Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:04

Deputat: 'Təcili şəkildə vəkillərin sayını artırmaq lazımdır...'


Məhkəmə qarşısında.12 may 2017
Məhkəmə qarşısında.12 may 2017

Oktyabrın 31-də parlament nümayəndəlik institutu ilə bağlı Ali Məhkəmənin təklif etdiyi qanunvericiliyə dəyişiklikləri müzakirəyə çıxaracaq. Bu haqda AzadlıqRadiosu-na Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib. Deputat israrla bildirir ki, söhbət bəzi mütəxəssislərin dediyi kimi, nümayəndəlik institutunun ləğvindən getmir, sadəcə, vəkillik institutu gücləndirilir.

– Mən layihənin birmənalı şəkildə tərəfdarıyam. Söhbət bəzi insanların dediyi kimi, nümayəndəlik institutunun ləğvindən getmir. Nümayəndəlik institutunun ləğvi Azərbaycan mülki hüququnu şikəst etmək olardı. Söhbət vəkillik institutunun daha da gücləndirilməsindən, bir sıra məhkəmə proseslərində nümayəndələrin vəkillərlə əvəzlənməsindən gedir. Amma bu da bir reallıqdır ki, bizdə vəkillərin sayı azdır. Məsələn, qonşu Gürcüstanda vəkillərin sayı bizdəkindən 4 dəfə çoxdur. Avropa ölkələrində hər yüz min nəfərə düşən vəkilin sayını götürəndə də bizdə vəkillərin sayı dəfələrlə azdır. Vəkillik institutunu gücləndirmək və vəkillərin sayını artırmaq lazımdır. Sözügedən dəyişikliyin bu tezliklə, təcili qüvvəyə minməməsinin tərəfdarıyam. Qanunvericiliyə dəyişiklik dekabrda qüvvəyə minməlidir. Yəni o qüvvəyə minənə kimi vəkillərin sayının artırılması məsələsi də gündəmdədir.

Rafael Cəbrayılov
Rafael Cəbrayılov

“Nümayəndəlik institutunun ləğvi Azərbaycan mülki hüququnu şikəst etmək demək olardı”

– Rafael müəllim, vəkillərin sayı qısa müddətdə necə artırıla bilər?

Buna da bax: 'Kollegiya'ya daxil olmayan vəkillər niyə narahatdır? [video]

– Dövlətin bu məsələdə siyasi xətti ondan ibarətdir ki, vəkillərin sayını artırmaq lazımdır. Mən bu halda layihənin tərəfdarıyam. Məsələn, hamımız bilirik ki, Ali Məhkəmə işə mahiyyəti üzrə baxmır. Onun işi əsasən aşağı instansiya məhkəmələrində işə baxılarkən qanun pozuntusunun olub-olmadığını araşdırmaqdır. Bəzən baytar təhsili almış şəxs məhkəmədə nümayəndəlik edir. Burda isə söhbət professional hüquqi çəkişmədən gedir. Bu layihə çox yaxşıdır, çox düzgündür. Məhkəmədə bütün fəaliyyət məhkəmə çəkişməsi prinsipinin üzərində qurulur. Hüquqi çəkişmə zamanı tərəflər professional olmalıdırlar. Məsələ bundadır. Məsələni nümayəndəlik institutunun ləğvi kimi qoymaq bu vəkillikdən başı çıxmayanların işidir. Məsələni bu şəkildə qarışdırmağa ehtiyac yoxdur. Sadəcə, bəzi situasiyalarda nümayəndəlik vəkilliklə əvəzlənəcək. Ancaq ailədə həddi-buluğa çatmayanların nümayəndəsi kimi yenə valideyn çıxış edə bilər və o qanuni nümayəndədir. Və ya anlaqsız olan, mülki fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyəti olan, psixi və ya fiziki qüsurları olan insanların qanuni nümayəndəsi onların qəyyumları, himayəçiləridir. Yaxud hər hansı hüquqi şəxs öz işçisini məhkəməyə nümayəndə kimi göndərə bilər. Mən sadaladığım şeylər ləğv olunub ki, deyəsən, nümayəndəlik institutu ləğv olunub? Sadəcə, bir sıra məhkəmə çəkişmələrində nümayəndələr vəkillərlə əvəzlənəcək. Bütün dünya bu prosesdən keçib.

Buna da bax:​ Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'

– Bəs hansı hallarda nümayəndələr vəkillərlə əvəzlənəcək? Sadalaya bilərsinizmi?

“Bir var sizi məhkəmədə baytar müdafiə etsin, bir də var peşəkar vəkil. Bu, insanlarımızın xeyrinə olan məsələdir”.

– Söhbət bir-iki haldan yox, məhkəmə çəkişməsinin professional tərəflərindən gedir. Çoxlu hallar var. Bu tərəfin öz mənafelərinə uyğundur. Bir var sizi məhkəmədə baytar müdafiə etsin, bir də var peşəkar vəkil. Bu insanlarımızın xeyrinə olan məsələdir.

– Bir sıra hüquqşünaslar hesab edir ki, qanunvericiliyə təklif olunan bu dəyişiklik məhz nümayəndəlik institutunun ləğvidir və bunun kökündə siyasi məqsəd durur. Azərbaycanda bir sıra müstəqil vəkillərin, xüsusən də siyasi proseslərə çıxan vəkillərin kollegiyadan uzaqlaşdırıldığı və ya uzaqlaşdırmaq üzrə olduğu haqda iddialar səslənməkdədir və onların bir qismi məhz nümayəndə kimi məhkəmə proseslərinə çıxırlar. Nümayəndəlik institutu ilə bağlı dəyişiklikləri də bu prosesin davamı kimi, siyasi motivlə həbs edilənlərin müdafiəsiz qalması, eləcə də müstəqil vəkillərin məhkəmə çəkişmələrindən uzaqlaşdırılması kimi dəyərləndirilir.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

– Onlar Vəkillər Kollegiyasının üzvü olmadan da, imtahan verərək sertifikat almaqla vəkillik edə bilərlər. Bu tamam başqa söhbətin mövzusudur. Söhbət kiminsə əl-qolunun bağlamaqdan getmir. Nümayəndəlik institutunun ləğvi haqda deyilənlərə gəlincə, misal çəkdim, bir var məni məhkəmədə nümayəndə kimi baytar təmsil etsin, bir də var vəkillik imtahanından keçmiş peşəkar. Bunlar fərqli məsələlərdir.

– Yəni siz burda siyasi motiv olmadığını bildirirsiniz?

“İnanın mənə - hamı bilir ki, mən obyektivəm, mən heç bir partiyanın üzvü deyiləm – bunun heç bir siyasi tərəfi yoxdur”.

– Əstəğfürullah. İnanın mənə - hamı bilir ki, mən obyektivəm, mən heç bir partiyanın üzvü deyiləm – bunun heç bir siyasi tərəfi yoxdur. Amma siz məndən soruşsanız ki, məhkəmə proseslərində iştirak edən vəkillərin sayı yetərlidirmi? Mən deyəcəm, xeyr, yetərli deyil. Təcili şəkildə vəkillərin sayını artırmaq lazımdır. Bildiyimə görə onlar bu yaxında imtahan verməlidirlər. Hətta mən təklif edirəm ki, orda keçid balını aşağı salmaq lazımdır, qoy vəkillərin sayı təcili çoxalsın. Məhkəmə proseslərində belə deyək, hüquqi tıxac yaranmasın. Bizdə respublika üzrə 900-dən bir az artıq vəkil var. Bu, çox azdır. Regionların payına düşən vəkillərin sayı 200-dən bir az çoxdur. Elə rayonumuz var orda bir vəkil fəaliyyət göstərir.

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənir]

– Vəkillərin sayının az olmasının səbəbi nədir? Bir neçə il öncə beynəlxalq qurumlar da vəkillərin sayının artırılması yönündə çağırışlar edirdilər.

– İctimai proseslərin ən xarakterik cəhəti tədricilikdir. Heç bir şeyi sehrli çubuqla həll etmək olmaz. Son zamanlar vəkillərin sayı artmaqdadır və bu proses davam edir. Mən adam tanıyıram ki, son 5 ildə dəfələrlə imtahan verib. Gedib prokurorluğa da imtahan verir, vəkilliyə də, hakimliyə də. Heç birindən də keçmir. O elə bilir ki, Cinayət Məcəlləsini, qanunu əzbərləmək lazımdır. Əzbərlənəsi bir kitab var, o da “Quran”dır, qiyamət gününə kimi dəyişməyəcək. Məcəlləni isə biz hər iclasda dəyişirik. Bəli, belə insanlar da əks fikirlər yürüdürlər.

"Mən, axı, dedim ki, vəkillərin sayı artırılana qədər dəyişiklik qüvvəyə minməsə yaxşıdır..."

– Bəs keçid balının aşağı salınması bu cür “hüquqşünaslar”ın kollegiyaya düşməsinə səbəb olmayacaq?

– Əsla yox. Orda insanlar var ki, ümumiyyətlə, bal yığa bilmirlər. 100 sualdan 10 suala cavab verirsə, bu hüquqşünasdır? Sualların yarısına cavab vermirsə, o adamın “mən hüquqşünasam” deməyə haqqı yoxdur.

– Son sual. Belə bir ehtimal var ki, bu dəyişiklikdən sonra mülki müdafiə iflic ola bilər. Sizcə, mümkündürmü?

Rəfail Cəbrayılov: "Məsələn, qonşu Gürcüstanda vəkillərin sayı bizdəkindən 4 dəfə çoxdur"
Gözlə

No media source currently available

0:00 0:07:55 0:00
Direct-ə keçid

Buna da bax: Keçmiş amerikalı diplomatlar: Əliyevlə sərt davranın

– Bir az ifrata varırlar. Mən, axı, dedim ki, vəkillərin sayı artırılana qədər dəyişiklik qüvvəyə minməsə yaxşıdır. Ona görə də dəyişiklik dekabrda qüvvəyə minəcək. Düşünürəm ki, o vaxta qədər vəkillərin sayı artırılacaq. İflic vəziyyətə düşmək söhbəti yoxdur. Amma vəkillər də bir az rasional işləməyi öyrənməlidirlər. Bütün islahatlar təzyiqlə qarşılanıb. İnkişaf da burdan doğur, əksikliklərin vəhdətindən, ziddiyyətlərin mübarizəsindən. Əksiklik olmasa inkişaf mümkün deyil.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG