Norveçin Equinor dövlət neft şirkəti Azərbaycandakı aktivlərinin satılması məsələsini nəzərdən keçirir.
Bloomberg agenlyinin yazdığına görə söhbət həm də şirkətin Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı payından gedir.
Bəzi təxminlərə görə Xəzər dənizində yerləşən bu yataqda çıxarılması mümkün olan 5.4 milyard barrel neft var.
20 milyard dollar investisiya qoyulmuş bu yataq hasilata 1997-ci ildə başlayıb və hasilat 2009-cu ildə pik nöqtəsinə çatıb.
Yalnız SOCAR almaqdan imtina edərsə...
Yatağın əməliyyatçısı BP-nin bu yataqda Equinor-dan başqa bir neçə xarici partnyorları var.
Bunlar Yaponiyanın Inpex, Exxon, Itochu, Hindistanın ONGC Videsh və Azərbaycanın SOCAR şirkətləridir.
Səhmdarlar arasında bağlanmış müqavilənin şərtlərinə görə Equinor öz payını satış üçün əvvəlcə SOCAR şirkətinə təklif etməlidir.
SOCAR payı almaqdan imtina edərsə, Norveç şirkəti onu başqa bir müştəriyə təklif edə bilər.
Artıq müştəri də tapılıb?
Bloomberg adı çəkilməyən mənbələrə istinadla yazır ki, artıq Norveç şirkətinin payı ilə maraqlanan tərəf var və danışıqlara başlanıb.
Oilprice.com saytı yazır ki, Azərbaycan bu arada Avropaya qaz ixracının artırılması ilə məşğuldur.
Azərbaycan bu ilin birinci rübü ərzində TAP kəməri vasitəsilə Avropaya 2.9 milyard kubmetr qaz ixrac edib.
Bu da qeyd olunur ki, Avropa İttifaqı və Azərbaycan Xəzər qazının ixracını 20 milyard kubmetrə çatdırmağı planlaşdırırlar.
Bu il Azərbaycan Avropaya 11.6 milyard kubmetr qaz nəql edib. Bu, 2022-ci illə müqayisədə cüzi artım deməkdir.
Bu arada BP AÇG yatağında qaz aşkar etdiyini bildirib. Şirkətin məlumatına görə burada hasilat 2024-cü ildə başlanmalıdır.