Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

T.Zülfüqarov: 'Daxili siyasətdə xarici siyasətdən silah kimi istifadə edilir'


T.Zülfüqarov
T.Zülfüqarov

«Azərbaycan Paşinyanın bu tələbini ciddi qəbul etməməlidir, bu, çox populist bəyanatdır», – keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərinə cavab olaraq belə söyləyir. Paşinyan deyir ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar separatçı əraziyə nəzarət edən etnik ermənilərin iştirakı olmadan səmərəli və hərtərəfli sayıla bilməz.

T.Zülfüqarov Ermənistanın yeni baş nazirinin müxtəlif yollarla öz reytinqini artırmağa çalışdığını düşünür: «Mən bu bəyanatın xarici siyasətə aid olduğunu düşünmürəm, daxili siyasətdə xarici siyasətdən bir silah kimi istifadə edilir».

«İnadkar tələbə çevrilə bilər»

Politoloq Əvəz Həsənovun qənaətincə, Paşinyanın tanınmamış «Dağlıq Qarabağ Respublikası»nın danışıqlara qatılması haqda dedikləri yeni olmasa da, inadkar tələbə də çevrilə bilər: «İndiyədək danışıqlarda Dağlıq Qarabağın mövqeyini Ermənistan prezidenti çatdırırdı. İndi artıq Paşinyan bunu boynundan ata və yalnız Ermənistanı təmsil edəcəyini deyə bilər».

Ə.Həsənov
Ə.Həsənov

T.Zülfüqarovsa xatırladır ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması ATƏT-in Minsk qrupunun danışıqlarında dövlət hüququna malik olmayan, maraqlı tərəf kimi iştirak edə bilərlər.

Paşinyanın tələbi danışıqların dalana dirənməsinə gətirməyəcək ki?

«Məncə, bu, Azərbaycanı qane etməyəcək və danışıqların bu formatda davam etməsində maraqlı olmayacaq», – Ə.Həsənov deyir.

«Müvəqqəti fiqur olduğu üçün onun bu bəyanatı özünü bərkitməsinə hesablanıb. İnanmıram ki, vasitəçilər formatın yenidən dalana dirənməsinə razı olsunlar. Bu format artıq möhkəmlənib», – o, sözlərinə əlavə edir.

Deputat Rasim Musabəyov isə əmindir: «Yerevanın separatçı rejimi yenidən danışıqlar masasına göndərməsi qeyri-mümkündür».

Azərbaycanlı deputatın sözlərinə görə, rəsmi Bakı buna bir halda razılaşa bilər: ​«Erməni icmasının Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlarda iştirakı mümkündür. Ancaq bir şərtlə - Ermənistan işğal edilmiş ərazilərdən silahlı qüvvələrini çıxarır və konkret vaxt qoyulur. Tutalım, iki aya qoşunlar çıxarılır, vaxtilə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədi boyu sülhməramlı qüvvələr yerləşdirilir və yalnız bundan sonra erməni icmasıyla statusla bağlı danışıqlara başlanır».

R.Musabəyov
R.Musabəyov

Danışıqlarda fasilə uzana bilər

Azərbaycanlı politoloqların qənaətincə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ danışıqlarında fasilə yaranacaq. Bunu da ölkədə yeni hökumətin formalaşmasının zaman alması ilə izah edirlər. Məsələn, T.Zülfüqarov Paşinyanın çıxışına istinadla onun hakimiyyətə gəldikdən sonra dövlət strukturlarını «təmizləməyə» çalışacağını düşünür:

«Kimdən təmizləyəcək? İlk növbədə Qarabağ klanına aid adamlardan. Hesab edirəm ki, bu proses birinci növbədə, Daxili İşlər Nazirliyini və istisna etmirəm ki, Müdafiə Nazirliyini əhatə edəcək. Bu proses bir müddət davam edəcək və deməli, danışıqlarda durğunluq da davam edəcək».

«Hökumət yoxdur, xarici işlər naziri kim olacaq, bilinmir. Yeni adamdırsa, gərək vəziyyətlə tanış olsun. Yeni hakimiyyətə gələnlər, adətən, eyforiyada olurlar. Elə bilirlər, kütləni küçəyə çıxarıb hakimiyyəti dəyişdikləri kimi bütün məsələləri bu yolla həll edə biləcəklər. Bu, belə deyil», – R.Musabəyov söyləyir.

Deputat deyir ki, Azərbaycanın vəziyyətdən istifadə edib hərbi əməliyyatlara başlaması isə düzgün olmazdı. Onun qənaətincə, dünya bunu «Azərbaycanın hüquqlarının bərpası» kimi yox, «Ermənistan inqilabına qəsd» kimi qiymətləndirə bilər.

Bununla belə, R.Musabəyov hesab edir ki, vasitəçilər danışıqlarla bağlı konkret vaxt qoymalıdırlar: «Ya bunlar düz əməlli masa arxasında oturub konstruktiv danışıqlar aparır, qəbul ediləcək qərarlarla bağlı məsuliyyəti boyunlarına götürürlər, ya da Azərbaycanın hərbi təzyiqlərdən başqa yolu qalmır».

Nikol Paşinyan kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:01:19 0:00

Xatırlatma

Ermənistan müxalifətinin lideri N.Paşinyan mayın 8-də baş nazir seçilib. Parlamentdə keçirilən səsvermədə 59 deputat onun lehinə, 42 deputat isə əleyhinə səs verib.

Baş nazir seçilməsindən sonrakı çıxışında o, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionundakı münaqişənin həlli məsələsindən danışıb. Paşinyan deyib ki, «xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə» prinsipi əsasında sülh danışıqlarına hazırdır. Onun sözlərinə görə, separatçı regionun müstəqilliyinin beynəlxalq miqyasda tanınmasına yeni təkan verilməlidir və erməni icmasının bunda böyük rolu var.

Paşinyan onu da vurğulayıb ki, Azərbaycan rəhbərliyi ilə danışıqlar separatçı əraziyə nəzarət edən etnik ermənilərin iştirakı olmadan səmərəli və hərtərəfli sayıla bilməz.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG