Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:19

General oğlu avtobus sürücüsünü necə döyməsindən danışdı


Hadisə ictimailəşəndən sonra Novruzəli Orucov vəzifəsindən azad edilib
Hadisə ictimailəşəndən sonra Novruzəli Orucov vəzifəsindən azad edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov həbsinə səbəb olan hadisə haqda öz məhkəməsində danışıb. Ona görə həbs edilən iki dostunun əslində heç bir günahı olmadığını deyən 21 yaşlı R.Orucov avtobus sürücüsünü söyüşə görə vurduğunu bildirib.

85 saylı marşrut avtobusunun sürücüsü, 36 yaşlı Sənan Səmədovu döyüb təhqir etməkdə suçlanan R.Orucov 4 il 6 ay, həmin vaxt hadisədə iştirakda ittiham olunan dostları Pərviz AbbasovKənan Vəliyevin hər biri isə 1 il 6 ay azadlıqdan məhrum edilib. Onlar hökmdən narazı qalaraq, apellyasiya şikayəti veriblər. R.Orucovun vəkilləri şikayətə məhkəmə istintaqı aparılmaqla (zərərçəkmiş və şahidlərin yenidən dindirilməsi, əlavə sübutların araşdırılması) baxılmasını istəmişdilər. Bakı Apellyasiya Məhkəməsi vəsatəti təmin edib.

«Dedi ki, «söyülməli adamsan», onu vurdum, yıxıldı...»

Aprelin 5-də məhkəmədə ifadə verən R.Orucov sürücüsünü döyməsi barədə danışarkən deyib ki, hadisə günü metronun «Memar Əcəmi» stansiyasının yanında tıxacda olub, həmin vaxt avtobus ardıcıl siqnal verib. Buna görə sürücüyə irad bildirəndə sərt reaksiya ilə qarşılaşıb: ​

***Buna da bax-General oğlu da saxtakarlıqdan şikayətlənir

«Qışqırdı ki, «korsan, görmürsən ki, probkadır?» Maşından düşüb nömrəsini istədim, vermədi. Qayıdıb maşına minəndən sonra pəncərədən mənə var-yox söyüşü söydü. Yenə nömrəsini istədim. Dedi, «arxamca gəl». Gedib avtobusun axırıncı dayanacağında onu gözlədim. Bu gəldi, hamı maşından düşüb qurtarandan sonra dispetçer yaxınlaşdı. Dedim ki, «söyüşə görə üzr istəsin, gedim». Özündən də soruşdum ki, «məni niyə söydün?». Qayıtdı ki, «söyülməli adamsan». Bunu deyəndə vurdum onu, yerə yıxıldı. Mən də çıxıb getdim».

R.Orucovun sözlərinə görə, cinayət məsuliyyətinə cəlb edilmiş iki dostu onunla deyildi, özü maşında tək olub: «Onlar o ərazidən keçəndə görüblər. Görüşümüz vardı, hərbi xidmətdən gələn dostumuza görə birlikdə restorana getməliydik».

«Sürücünün ürəyi getmişdi, ona su verdik»

Təqsirləndirilən şəxslər P.Abbasov və K.Vəliyev də ifadələrində hadisədə iştirak etmədiklərini bildiriblər.

***Buna da bax-R.Məmmədhəsənov: 'Məmur övladına nəzarət edə bilmirsə, o boyda camaatı necə idarə edəcək?'

«Biz Pərvizlə oradan keçəndə Rüstəmin maşınını gördük. Biz yaxınlaşanda Rüstəm maşınına minib getdi. Oradakı adamlar dedi ki, Rüstəm sürücünü vurdu. Sürücünün ürəyi getmişdi. Su alıb gətirdim, onu ayıltdıq. Yerdən qalxan kimi, yenə Rüstəmi söydü. Ona dedik ki, söyürsənsə, özünə söy, valideynləri ilə nə işin var. Sonra biz də çıxıb getdik», – K.Vəliyev ifadəsində belə deyib.

Hadisə 2017-ci il iyulun 3-də baş verib. İttihama görə, R.Orucov BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə 85 saylı avtobusun sürücüsü ona irad bildirib. Cinayət işinin materiallarında yazılıb ki, general oğlu sürücü S.Səmədovun idarə etdiyi avtobusu 8 dayanacaq təqib edib və sonda sərnişinlərin gözü qarşısında dostları ilə birlikdə onu döyüb, təhqir edib.

R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib.

Avtobus sürücüsünün döyülməsiylə bağlı hadisə ictimailəşəndən sonra N.Orucov da vəzifəsindən azad edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG