Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Prezident köməkçisi: ‘Müşahidə Missiyasının bəzi üzvləri…’


Novruz Məmmədov
Novruz Məmmədov

“Beynəlxalq Müşahidə Missiyasının hesabatı əvvəldən hazırlanmışdı. Bu məzmunda məlumatlar mənə də çatmışdı, özü də xarici ölkə nümayəndələrindən və missiya üzvlərindən çatmışdı”.

Bu sözləri Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov özünün Facebook səhifəsində yazıb.

Prezident köməkçisinin iddasına görə, ona məlumat verənlərlə razılaşması olub ki, adlar gizli saxlanılsın.

“Həqiqətən də Müşahidə Missiyasının bəzi üzvləri yalnız xaricdə və daxildə olan müxaliflərlə əlaqə saxlamaqla məşğul olublar…”, Məmmədov bildirib.

N.Məmmədov Seçki Müşahidə Missiyasının hesabatına isti-isti, dünən, aprelin 12-də axşam da reaksiya verib. O, Facebook səhifəsində missiyanın bəyanatından təəccübləndiyini yazıb:

“Hər şeydən əvvəl bu qədər şişirtmək heç düzgün deyil, bu necə beynəlxalq müşahidə missiyası oldu? Birincisi, Seçki Müşahidə Missiyasının özünün tərkibindəkilərin böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs demokratiya harada qaldı?”, prezidentin köməkçisi sual edirdi.

Xatırlatma

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Hələ seçki günü gecə, Mərkəzi Seçki Komissiyası (MSK) bildirmişdi ki, artıq səslərin 90 faizindən çox sayılıb. Sayılan bülletenlərə əsasən, hazırkı dövlət başçısı İlham Əliyev 86 faizlə liderdir. Qalan 7 namizədin 0.75 faizdən 3.11 faizə kimi səs topladığı bildirilib.

ATƏT DTİHB-nin müşahidəçiləri, bu qurumun və Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətlərinin hazırladığı hesabatda Azərbaycandakı seçkilərin hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirildiyi bildirilib.

“Hüquqların məhdudlaşdırıldığı, plüralizmin olmadığı şəraitdə seçkilərdə əsl rəqabət olmayıb. Namizədlər hazırki prezidenti tənqiddən çəkiniblər. Seçki kampaniyası və prezidentin fəaliyyəti arasında fərq olmayıb”, beynəlxalq müşahidəçilərin bəyanatında bildirilib.

Onlar vurğulayıblar ki, seçki günündə müşahidəçilər məcburi prosedurlara kütləvi məhəl qoyulmaması, şəffaflığın olmaması, seçki qutularına bülletenlərin topa şəkildə atılması kimi ciddi pozuntuları qeydə alıblar.

ATƏT-in seçkiyə aid müşahidə missiyasından Azərbaycan rəsmilərinin son tənqidlərinə münasibətini almaq isə, hələlik, mümkün olmayıb.Bundan əvvəl missiya üzvlərinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı və onlara etirazın bildirildiyi açıqlanmışdı.

XS
SM
MD
LG