir edəndə…

Prezident öz çıxışında irqi və dini düşmənçilik məsələsinə də toxunub və deyib ki, insanları, irqləri və dinləri hədəfləyən hər hansı siyasət rədd edilməlidir:

Obama Roma papası Francis-in Konqresdəki çıxışından sitat gətirib: “Tiranların və qatillərin nifrət və zorakılığını imitasiya etmək onlaırn yerini tutmağın ən asan yoludur”.

“Siyasətçilər müsəlmanları təhqir edəndə, məsçidlərə vandalizm hücumları olanda, bunlar bizi daha salamat eləmir. Çünki bu səhv yoldur. Bu, bizi dünyanın gözündə kiçildir. Bu bizim məqsədlərə çatmağımızı çətinləşdirir və bir ölkə kimi özümüzə qarşı xəyanətə çevrilir” – deyib prezident.

“Mənim tanıdığım Amerika budur, - deyə bəyan edib Obama, - Sevdiyimiz ölkə budur. Açıq gözlü, geniş ürəkli. Son sözün silahsız həqiqət və qeyd-şərtsiz sevgiyə məxsus olduğuna nikbin baxan bir ölkə”.

Bir saatadək davam edən çıxış dəfələrlə sürəkli alqışlarla dayandırılıb, əksər bəyanatlar ayaq üstdə alqışlanıb. Kameralar nitqi dinləyənlərin bəzi məqamlarda təsirləndiklərinə, hətta doluxsunduqlarına diqqət çəkib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG