Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:07

Niyaməddin Əhmədova 15 il həbs istənildi


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun 15 il azadlıqdan məhrum edilməsi istənilib. Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, Əhmədova qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilib.

AXCP üzvünün vəkili Zibeydə Sadıqova isə qanunsuz yolla əldə olunmuş sübutların, o cümlədən Almaniyada yaşayan və sosial şəbəkələrdə Azərbaycan hökumətinin ünvanına kəskin fikirlər səsləndirən Qabil Məmmədovun Youtube-dakı çıxışının sübutlar siyahısından çıxarılmasını istəyib. Müdafiəçinin sözlərinə görə, bu çıxışın Əhmədova aidiyyəti yoxdur.

Vəkil gizli səs yazıları və videogörüntülərin də qanunsuz yolla əldə olunduğunu, onların sübut kimi qiymətləndirilməsinə qanunun yol vermədiyini vurğulayıb.

Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Məhkəmə prosesi sentyabrın 29-da vəkilin çıxışı və Əhmədovun özünün son sözü ilə davam edəcək.

Xatırlatma

Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb. O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur. Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, Əhmədovun həbsini isə partiyaya və partiyanın sədri Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

Əhmədov özü də bildirib ki, həbsinin səbəbi Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır. O, partiya sədrinin əleyhinə ifadə verməsi üçün işgəncələrə məruz qaldığını bildirib.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları isə, adətən, həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG