Keçid linkləri

2025, 19 Aprel, şənbə, Bakı vaxtı 21:39

Norveç hərbi şirkətlərinə Ukraynaya birbaşa silah satmaq icazəsi verdi


Norveç hökuməti yanvarın 1-dən silah və hərbi təyinatlı malların Ukraynaya birbaşa satılmasına dair qərar qəbul edib.

Bu o deməkdir ki, ölkənin silah-sursat istehsalçısı olan şirkətləri mallarını Kiyevə birbaşa sata biləcəklər.

Norveç qanunvericiliyi silah istehsalçılarına münaqişədə olan ölkələrə silah satılmasını qadağan edir. Beləliklə, Ukrayna üçün bu qanundan istisna verilib.

Norveçin xarici işlər naziri Espen Bart Eyde bəyan edib ki, Ukraynanın dəstəklənməsi həm ölkənin, həm də bütövlükdə Avropanın təhlükəsizliyi üçün müstəsna əhəmiyyətə malikdir:

"Biz nəzərə almalıyıq ki, bu qanunsuz müharibə hələ çox uzun sürə bilər”.

Anti-Rusiya koalisiyasının əhəmiyyətli üzvü

Norveç Avropa İttifaqına daxil olmasa da, ittifaqın iqtisadi zonasına daxildir. Norveç habelə NATO alyansının üzvüdür.

Rusiyanın Ukraynaya qarşı təcavüzü başlanandan bəri Norveç Rusiyanın müdaxiləsini pisləyib, Moskvaya qarşı sanksiyalara, habelə Ukraynaya maliyyə və hərbi yardım edən Avropa ölkələrinə qoşulub.

Norveç Ukraynaya həm öz ehtiyatlarından silah və sursat verir, həm də Avropa partnyorları ilə birlikdə Ukrayna hərbçilərini təlimləndirir.

Buna baxmayaraq bundan əvvəl Norveçin silah istehsalçıları Ukrayna hökuməti ilə Kiyevə silah və sursatın satılmasına dair birbaşa müqavilə imzalaya bilmirdilər.

Stortinq prinsipi

Norveçdə Stortinq prinsipi deyilən qayda qüvvədədir. Bu prinsipə əsasən istehsalçılar dövlətlərarası və yə vətəndaş münaqişəsində olan ölkələrə birbaşa silah-sursat sata bilməzlər.

Hökumət bildirib ki, Ukrayna istisna olunmaqla bu prinsip qüvvədə qalmaqda davam edəcək.

Norveç Ukraynanı istər müstəqil olaraq, istərsə də Avropa təşəbbüsləri və NATO müttəfiqliyi çərçivəsində müntəzəm dəstəkləyən Qərb ölkələrindən biridir.

2023-cü ildə Norveç hakimiyyəti Ukraynanın hərbi dəstəklənməsinə 11 milyard kron (1 milyard dollar) vəsait ayırıb.

Norveç krallığı Kiyevə habelə əhəmiyyətli humanitar yardımlar göstərir.

XS
SM
MD
LG