Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlərin preventiv tədbirləri gücləndirməsi və kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.
Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah bu gün, martin 10-da məlumat yayıb.
Qərargah vurğulayıb ki, bununla əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilir:
"Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır. Həmçinin, adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir".
Futbol oyunları da azarkeşlərsiz keçəcək
Azərbaycan Premyer Liqasının bəzi turlarının oyunları da azarkeşsiz keçiriləcək.
Bu barədə martin 10-da Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb.
Sənəddə bildirilib ki, koronavirusun dünya üzrə əhatə dairəsi genişləndiyindən Azərbaycanda da profilaktik tədbirlər gücləndirilib.
Sənədə əsasən, I Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turlarının oyunları azarkeşsiz keçiriləcək.
312 nəfər karantindən buraxılıb
Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah isə bildirir ki, martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq olunmamış, səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu- İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec-yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.
Hazırda Azərbaycanda 11 nəfərin bu virusa yoluxduğu açıqlanıb. Əsasən İrandan qayıdan 500-dən çox şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.
Son bir neçə ayda dünyada bu virusdan 4 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.