Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Oğuzda da seçkilərdən narazılıq var


Narazılar
Narazılar

Bu gün, dekabrın 25-də Oğuz rayonunun Böyük Söyüdlü kəndinin bir qrup sakininin yerli bələdiyyə binasının qarşısında etiraz aksiyası keçirdikləri bildirilir. Sakinlərin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinə etiraz etdiyi söylənir.

Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, bu dəfə də bələdiyyə sədri seçilən Mürvət Kərimov kəndin torpaqlarını aidiyyəti olmayan adamlara verib. «M.Kərimov böyük əkin sahələrini rayon adamlarına verib. Onlar həmin torpaqda əkir, kəndin əhalisi isə pis vəziyyətdədir. Bələdiyyə sədri bizə yaşamağa imkan vermir. Cənab prezidentdən xahiş edirik ki, bizim məsələmizə baxsın», - sakinlərdən biri deyib.

«Belə seçki olar?»

Başqa bir kənd sakini iddia edib ki, seçkilərdə M.Kərimova səs verməyiblər. «Biz M.Kərimovu istəmirik. O, yenidən vəzifəyə saxtakarlıqla gəlib. Seçkilər günü adamları rayon mərkəzindən gətirdiblər, narazı olanları həbslə hədələyiblər. Seçki məntəqəsində icra nümayəndəsi var idi. Belə seçki olar? Qanun tələb edəndə də Cinayət Məcəlləsinin bütün maddələri ilə hədələyirlər. Bütün kənd yenidən seçilmiş bələdiyyə sədrindən narazıdır. Biz Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə də bu barədə məlumat vermişik, nəticə yoxdur», - sakin vurğulayıb.

Böyük Söyüdlü bələdiyyəsinin sədri Mürvət Kərimov isə «Turan» agentliyinə bildirib ki, seçkiləri keçirən orqan bələdiyyə deyil: «Seçkini biz keçirməmişik və bu məsələ ilə bağlı hər hansı irad varsa, narazı olanlar bütün bunları dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına bildirə bilər. Digər tərəfdən, sakinlər etirazlarını başqa formada, yəni yazılı formada bildirə bilərlər. Onlar isə təxribatla məşğuldurlar».

«Hamısı yalandır»

Bələdiyyə sədri həmçinin bildirib ki, qanunsuzluqlara yol verməsi ilə bağlı ittihamlar əsassızdır: «Kənd sakinlərin dediklərinin hamısı yalandır. Biz aidiyyəti qurumlara hesabat veririk və bələdiyyə ayrılan vəsaitlər qəpik-qəpik həmin hesabatlarda öz əksini tapır».

«Turan» agentliyinin məlumatına görə, həmin ərazinin daxil olduğu 117 saylı Oğuz-Qəbələ dairə seçki komissiyasının sədri isə bu məsələ ilə bağlı danışmaq istəməyib. «Mən telefonla heç bir suala cavab vermirəm. Yanıma gələrsiz, bütün suallarınızı cavablandıracam», - sədr qeyd edib.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından (MSK) da münasibət öyrənmək mümkün olmayıb.

Amma dekabrın 24-də MSK sədri Məzahir Pənahov bildirmişdi ki, onlara edilən müraciətlərə Seçki Məcəlləsinə uyğun baxılacaq. «Biz vətəndaşlara müraciət edirik ki, məntəqələrdə baş verən hadisələrlə bağlı gecikmədən dairə seçki komissiyalarına müraciət etsinlər», - deyə o vurğulamışdı.

Dünən, dekabrın 24-də Xaçmaz rayonunun Niyazoba kəndinin bir qrup sakini də etiraz aksiyası keçirmişdi. Onlar da dekabrın 23-də kənd üzrə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrindən narazılıq edirdilər.

Xatırlatma

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

MSK qeyd edib ki, ölkə üzrə 1627064 nəfər səs verib və seçici fəallığı 32.72 faiz olub.

Qurumun məlumatına görə, bu seçkilər zamanı ölkə üzrə 1606 bələdiyyəyə 15156 üzv seçilməli idi. Bülletenlərə 41462 namizədin adı daxil edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG