Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:01

O, ədəbiyyat üzrə Nobelə inamı bərpa edə biləcəkmi


Nobel medalı
Nobel medalı

Mikaela Blomqvist bir fincan çayla sakitcə kitab oxumağı sevir və özünü İsveçin bugünkü mədəni həyatındakı qalmaqal və qeybətdən təcrid edir. Ancaq bu o demək deyil ki, 31 yaşlı tanınmış ədəbi tənqidçinin öz fikri yoxdur. O, sadəcə, bu fikirləri ölçülüb-biçilmiş tonda ifadə etməyə üstünlük verir.

Bəlkə də elə buna görədir ki, İsveç Akademiyası İsveçin ikinci ən böyük qəzeti olan «Göteborgs-Posten»in əməkdaşı Blomqvist-i ədəbiyyat sahəsində növbəti Nobel mükafatçısını tövsiyə edəcək komitəyə salıb. Bu, Blomqvist üçün böyük uğurdur.

İdeal iş

«Bu, çox ideal işə bənzəyir. Çoxlu oxumaq, üstəlik də, kitabları bu işi bilənlərlə müzakirə etmək imkanı», – o deyir.

Blomqvist həyatındakı bu yeniliyə görə çox həyəcanlı olsa da, ciddi qəbul olunmaqdan ötrü çox çalışmalı, bəlkə daha çox oxumalı olduğunu da yaxşı anlayır.

Mükafatın ilk dəfə təqdim edildiyi 1901-ci ildən bəri ilk dəfədir ki, Nobel Fondu adından namizədləri seçən nüfuzlu komitəyə üzv olmayan şəxslər də qoşulacaq. Qeyd edək ki, ədəbiyyat üzrə Nobel mükafatı dünyanın ən nüfuzlu ədəbi mükafatıdır.

Nobel Fondu yaşanan qalmaqallardan sonra yeni üzvlərin mükafata inam və etimadı bərpa edəcəyinə inandığından bu dəyişiklikdə israr edib. Fond gənc üzvləri (Blomqvist-dən başqa 27 yaşlı Rebecka Kärde də qoşulub) dəvət etməklə mükafatçıların kişi və əsasən meynstrim olması haqda tənqidlərə cavab verməyə çalışır.

Qeyd edək ki, ötən il baş qaldıran seks qalmaqalına görə İsveç Akademiyası üzvlərinin qurumdan uzaqlaşması kvorumun olmamasına yol açıb və Akademiya ötən il Nobel mükafatçısını tövsiyə edə bilməyib. Nobel Fondu razılıq versə, həm 2018, həm də 2019-cu il üçün qaliblər oktyabrda elan ediləcək.

Blomqvist ingilis, alman və ispan dillərini oxuyur və yazır. O, həm də vaxtaşırı vətəni Göteborq şəhərindəki Ədəbiyyat Evində panel müzakirələrə moderatorluq edir.

Qalmaqallar barədə oxumur

Nobel ənənəsinə uyğun olaraq, Akademiyadan zəng gələnədək Blomqvist namizədliyinin nəzərdən keçirildiyini bilmirmiş. Bu ay rəsmən fəaliyyətə başlayan 10 nəfərdən ibarət yeni seçim komitəsində beş kənar iştirakçı və beş Akademiya üzvü təmsil olunur. Onlar hər il namizədliyi verilən 200 şair və yazıçı arasından seçilmiş qısa siyahı hazırlayacaqlar. Bu, çoxlu oxumaq deməkdir. Yeniyetmə yaşlarında Goethe, Kafka və Duras-ı sevə-sevə oxuyan qadın üçünsə bu, böyük xoşbəxtlikdir.

Göteborq qatarla Stokholmdan beş saatlıq məsafədədir. Blomqvist heç vaxt hər hansı Nobel mükafatçısının çıxış etdiyi foruma qatılmayıb. O, Akademiyanı tənqid etməkdən də boyun qaçırır. Heç qalmaqallar haqda bir-birini inkar edən yazıları da oxumur. «Bu mənim fikir bildirəcəyim bir şey deyil. İsveç məhkəmələri qərar verməlidir və verib», – o deyir.

Ancaq o, ədəbi tənqid işini çox gözəl bilir. 10 il «Göteborgs-Posten» qəzetində sevimli peşəsi ilə məşğul olub. Bu yarımştat işə hələ universitet tələbəsi olduğu zaman başlayıb. Onun həm də psixologiya üzrə magistr dərəcəsi var. Həftədə bir dəfə psixoterapevt kimi çalışır.

Blomqvist hesab edir ki, 2016-cı ildə Bob Dylan-a Nobel mükafatı verilməməli idi: «Mənə görə o, musiqi sənətkarıdır. Mən onun fanatı deyiləm».

O, 2017-ci ilin mükafatçısı Kazuo Ishiguro haqda da fikrini bildirib: «O, bacarıqlı yazıçıdır, ancaq məncə, onun öz səsi yoxdur».

Blomqvist fransız yazıçısı Patrick Modiano, britaniyalı dramaturq Harold Pinter və avstriyalı dramaturq Elfriede Jelinek-i bəyənir. Görünür, Blomqvist dramaturqlara romançılardan daha çox üstünlük verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG