Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Növbədənkənar seçki söhbətinin arxasında duran səbəblər


Azərbaycanda parlament seçkisi, Bakı, 1 noyabr 2015
Azərbaycanda parlament seçkisi, Bakı, 1 noyabr 2015

Son iki həftədə növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda yayılan xəbərlər gündəmin müzakirəsinə çevrildi. Yayılan xəbərlər hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri tərəfindən təkzib edldi. 2018-ci ildə də prezident seçkilərinin keçiriləcəyi barədə yayılan informasiyalar YAP-çılar tərəfindən təkzib olunmuşdu, amma sonra seçki keçirildi. Oxşar situasiyanın təkrarlanma ehtimalı varmı, ümumiyyıtlə, bu cür söhbətlərin yayılmasında məqsəd nədir, “ictimai rəyi yoxlayırlar” deyənlər nə dərəcədə haqlıdır?

“Yalnız prezident açıqlama versə...”

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı AzadliqRadiosuna bildirir ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumatların yayılmasında bir neçə məqsəd ola bilər. Onun fikrincə, əvvəla bir qrup yenidən deputat seçilmək üçün bu cür söhbətlərə rəvac verə bilər, yaxud yeni siyasi qüvvələr parlamentə düşmək üçün belə açıqlama verirlər və bu haqda sosial şəbəkələrdə də yazırlar. M.Zülfüqarlı deyir ki, başqa bir qrupsa indiki parlamentdən narazıdır deyə belə söhbətləri yayması mümkündür, nəhayət, o, mövzu qıtlığından da belə xəbərlərin yayılmasını istisna etmir:

“Mən bu barədə düşünənləri və öz istəklərini reallıq kimi görmək istəyənləri qınamıram, payızda bələdiyyə seçkiləri keçiriləcək. Parlament seçkiləri isə gələn ilin noyabrında olacaq. Düzdür, Baş nazirin müavini deyilənləri Əli Əhmədov təkzib etdi. Ona görə bu haqda ehtimalla danışa bilərik, amma məsələ prezidentin səlahiyyətindədir, bu mənada konkret heç nə deyə bilmərəm. Yalnız prezident açıqlama versə, qəti fikir bildirmək olar”.

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Məhrrəm Zülfüqarlı xatırladır ki, 2018-ci ildə prezident seçkilərinin keçiriləcəyi haqda məlumatlar yayılanda, hakim partiya üzvləri təkzib edirdilər, ancaq bununla belə seçki keçirildi, ona görə də dəqiq heç nə söyləyə bilmir.

YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov bugünlərdə bildirdi ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur. O, növbəti parlament seçkilərinin 2020-ci ilin noyabrında keçiriləcəyini söylədi.

“Bir ildə iki seçki keçirmək ölkə üçün ağır ola bilər” ehtimalı

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı şayiələrin yaranmasında iki ehtimalın olduğunu düşünür.

Onun sözlərinə görə, bir il əvvəl növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda söz-söhbət onunla əsaslandırılırılırdı ki, 2025-ci ildə keçiriləcək prezident seçkiləri ilə Milli Məclisə seçkilər eyni vaxtd düşəcək və bir ildə iki seçkinin keçirilməsi ölkə üçün çətin ola bilər. O ki qaldı ikinci ehtimala, Bəşir Süleymanlı parlamentin tərkibinə, geosiyasi duruma və “seçki aktyorları”nın maraqlarına diqqət çəkir.

“Sonuncular hesab edirlər ki, parlamentin birrəngli olması, müxalif düşərgənin təmsilçiliyinin olmaması hakimiyyət üçün də uğurlu deyil. Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə yaxınlaşmaq istəyi görünür və qanunverici orqanın yenilənməsinə ehtiyac yaranır. Çünki indiki Milli Məclislə beynəlxalq arenaya çıxmaq, müzakirələrə qatılmaq heç də uğurlu deyil. Xüsusilə Cənubi Qafqazda birrəngli parlament Azərbaycandadır. Ermənistanda “məxməri inqilab”dan sonra Paşinyanın Baş nazir seçilməsi də belə söhbətlərin yayılmasına rəvac verdi. Yəni bu gün Azərbaycanda da müxtəlif siyasi partiyaların təmsil olunduğu Milli Məclisin yaranmasına ehtiyac var və İrəvanla danışıqlarda Bakının mövqeyini qeyri-demokratik baxımdan tənqid etməsinlər”.

Bəşir Süleymanlı,2010
Bəşir Süleymanlı,2010

Xatırlatma

Azərbaycanda sonuncu parlament seçkiləri 2015-ci ildə keçirilib. Seçkilərin nəticələrinə əsasən prezident İlham Əliyevin lideri olduğu Yeni Azərbaycan Partiyası (YAP) əksər seçki dairələrində qalib gələrək Milli Məclisdə çoxluğu qoruyub. Vətəndaş Həmrəyliyi Partiyası 2, daha 6 partiyanın hər biri isə 1 mandat əldə edib.
Hakimiyyətə müxalifətdə olan qüvvələrdən Milli Şura, Müsavat və REAL partiyasından isə bir nəfər belə parlamentə düşə bilməyib. Onlar bunu seçki mühütünün, qanunvericliyin azad rəqabətə imkan verməməsi və seçkilərin total şəkildə saxtalaşdırılması ilə izah ediblər.YAP isə belə tənqidləri qəbul etməyərək, ölkədə azad və ədalətli seçkilərin keçirildiyini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu müçahidəçilərin sayı məsələsində Bakı ilə razılaşma əldə etmədiyindən Azərbaycanda son parlament seçkilərini izləməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG