Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Nobel laureatını kimlər seçəcək


Nobel mükafatı
Nobel mükafatı

The Local

İsveç Akademiyası öz tarixində ilk dəfə kənar şəxslərin Nobel mükafatçılarını seçməsinə imkan yaradacaq. Bəs Akademiyanın üzvü olmayan şəxslər onun nüfuzunu xilas edə biləcəkmi?

1901-ci ildən ədəbiyyat sahəsində Nobel mükafatı laureatlarını seçməyə məsul bu nüfuzlu qurum 2017-ci ilin noyabrından bəri böhran keçirməkdədir. Böhrana qurumun üzvləri arasında meydana çıxmış parçalanma səbəb olub. Akademiya üzvləri zorlamada ittiham olunan fransız əsilli mədəniyyət xadimi Jan-Klod Arno ilə uzun zamandan bəri sürən sıx əlaqələrini necə davam etdirəcəyi ilə bağlı razılığa gələ bilmirlər.

Akademiya son 70 ildə ilk dəfə ədəbiyyat üzrə Nobel mükafatçılarının seçilməsini təxirə salıb. Qurum əvvəlcə özünün üzləşdiyi problemləri həll etmək istəyir.

«Bunun necə baş verəcəyini bilmirəm»

İsveç Akademiyasının Nobel Komitəsi, bir qayda olaraq, Akademiyanın 5 üzvündən ibarət olur. Komitənin işi potensial laureatı Akademiyaya təklif etməkdir. Noyabrın 19-da Akademiya qısa açıqlama verərək, 2019 və 2020-ci illərdə komitənin tərkibinə 5 kənar ekspertin də salınacağını bəyan edib. Bu ekspertlər arasında yaşı 27 – 73 arasında olan tənqidçilər, naşirlər və müəlliflər olacaq.

Ədəbiyyat üzrə Nobeli Bob Dilan aldı
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

2019-cu ilin ədəbiyyat mükafatçılarını müəyyən edəcək heyətin tərkibində iki yazıçı, iki tənqidçi və bir tərcüməçi olacaq. Kənar üzvlərin hər biri isveçli olacaq. Qeyd edək ki, komitə 2019-cu ildə həm də 2018-ci ilin təxirə salınmış mükafatını təyin edəcək.

«Anladığım qədər, biz mükafata namizədlərin adlarını nəzərdən keçirib müzakirə edəcəyik. Ancaq bunun məhz necə baş verəcəyini bilmirəm. Baxıb görəcəyik», – komitənin tərkibinə yeni salınmış ədəbiyyat tənqidçisi Rebekka Karde İsveçin SVT telekanalına deyib.

Akademiyanın daimi katibi Anders Olsson İsveçin TT xəbər agentliyinə bu iki illik təyinatın müvəqqəti olduğunu bildirib.

Nobel mükafatlarının maliyyələşməsi və inzibati işləri ilə məşğul olan Nobel Fondunun sədri İsveçin gündəlik «Dagens Nyheter» qəzetinə bildirib ki, Fond Akademiyanı kənar şəxsləri qəbul etməyə məcbur edib.

Nobel Fondu uzun zamandır ki, İsveç Akademiyasının sözügedən böhranı həlletmə tərzini tənqid edir. Fond daha öncə Akademiyaya xəbərdarlıq edərək bildirib ki, əgər qurum tez bir zamanda özünün ləkələnmiş nüfuzunu bərpa edə bilməyəcəksə, mükafatçıların seçilməsi işi başqa, daha münasib quruma həvalə olunacaq.

J.K.Arno
J.K.Arno

Qalmaqal necə yarandı

Qalmaqal 2017-ci ilin noyabrında #MeToo kampaniyası gedişində meydana çıxıb. 18 qadın Jan-Klod Arno tərəfindən zorlandığını, cinsi təhqir və qısnamaya məruz qaldığını iddia edib. J.K.Arno İsveç Akademiyasının üzvü, şairə Katarina Frostensonun həyat yoldaşıdır.

Fransız əsilli Arno mədəniyyət elitasının görüş yeri kimi təşkil olunmuş, əsası 1989-cu ildə qoyulmuş Forum Klubunun rəhbəri idi. Forum Klubu ədəbiyyat karyerasına yeni başlayan, naşir və yazıçılarla əlaqə qurmağa çalışan gənc müəlliflər arasında çox populyar idi. İsveç Akademiyası illərlə bu klubu maliyyələşdirib.

Arnonu suçlayanlar Akademiyanın onun davranışından xəbərdar olduğunu, ancaq mədəniyyət dairələrində «mədəni sükutu» qoruyub saxlamağa çalışdığını iddia edirlər.

72 yaşlı Arno 2011-ci ildə bir qadını zorlamaqda təqsirkar bilinərək 2 illik həbs cəzasına məhkum edilib. O, məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Apellyasiya qərarının dekabrın 3-də açıqlanması gözlənilir.

Arno, eyni zamanda, Nobel mükafatının bir əsrlik qaydalarını pozaraq qaliblərin adlarını sızdırmaqda günahlandırılır. Onun bunu 1996-cı ildən etibarən yeddi dəfə etdiyi iddia olunur. Onun qaliblərin adlarını kimə sızdırdığı və bununla bağlı hər hansı araşdırma aparılıb-aparılmadığı məlum deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG