Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:54

ABŞ-da Obama, Clinton və başqalarına ünvanlanmış ‘potensial partlayıcı qurğular’ tapılıb


Keçmiş dövlət katibi Hillary Clinton və keçmiş prezident Barack Obama (Foto arxivdəndir)
Keçmiş dövlət katibi Hillary Clinton və keçmiş prezident Barack Obama (Foto arxivdəndir)

ABŞ Məxfi Xidməti bildirir ki, keçmiş prezident Barack Obama-ya, keçmiş dövlət katibi və birinci ledi Hillary Clinton-a və başqa aparıcı demokratlara ünvanlanmış “potensial partlayıcı qurğuları” aşkar edib.

ABŞ hakimiyyət orqanları bildirib ki, oktyabrın 24-də ümumilikdə 4 şübhəli bağlama aşkar edilib.

Təhlilçilər bildirirlər ki, bu hadisə noyabrın 6-da keçiriləcək Konqres seçkilərinə iki həftə qalmış ölkədə siyasi gərginliyi yüksəldib.

Bundan əvvəl azı üç şübhəli bağlama tapıldığına dair verilmiş ilkin məlumatlar hələlik təsdiqini tapmayıb.

Müstəntiqlər bildirirlər ki, onlar şübhəli bağlamaların oktyabrın 22-də 88 yaşlı biznesmen və mesenat George Soros-un evində tapılmış şübhəli bağlama ilə əlaqəli olduğuna inanırlar. Soros Demokratik Partiyanın əsas ianə verənlərindən biridir.

George Soros
George Soros

ABŞ prezidenti Donald Trump Ağ Evdə əvvəlcədən planlaşdırılmış nitqi zamanı bu bağlamaların göndərilməsini “rəzil”, “iyrənc hərəkət” və “həyasız davranış” adlandırıb:

“Siyasi zorakılıq aktlarına Amerika Birləşmiş Ştatlarında yer yoxdur”.

Trump vəd edib ki, onun hökuməti bu hadisəni sonadək araşdrımaq üçün əlindən gələni əsirgəməyəcək.

Məxfi Xidmət bunu da bildirib ki, Obama və Clinton-a ünvanlanmış və içində əldəqayırma bomba olan bağlamalar onların evlərinə çatdırılmayıb və bu səbəbdən bu iki siyasətçinin həyatı üçün təhlükə yaranmayıb.

Obama Trump-dan əvvəl prezident olub, Clinton isə 2016-cı il seçkisində Trump-ın rəqibi idi.

Bundan başqa CNN xəbər verib ki, Nyu Yorkda telekanalın da binası yerləşən Time Warner Mərkəzindəkilər şübhəli bağlamaya görə oradan evakuasiya ediliblər.

Bundan sonra şübhəli partladıcı qurğu ekspertlər tərəfindən götürülüb və zərəsizləşdirilib.

Oktyabrın 24-də Time Warner Mərkəzində olanlar evakuasiya edilib
Oktyabrın 24-də Time Warner Mərkəzində olanlar evakuasiya edilib

CNN bildirib ki, bu şübhəli bağlama Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru John Brennan-a ünvanlanıbmış. Brennan Trump-ın qatı tənqidçilərindəndir.

Trump habelə CNN-i və başqa media qurumlarını kəskin tənqid edərək onları Amerika xalqının “düşməni” adlandırıb.

Şübhəli olduğu deyilən daha bir bağlama da güman edildiyinə görə keçmiş prokuror Eric Holder-ə göndərilsə də, səhv ünvana gedib. Bu bağlama da Obama kabinetinin keçmiş demokrat üzvünün ünvanına çatmayıb.

Ağ Ev “prezident Obama, dövlət katibi Clinton və başqa ictimai xadimlərə hücum cəhdini” dərhal pisləyib.

Ağ Evin bəyanatında deyilir ki, “bu rəzil hədələyici hərəkətlər üçün məsuliyyət daşıyan hər hansı bir şəxs qanunun imkan verdiyi maksimum həddə məsuliyyətə cəlb olunacaq”.

Məxfi Xidmət Ağ Evə də bunlara bənzər bağlama göndərildiyinə dair daha əvvəl yayılmış xəbərləri təkzib edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG