Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:50

Nikolay Qrinkonun rolları və sevgisi


Nikolay Qrinko "Buratino" filmində (1975)
Nikolay Qrinko "Buratino" filmində (1975)

Çoxumuzun "Buratino" filmindəki Papa Karlo və "Elektronikin macəraları" filmindəki Professor Qromov kimi tanıdığımız sovet aktyoru Nikolay Qrinko 150-yə qədər filmdə çəkilib. O, kinoya böyük məmnuniyyətlə çəkilir, bəzən bir ildə 12 filmdə işini tamamlaya bilirdi. "Arqumentı i faktı" qəzeti yazır ki, ona baş rolları verməsələr də, ən yaxşı sovet kinorejissorları – Sergey Bondarçuk, Rolan Bıkov, Sergey Paracanov, Dinara Asanova, Vladimir Naumov və digərləri həmişə ona yeni rollar təklif edirdilər: "Qrinko isə kiçik rollarda da yadda qalmağı bacarırdı...".

Aktyor ailəsində doğulmuş Qrinkonun özü də uşaqlıqda bu sənətə maraq göstərirdi. Ancaq 1940-cı ildə onu orduya çağırırlar. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi isə bu arzunu arxa plana itələyir. Qrinko bütün müharibə ərzində uzaqməsafəli bombardmançılarda atıcı-radist kimi xidmət edir. 1946-cı ildə isə Zaporojye dram teatrında səhnəyə çıxmağa başlayır. Eyni zamanda rejissor köməkçisi kimi çalışır. Üç il sonra isə teatrın nəzdindəki teatr studiyasında təhsilini başa vurur. Bütün təhsili bundan ibarət olur.

Sovet İttifaqı ona fəxri adlar verməyib

Sonradan Kiyevin "Dnipro" estrada-caz orkestrində həm aktyor, həm də bədii rəhbər olur. Burada o, konferansyelik edir, komediya və parodiyalarda oynayır. 1956-cı ildə isə Dovjenko adına Kiyev kinostudiyasının aktyoru olur və birdəfəlik kinoda qalır.

Qrinkonun kinoda ilk debütü "Taras Şevçenko" filmində olur. Burada o, təhkimli kəndli rolunu oynayırdı. Ancaq nədənsə titrlərdə onun adı verilməyib. Onun rol aldığı Alov və Naumovun "Sülh ilə gələn" filmi 1961-ci ildə Venesiya beynəlxalq kinofestivalında ən yaxşı rejissor işinə görə münsiflərin xüsusi mükafatına, habelə ən "yaxşı xarici film" nominasiyasında italyan kino tənqidçilərinin "Pazinetti Kuboku" mükafatına layiq görülür. Filmdə "Studebaker" sürən amerikalı sürücünü canlandıran Nikolay Qrinkoya bu markadan olan avtomobil hədiyyə edilir. Reklama görə. Ancaq Amerika istehsalı olan maşının əslində kimin əlinə düşdüyü haqda məlumat yoxdur. Məqalədə deyilir ki, maşın aktyora verilməyib.

Qrinko o qədər də çox mükafat və təltifə layiq görülməyib. Onun rollarını çox vaxt başqa aktyorlar səsləndirirdi. Sovet İttifaqı ona fəxri adlar verməyib. Həm Əməkdar, həm də Xalq artisti fəxri adlarını ona təkcə vətəni Ukrayna verib.

Həmişə ərinin yanında ola bilmək üçün...

Nikolay Qrinkonu həm tamaşaçılar, həm də həyat yoldaşı Ayşe Çulakoğlu sevirdi.

Qrinko atası Türkiyə vətəndaşı olan Ayşe Çulakoğlu ilə "Dnipro” orkestrində tanış olub. Çulakoğlu skripkaçı, Qrinko isə konferansye idi. 25-yaşlı Ayşe öz toyuna hazırlaşırdı. 37-yaşlı Nikolay isə evli idi. ...Heç kim də heç nəyi dəyişmək istəmirdi. Yalnız qastrollarda ünsiyyətə vaxt tapırdılar. Sonradan onlar partnyorları ilə ayrılır və səssiz-səmirsiz evlənirlər. Nikolay Ayşenin atası Rıfat bəyə xoş olsun deyə, ondan qızlıq soyadını saxlamağı xahiş edir. Ayşenin atası isə Nikolaya öz nişan üzüyünü bağışlayır.

Həmişə ərinin yanında ola bilmək üçün Ayşe konservatoriyadakı təhsilini beşinci kursda yarımçıq qoyur və Nikolayla birlikdə çəkilişlərə gedir. Eyni zamanda evlə məşğul olur. Nikolay da ona qarşı çox diqqətli olur. Bütün bayramlarda onu təbrik edir, gül alır. Cütlük birlikdə 30 il ömür sürür. Tanrı onlara övlad nəsib etmir. Leykemiyadan əziyyət çəkən Qrinko 68 yaşında yuxuda ikən dünyadan köçür.

Ayşe bütün qiymətli əşyalarını satıb Nikolay Qrinkonun məzarı üstündə ona gözəl bir abidə qoydurur. Özünə, sadəcə, iki üzüyü saxlayır. Biri atası Rıfat bəyin üzüyü, digəri isə ölümündən sonra belə sevməyə davam etdiyi ərinin ona verdiyi üzüyü...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG