Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:04

Nuri Bilgə Ceylan: 'Ölüm həmişə bizimlə olub və bu, yaxşı şeydir'


Nuri Bilgə Ceylan
Nuri Bilgə Ceylan

Tamaşaçını öz içinə çəkən «Bir zamanlar Anadolu'da» filmi tipik polis dramı deyil. Film türk rejissoru Nuri Bilgə Ceylanı dünyaya günümüzün ən yaxşı kinematoqrafçılarından biri kimi tanıdıb. Bu film sayəsində ciddi və müdrik Ceylan Berqman, yaxud Tarkovski ilə müqayisə olunur.

«Bir zamanlar Anadolu'da» rejissorun «Üç maymun»dan sonra ikinci kvazi-trilleridir. Tənqidçilər onu «Nuar janrının Bosfor təzahürü» adlandırırlar.

«Mən detektiv kitabları oxumuram, heç vaxt da oxumamışam. Ancaq hərdən Dostoyevskinin romanlarını..., yəni «Karamazov qardaşları»nı oxuyuram, bu, detektivdir. …Baxdığım tək detektiv filmi Polanskinin filmidir. Adı nəydi onun? «Chinatown». Və mən onu çox da bəyənmədim», - o, «The Independent»in müxbirinə deyir.

Özəl filmlər

53-yaşlı rejissorun qara təbəssümü özünün çəkdiyi «İklimler» filmində baş rolu oynayan zaman onun çox işinə yarayıb. Bu filmdən sonra ona rollar təklif olunmağa başlayıb, ancaq Ceylan hər dəfə onlardan imtina edib. «Mənim səsim uyğun deyil, bunu anlamaq asan deyil», – o, təsirli səsiylə astadan deyir.

Ceylan kinoya gec gəlib, ilk qısa filmini 36 yaşında çəkib. Onun ilk tammetrajlı filmi 1997-ci ildə çəkdiyi «Kasaba» filmi olub. Bu film və demək olar ki, onun sekveli sayılan «Mayıs Sıkıntısı» filmi Egey sahilindəki Çanaqqala əyalətinin şimalındakı Yenicə kəndində çəkilib. Ceylanın özü də bu kənddə böyüyüb. O, həmişə son dərəcə özəl filmlər çəkib. İlk filmlərinə öz valideynlərini çəkib. 2002-ci ildə çəkdiyi «Uzak» filmini isə özünün İstanbuldakı mənzilində çəkib. Rejissorun burjua bohemasının nümayəndəsi olaraq avtoportreti kimi görülən bu film ona dünya şöhrəti qazandırıb. 2006-cı ildə çəkdiyi «İklimler» filmi kişi ilə qadın arasında münasibətlərin qopmasının ağrıları haqdadır. Baş rolları rejissorun özü və həyat yoldaşı Ebru Ceylan canlandırır. Ancaq film qətiyyən onların öz evliliyi haqda deyil. Cütlük bu gün də bir yerdədir və Ceylanın son iki filminin ssenarisini birlikdə yazıblar.

«Bir zamanlar Anadolu'da» bir qətl işinin araşdırılması haqdadır. Şübhəli meyiti basdırdığı yeri xatırlamadığı üçün iş uzanır. Bu filmin ideyası ssenarini Ceylan cütlüyü ilə birlikdə yazan Ercan Kesaldan gəlir. Kesalın özü həkimdir və bir dəfə belə bir istintaqda iştirak etməli olub. Ceylan deyir ki, meyit axtarışının gecə baş verməsi yox, məhz Türkiyənin ucqar yerində baş verməsi filmə ekzistensial rəng qatır: «Məmurlar bu işləri saat 5-dən sonra görməyə başlayırlar ki, əlavə maaş alsınlar».

«Hər kəs özünü qoruyur»

Ceylan heç nəyi mürəkkəbləşdirmədiyini deyir: «Mən tapmacaları sevmirəm. Ancaq real həyatda biz reallığın yarısı ilə işləyirik. Qalanını tapmaq üçün vərdişimiz, yaxud refleksimiz var, çünki biz daim bir-birimizə yalan danışırıq; hər kəs özünü qoruyur. Auditoriya bu prosesə qoşulmursa, bunu dərinləşdirmək mümkün deyil. Ədəbiyyatdakı kimi».

Ceylan İstanbulda doğulub. Ancaq 2 yaşı olanda kənd təsərrüfat mühəndisi olan atası ailəsi ilə birlikdə öz doğma Yenicə kəndinə qayıdıb. Beləcə Nuri və böyük bacısı kənd mühitində böyüyüblər. Ancaq «Bir zamanlar Anadolu'da» bu yerlərdən çox uzaqda çəkilib.

«Mənim yaşadığım yerlərdə ölüm həmişə bizimlə idi, həyatın ortasında idi və bu, yaxşı şeydir. Son bir neçə ildə kəndə, qohumlarının dəfninə getmişəm və görürəm ki, onlar itki üzüntüsünü azaltmaq üçün çoxlu ayinlər yaradıblar. Bunu müşahidə etmək məni çox sakitləşdirir», – o deyir.

«Bir zamanlar Anadolu'da» filminə bilərəkdən rus çaları verilib. Ceylanın rus ədəbiyyatına, xüsusən Çexova marağı sonsuzdur: «Rus ədəbiyyatı… bəlkə də filmlərimə ən böyük təsiri göstərib. …Əgər rus ədəbiyyatında türklərin əksini görməsəydim, ona müraciət etməzdim. Ancaq bu, insanlığa aiddir».

Ceylan Türkiyədə çox da üzə çıxmır. O, heç vaxt TV-də görünmür, Kanna film aparmırsa, müsahibə vermir. «Orada mən hər kəsə açığam… Ancaq Türkiyədə özümü təcrid edirəm. Zəngin dostumdan olduğunu bilməsəm, telefona da cavab vermirəm», – o deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG