Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Norveç səfirliyinin Bakıdan getməsi siyasi məsələdir?


Azərbaycan da öz səfirini Norveçdən geri çağırdı - nə baş verir
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Azərbaycan da öz səfirini Norveçdən geri çağırdı - nə baş verir

Norveç hökuməti, səfirliyini Azərbaycanda bağlayıb, qonşu Gürcüstanda açmağa qərar verib. Bu qərarın səbəbi nələr ola bilər?

Tənqidçilər bunu Azərbaycanda demokratiyanın geriləməsi, ölkənin itkisi hesab edir, hakimiyyət isə deyir ki, bu, adi hadisədir.

Norveç səfirliyi noyabrın 9-da yaydığı açıqlamasında Azərbaycanda səfirliyin bağlanmasının səbəbi barədə danışmasa da, xarici işlər naziri Eriksen Soreide qonşu Gürcüstanda səfirlik açmasını belə izah edir:

“Gürcüstan bizim Avrasiya regionunda ən prioritet tərəfdaşlarımızdan biridir. Uzun illərdir ki, bu ölkə, onu Avropa və Avro-Atlantik əməklaşlıq strukturlarına yaxınlaşdıran islahatlar həyata keçirir. Norveçin Cənubi Qafqaz ölkələri ilə bağlarını, bu ölkələrdəki maraqlarını qiymətləndirərək, səfirliyi Gürcüstanda açmaq qərarı verildi. Tbilisidə daimi nümayəndəliyin açılması bütün regiondakı prosesi izləmək üçün bizə yaxşı imkan açır”.

Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gil
Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gil

2002-2006-cı illərdə Norveçin Azərbaycanda səfiri olmuş Steinar Gil isə ölkəsinin səfirliyini Bakıda bağlamasını Azərbaycanda insan haqlarının durumu ilə izah edir:

“Təəssüf ki, Azərbaycandakı mövcud rejim, Norveçin dəyərlərini paylaşmır, Azərbaycan ölkə kimi demokratik deyil. Gürcüstanın Norveçdə 2012-ci ildən bəri səfirliyi var, Norveçin Tbilisidə səfirliyinin olması, iki ölkə arasındakı yaxşı əlaqələri gücləndirəcək. Çox təbiidir ki, Norveçin Cənubi Qafqazdakı səfirliyi, Norveçlə, demokratiya, insan haqları, sivil topluma dair eyni dəyərləri paylaşan ölkədə yerləşəcək”.

Norveçin Bakıdakı diplomatik missiyası indiyə qədər, Azərbaycanda demokratik prosesi dəstəkləyən səfirlik kimi tanınıb.

Müxalifət üçün itki

ABŞ-ın Azərbaycanda keçmiş səfiri, Richard Kauzlarich də deyir ki, Azərbaycan insan haqları, ifadə azadlığı, demokratiya ilə bağlı səfirliyin güclü dəstəyini itirir. Onun sözlərinə görə, səfirlik bu fəaliyyətini Gürcüstanda davam etdirə bilər, amma bu, əvvəlki kimi güclü olmayacaq.

Müsavat partiyasının Divan üzvü Tofiq Yaqublu deyir ki, 2003-ci ildə, hakimiyyət, seçkilərin nəticəsinə etiraz etmiş müxalifətçiləri qanunsuz həbs edirdi, bu zaman onların bəziləri məhz Norveç səfirliydə müvəqqəti sığınacaq aldılar, daha sonra səfirlik onların məhkəmələrini diqqətdə saxladı. Tofiq Yaqublu deyir ki, həmin vaxtkı səfir Steinar Gil, Azərbaycana gəlmiş ən mütərəqqi səfir sayıla bilər, ondan sonrakı Norveç səfirləri müxalifəti belə açıq formada dəstəkləməsə də, bütün hallarda demokratik dövlət kimi onlara dəstək dururdu:

“Biz bütün ölkələrin səfirlikləri ilə görüşəndə onlardan xahiş edirik ki, leqal, açıq, dünyada qəbul edilmiş qanunlar və onların mandatları çərçivəsində Azərbaycanda söz, mətbuat azadlığı, insan haqları, digər azadlıqlarla bağlı mövqelərini ortaya qoysunlar və hökumətdən tələb etsinlər. Belə bir imkandan məhrum oluruq. Azərbaycanda əgər Səudiyyə Ərəbistanın, Sudanın səfirliyi bağlansaydı, biz bu mənada heç nə itirmirik, amma bu cür parlaq, əhəmiyyətli bir ölkənin səfirliyinin Bakıda bağlanması əlbəttə ki, bizə sərf eləmir”.

Hakimiyyət özünü o yerə qoymur

Başqa bir şərhçi isə iddia edir ki, Bakıda Norveç səfirliyinin bağlanması həm də Azərbaycanda hakim elitanın siyasəti ilə bağlıdır.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Trend Agentliyinə müsahibəsində deyib ki, Azərbaycan hökuməti səfirliyin bağlanmasına təəssüflənmir:

“Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması, ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur”.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, Norveç səfirliyinin Azərbaycanda açılması, bu ölkənin neft şirkəti Statoil-un Azərbaycanda işləməsi ilə bağlı olub, indi neft şirkəti işini məhdudlaşdırdığı üçün Norveç səfirliyini, Bakıda yox, regionun daha demokratik ölkəsinin paytaxtı Tbilisidə açmaq sərf edir, həm də ona görə ki, regional səfirlik olsun və Ermənistanla da yaxından işləyə bilsin.

Zərdüşt Əlizadə: "Norveç səfirliyini gələcəyi daha işıqlı ölkədə açır"

Siyasi şərhçi Zərdüşt Əlizadə də deyir ki, artıq Norveç səfirliyinin Azərbaycanda qalmaq üçün səbəbi yoxdur:

“Norveç demək olar ki, neft sektorunda iştirak etmir və demək olar ki, başqa sahələrə Azərbaycan hökuməti Norveçi buraxmır, Norveç vətəndaşları Azərbaycanda yoxdurlar, Azərbaycan haqqında məlumatları toplayıb ötürməyə də ehtiyac yoxdur, hamı bilir ki, Azərbaycan nə dövlətdir, hakimiyyətin və müxalifətin mahiyyəti nədir... Odur ki, Azərbaycanda səfirlik saxlamaq əvəzinə, bunu gedib gələcəyi daha işıqlı olan, Qərbə inteqrasiyaya daha yaxın olan Gürcüstanda açsınlar”.

AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:

Norveç deyəndə ağlınıza nə gəlir
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Ümumilikdə son illər qonşu Gürcüstanın demokratik inkişaf baxımından daha çox Qərbə yaxınlaşması müşahidə olunur. Azərbaycandakı seçkidən fərqli olaraq, Gürcüstandakı son prezident seçkisini, ATƏT də, demokratik kimi qiymətləndirdi.

Gürcüstanın beynəlxalq korrupsiya, insan haqları reytinqləri də Azərbaycandan yüksəkdir.

Bu xəbər yayılandan sonra, prezident İlham Əliyev də Azərbaycanın İsveç, eyni zamanda Norveç və Finlandiyadakı səfirini geri çağırıb, amma bunun səbəbi açıqlanmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG