Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:59

Norveç də rusiyalı turistləri ölkəyə buraxmayacaq


Norveç-Rusiya sərhədi
Norveç-Rusiya sərhədi

Norveç mayın 29-dan turist kimi və ya “zəruri olmayan məqsədlərlə” gələn rusiyalıların ölkəyə daxil olmalarına icazə verməyəcək.

Qərarda deyilir ki, bu qadağan onlara Şengen vizasını vermiş ölkədən asılı olmayaraq bütün rusiyalılara şamil ediləcək:

"Səfərlərinin məqsədi turizm və başqa əhəmiyyətsiz məsələlər olan Rusiya vətəndaşları ölkə sərhədindən daxil olduqları vaxt deportasiya ediləcəklər. Bu məhdudiyyət istər qaydaların sərtləşdirildiyi 2022-ci ilin yazınadək Norveç vizası olanlara, istərsə də vizasını Şengen zonasına daxil başqa ölkələrdən alanlara aiddir”.

Lakin bu da bildirilir ki, Norveçə qohumlarına baş çəkmək və yaxud təhsil və iş üçün gələn rusiyalılar istisna təşkil edirlər.

Hökumətin mətbuat üçün yaydığı məlumatda deyilir ki, Norveç bu qərarı ilə Moskvanın Ukraynaya səbəbsiz müdaxiləsi ilə bağlı Rusiyaya qarşı məhdudiyyətlər tətbiq edən müttəfiq və partnyorları ilə həmrəylik ifadə edir.

Norveç hələ 2022-ci ilin yazından rusiyalıların ölkəyə daxil olmalarını məhdudlaşdırmış və onlara viza verilməsini dayandırmışdı.

Rusiya kəşfiyyatının agentləri

Norveç habelə ötən ilin payızından Rusiya nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağan qoyub.

Bu Avropa Komissiyasının müvafiq qərarının ardınca baş vermişdi. Həmin qərarda Rusiya nömrə nişanlı avtomobillər qadağan olunmuş idxal kimi dəyərləndirilirdi.

Norveçdən başqa Rusiya avtomobillərinin ölkəyə daxil olmasına Aİ-nin 6 üzvü – Finlandiya, Polşa, Litva, Latviya, Estoniya və Almaniya qadağan qoyublar.

Bundan əvvəl Qərbi Norveç Polis Xidmətinin vəzifəli nümayəndəsi Torgils Lutro NRK telekanalına müsahibəsində demişdi ki, regionda Rusiya kəşfiyyatının agentləri geniş fəaliyyət göstərirlər.

Rəsminin sözlərinə görə Rusiya Norveçin həyati infrastruktur obyektlərinə qarşı təxribatlar törədə bilər.

Qeyd edilir ki, Norveçin qərbində Şimali Avropanın ən böyük hərbi dəniz bazası - Hokonsvern, habelə ölkənin mühüm neft-qaz obyektləri və elektrik təchizatı ilə bağlı başqa infrastruktur obyektləri yerləşir.

Rusiyalılar üçün Şengen zonasının qapıları bağlanır

Norveç istisna olunmaqla Rusiya ilə həmsərhəd Şengen zonası ölkələri Moskvanın 2022-ci ildə Ukraynaya tammiqyaslı basqınının ardınca rusiyalıların ciddi əsas olmadan ölkəyə gəlişinə qadağan qoyublar.

Rusiyalılar bu ölkələrə yalnız xüsusi məqsədlə gələ bilərlər. Burada söhbət ilk növbədə Aİ vətəndaşlarının ailə üzvlərinin səfərlərindən gedir.

Çexiya da Rusiya vətəndaşlarının ölkəyə daxil olmalarını qadağan edib.

Norveç Aİ üzvü olmasa da blokun Rusiyaya qarşı sanksiyalarına əməl edir. Norveç həm də Şengen zonasına daxildir.

Şengen vizası olan rusiyalı turistlər bu zonanın başqa ölkələrinə səfər etmək üçün həm də Norveçdən quru yolu keçib gedə bilirdilər.

Beləliklə, Norveçin qərarından sonra bütün Şengen zonasının quru qapıları rusiyalı turistlərin üzünə bağlanmış olur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG