Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:56

Nüvə silahı həm azalır, həm də sazlanır


«Topol-M» qitələrarası ballistik raketi
«Topol-M» qitələrarası ballistik raketi

Dünyada nüvə silahlarının sayı azalmaqdadır. Ancaq belə arsenal sahibləri silahları modernləşdirir və yaxın gələcəkdə ondan əl çəkmək niyyətində də deyillər. Bu haqda Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) iyulun 3-də hesabat yayıb.

Hesabatda deyilir ki, doqquz ölkənin 4 min 150 operativ (işə salınmağa hazır) nüvə başlığı var.

İŞƏ SALINMAĞA HAZIR BAŞLIQLAR

Nüvə silahlarının ümumi sayına gəlincə, bir il öncə bu rəqəm 15 min 395 idi, indi 14 min 935-ə düşüb.

Hesabatda nüvə silahı olan doqquz ölkənin – Birləşmiş Ştatlar, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan və Şimali Koreyanın adları çəkilir.

Siyahının başında Rusiya durur –1950 hazır vəziyyətdə olan döyüş başlığı, 5050 digər döyüş başlığı var. Siyahının dibində yer alan ölkə Şimali Koreyadır, SIPRI Pxenyanda 10-20 nüvə başlığının olduğunu bildirir.

Birləşmiş Ştatların 1800 hazır vəziyyətdə olan, 5 min digər döyüş başlığı var.

DİGƏRLƏRİNİN CƏMİ 300 BAŞLIĞI VAR

Digər ölkələr isə birlikdə 300-dən də az nüvə döyüş başlığına malikdirlər.

Hesabata görə, «hazır döyüş başlıqları» raketlərin başına yerləşdirilmiş, yaxud bazalarda operativ qüvvələrlə birlikdə olan başlıqlara aiddir.

«Digər döyüş başlıqları» isə ehtiyatda saxlanan, yaxud istifadə olunmayan, demontajını gözləyən başlıqlara aid edilir.

«Dünyada nüvə silahlarının sayının azalması Rusiya və Birləşmiş Ştatlara görədir. Onlar birlikdə cəmi nüvə silahlarının 93 faizinə sahibdirlər və strateji nüvə silahları inventarını kiçildirlər», – hesabatda vurğulanır.

400 MİLYARD DOLLAR

Ancaq o da qeyd olunur ki, hər iki ölkə hazırda bahalı nüvə modernizasiya proqramları gerçəkləşdirir.

Məsələn, Birləşmiş Ştatlar 2017-26-cı illərdə nüvə qüvvələrinin saxlanmasına və hərtərəfli yenilənməsinə 400 milyard dollar xərcləməyi planlaşdırır.

«Nüvə silahlarının yasaqlanması üzrə beynəlxalq danışıqlarda son irəliləyişə baxmayaraq, doqquz ölkənin hamısında uzunmüddətli modernizasiya proqramları həyata keçirilir», – SIPRI-nın baş tədqiqatçısı Shannon Kile deyib.

«Bu o deməkdir ki, bu ölkələrin heç biri yaxın gələcəkdə nüvə arsenalından əl çəkməyə hazır deyil», – o, sözlərinə əlavə edib.

XS
SM
MD
LG