Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Bu il ədəbiyyat üzrə Nobel verilmədi. Kimsə hiss elədimi?


Britaniyanın həftəlik “Times Literary Supplement” ədəbi jurnalı mükafatlardan imtinaya görə Jean-Paul Sartre mükafatı təsis edib.

Fransız yazıçısı Jean-Paul Sartre 1964-cü ildə Nobel mükafatından imtina edib. Sartre öz fikirləri və mövqeyi üzərində hər hansı təsisatlı hakimiyyət görmək istəmirdi: “Siyasi, ictimai və ya ədəbi mövqeyi olan yazıçı sadəcə, öz vəsaitləri ilə fəaliyyət göstərməlidir. Bu vəsaitlər yazılı sözlərdir”, – deyə Sartre ədəbiyyat üzrə Nobel mükafatçılarını seçən İsveç Akademiyasına göndərdiyi cavabda yazmışdı.

Akademiyanın ozamankı katibi Karl Ragnar Gierow-sa ona belə cavab vermişdi: “Akademiyanın mükafatı potensial qalibin istəkləri ilə deyil, yalnız akademiyanın 18 üzvü tərəfindən müəyyən edilir”.

Jean-Paul Sartre Nobel mükafatından imtina edib
Jean-Paul Sartre Nobel mükafatından imtina edib

Sartre bir çox məsələlərdə yanılırdı. Ancaq bu məsələdə o, gələcəyi görə bilib. 54 ildən sonra İsveç Akademiyası da eyni mövqeyə gəlib çıxıb: 2018-ci il üçün mükafat ləğv edilib.

Mükafat 1901-ci ildə təsis olunub. Həmin dövrdə bütün dünya Lev Tolstoyu ən böyük yazıçı kimi tanıyırdı. Ancaq ədəbiyyat sahəsində ilk Nobel mükafatı heç ən qızğın frankofillərin belə tanımadığı Sully Prudhomme-a verilib. Bu şair sadəcə, ədəbiyyat üzrə Nobel mükafatının ilk laureatı olması ilə tanınır. Tolstoy 1910-cu ilədək həyatda idi, ancaq akademiya heç vaxt bu mükafatı ona verməyib. XX əsrin ilk onilliyində Chekhov, Ibsen, Zola, Hardy, James və Twain də sağ idilər. Onların heç biri bu mükafata layiq görülməyib. Beləcə, ədəbiyyat Nobelinin istiqaməti müəyyənləşib.

ƏDƏBİ YERLİBAZLIQ

Mükafatın 114 laureatı arasında tarixin ən böyük yazıçılarının adları var - Yeats, Mann, Faulkner, Kawabata, Camus. Ancaq onların sayı çox deyil. “The Weekly Standard”ın icraçı redaktoru Robert Messenger hesab edir ki, problem İsveç Akademiyasındadır.

1786-cı ildə təsis olunmuş akademiyanın missiyası İsveç ədəbiyyatının təbliği idi. Kiçik olsa da, dəyərli missiyadır. İsveç ədəbiyyatı haqda düşünərkən ilk ağla gələn adlardan biri “Uzuncorab Peppi”nin müəllifi Astrid Lindgrendir. Digər məşhur adsa əjdaha tatulu qızın yaradıcısı Stieg Larssondur. Dramaturq August Strindberg-sə İsveç ədəbiyyatının yeganə dünya miqyaslı siması sayıla bilər. O, 1912-ci ildə dünyasını dəyişib və təbii ki, heç vaxt Nobel mükafatına layiq görülməyib. Ancaq ümumilikdə yeddi İsveç yazıçısına Nobel mükafatı təqdim olunub. İsveç dilində dünyada heç 10 milyon adam belə danışmır. İsveç milli ensiklopediyası bu dili onu ana dili hesab edənlərin sayına görə 91-ci sırada yerləşdirib. Bu, qazax, Haiti kreolcası və keçua dillərindən də aşağı deməkdir. Ancaq bununla yanaşı ölkə ədəbiyyat sahəsində Nobel mükafatlarının sayına görə yalnız Almaniyadan geri qalır.

Dünya şöhrətli İsveç yazıçısı August Strindberg-ə Nobel verilməyib
Dünya şöhrətli İsveç yazıçısı August Strindberg-ə Nobel verilməyib

“İsveç Akademiyasının dar baxışı və ədəbi yerlibazlığı 1974-cü ildə ən yüksək nöqtəsinə çatıb”, – Robert Messenger yazır. Həmin il mükafat iki isveçli – yazıçı Eyvind Johnson və şair Harry Martinson arasında bölünüb.

Onların hər ikisi İsveç Akademiyasının 18 üzvü arasında idi. Johnson-un yaradıcılığından neçə nəfərin xəbəri var? Martinsona gəlincə, o, “Aniara” adlı gəminin fəzada itməsi haqda elmi-fantastik epik əsəri ilə tanınır. Gəmi yaşamaq üçün yararsız hala düşmüş Yer sakinlərini Marsa daşıyır. Sərnişinlər gəminin kompüterindən həyat dərsləri öyrənirlər. 1959-cu ildə bu poema əsasında opera yaradılıb. Messenger bu əsərin də çox güclü təəssürat yaratmadığı qənaətindədir.

SİYASƏT ƏDƏBİYYATDAN ÖNƏ ÇIXANDA

Əsr irəlilədikcə solçu siyasət və antiamerikanizm mükafatın simasını daha da dəyişdirməyə başlayıb. Müəllifin fikrincə, İsveç Akademiyasının 1964-cü ildə yalnız Sartre-ın bu mükafata layiq olduğunu düşünməsi onun siyasi məsələləri ədəbiyyatdan önə qoymasıdır.

2004-cü ildə mükafat orta səviyyəli avstriyalı yazıçı Elfriede Jelinek-ə verilib. Müəllif hesab edir ki, bu addımın yeganə izahı yazıçının Avstriyanın anti-ABŞ siyasətçisi Jörg Haider-ə qarşı ictimai mövqeyi idi. Jelinek bütün Avstriya-Macarıstan ədəbi məktəbindən Nobel mükafatına layiq görülmüş yeganə yazıçıdır. Halbuki, bu məktəb Rilke, Kafka, Altenberg, Zweig, Hofmannsthal, Schnitzler, Musil, Bernhard, Broch, Heimito von Doderer, Joseph Roth və Paul Celan kimi simalarla tanınır.

Ötən il ədəbiyyat üçün Nobel mükafatının Bob Dylan-a verilməsi tənqidlərə səbəb olub
Ötən il ədəbiyyat üçün Nobel mükafatının Bob Dylan-a verilməsi tənqidlərə səbəb olub

Son illərdə akademiyanın mükafatı absurdluqla primitivlik arasında qalıb. İş o yerə çatıb ki, iki il öncə mükafat Bob Dylan-a təqdim olunub. Şübhəsiz ki, Bon Dylan-ın gözəl mahnıları var. Ancaq müəllif hesab edir ki, o, Nobel mükafatçısı olmalı deyildi.

Onun fikrincə, mükafat bizim başqa yolla tanımadığımız yazıçıları ictimaiyyətin diqqətinə çatdıran zaman daha böyük fayda vermiş olur. Məsələn, Naguib Mahfouz ədəbiyyat nəhəngi olsa da, onun əsərləri ingilis dilinə yalnız bu mükafatın sayəsində tərcümə olunub. Svetlana Alexievich və Patrick Modianomight-ın əsərləri də yalnız bu mükafata layiq görüldükdən sonra xarici dillərdə nəşr olunub. Bu yazıçılar dahi olmasalar da, onların əsərlərinin ingilis dilində çapı müsbət və faydalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG