Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:00

Pashinian ‘aprel döyüşlərinə’ görə AŞPA-nı ittiham edir


Nikol Pashinian aprelin 11-də Avropa Şurasında çıxış edib
Nikol Pashinian aprelin 11-də Avropa Şurasında çıxış edib

Ermənistanın baş naziri Nikol Pashinian Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tribunasından bildirib ki, Dağlıq Qarabağ münaqişəsi onun ölkəsi üçün ən böyük problem olaraq qalır.

AzadlıqRadiosunun Erməni xidmətinin məlumatına görə Pashinian bu çıxışında deyib ki, “hər bir demokratik hökumət kimi onun hökuməti də” bu münaqişənin yalnız dinc vasitələrlə tənzimlənməsinə çalışır:

“Ölkəmizdə baş vermiş demokratik dəyişikliklər bizim bu münaqişənin tənzimlənməsi barədə təsəvvürlərimizə yeni çalarlar gətirib. Əlbəttə, son dərəcə mühümdür ki, biz Azərbaycan prezidenti İlham Əliyevlə konstruktiv və pozitiv dialoqa başlaya bilmişik. Lakin mən əminəm ki, yalnız rəhbərlər arasında dialoq tənzimləmə məsələsi üçün kifayət deyil. Çox mühümdür ki, cəmiyyətlər arasında da dialoq başlansın və biz cəmiyyətlərimizi hərbə yox, sülhə hazırlayaq”.

Pashinian bir daha vurğulayıb ki, münaqişənin istənilən həlli “Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları” üçün məqbul olmalıdır:

“Çox təəssüf, biz belə sözləri hələki Azərbaycandan eşitmirik və mən ümid edirəm ki, bu sülh tribunasından etdiyim müraciət Azərbaycan cəmiyyəti arasında adekvat əks-sədaya səbəb olacaq”.

Pashinian 2016-cı ildə baş vermiş dördgünlük müharibəyə görə AŞPA-nı ittiham edib:

“Buradaca qeyd etməyə bilmirəm ki, Dağlıq Qarabağa dair 2016-cı ilin yanvarında AŞPA-da keçirilən müzakirələr elə həmin ilin aprelində baş vermiş dördgünlük müharibənin prelüdü olub və Azərbaycan Silahlı Qüvvələrinin hücum əməliyyatlarına başlaması üçün münbit zəmin yaradıb. Bu müzakirələrin və sənədlərin təşəbbüsçüləri, tam qətiyyətlə demək istəmirəm ki, şüurlu şəkildə, amma hər halda həm Ermənistan və Dağlıq Qarabağda, həm də Azərbaycanda bir neçə yüz ölümə bais olan müharibənin qığılcımları olublar”.

Pashinian yenə də münaqişənin “üç tərəfindən” danışır

Nikol Pashinian təəssüf etdiyini bildirib ki, hətta bu gün də AŞPA-nı və başqa beynəlxalq platformaları “geosiyasi oyunlara, münaqişələrə cəlb etmək cəhdləri” edilir.

Ermənistanın baş naziri AŞPA-ya bildirib ki, hər bir münaqişəyə onun “mahiyyəti və məzmunu” bucağından baxmaq lazımdır.

Pashinian deyib ki, münaqişənin səbəblərini, mənşəyini və xüsusiyyətlərini bilmədən fikir yürütmək əslində “insan taleləri ilə oynamaq” deməkdir:

“Buna görə də biz hesab etmişik və edirik ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə müstəsna olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin bütün üç tərəfi ilə birlikdə məşğul olmalıdırlar”.

Pashinian deyib ki, Avropanın yalnız bu strukturu münaqişənin bugünü və keçmiş tarixi barədə məlumata malikdir:

“ATƏT-in Minsk qrupunun formatı məhz münaqişə tərəfləri – Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan arasında dialoqun platforması kimi yaradılıb. Bugün də Dağlıq Qarabağ və Azərbaycan arasında ATƏT-in Minsk qrupu çərçivəsində dialoqun bərpa olunmasına cəhdlər edilir”.

Dağlıq Qarabağ vətəndaşı?

Bunun ardınca Nikol Pashinian Avropa Şurasını “Dağlıq Qarabağ xalqına” dəstək verməyə çağırıb.

O deyib ki, Avropa Şurası Dağlıq Qarabağdakı ictimai təşkilatlara dəstək vermək üçün heç nə etmir:

“AŞPA Dağlıq Qarabağdakı demokraik institutların möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı üçün heç bir tədbir görmür. Bunun izahını belə verirlər ki, Dağlıq Qarabağın statusunun ziddiyyətli və fərqli təfsirləri var və Dağlıq Qarabağ beynəlxalq icma tərəfindən dövlət kimi tanınmayıb. Amma söhbət AŞPA-nın dövlət səviyyəsində fəaliyyətindən getmir. Əgər Dağlıq Qarabağ beynəlxalq səviyyədə hələ müstəqil dövlət kimi tanınmayıbsa, yəni Dağlıq Qarabağda yaşayanların insan olub-olmaması barədə dəmi beynəlxalq müzakirə var? Doğrudanmı insan haqlarının müdafiəsi üzrə dünya liderlərindən biri olan Avropa Şurası üçün real insan yox, hansısa sənəd prioritetdir?”.

Nikol Pashinian çıxışını çağırışla bitirib:

“Bu yüksək tribunadan mən Avropa Şurasının və ümumiyyətlə Avropanın insan haqlarının, söz azadlığının müdafiəsi, demokratik təsisatların inkişafı ilə məşğul olan bütün təşkilatlarına çağırış edirəm: Dağlıq Qarabağ xalqına onun qanun və təsisatlarının təkmilləşdirilməsində, insan haqlarının möhkəmləndirilməsində, qanunun aliliyində və müstəqil məhkəmə sistemində dəstək verin. Bundan udan Qarabağ vətəndaşı olacaq - insan olacaq”.

Azərbaycan münaqişənin tərəfi kimi Yalnız Ermənistanı tanıyır

Ermənistanın baş naziri Nikol Pashinian hakimyyətə gələndən bəri danışıqlar prosesində Dağlıq Qarabağın müstəqil tərəf olduğunu iddia edir və danışıqların da bu formatda aparılmasını istəyir.

Onun belə mövqeyi Azərbaycan, onun prezidenti və əslində ATƏT-in Minsk qrupu tərəfindən rədd edilib.

Ermənistan baş naziri Dağlıq Qarabağın da danışıqlarda ayrıca tərəf kimi iştirakına çalışır. Azərbaycan isə Dağlıq Qarabağdakı mövcud idarəçiləri tanımır və onları separatçı sayır.

Azərbaycanın mövqeyinə görə, Dağlıq Qarabağ bölgəsinin yalnız hər iki icması prosesə eyni formada qatıla bilər.

Həmsədrlər bu il martın 1-də verdikləri bəyanatla “tərəfləri “guya situasiyanın əhəmiyyətli dərəcədə dəyişdiyini bildirən, habelə gələcək danışıqların nəticələri barədə indidən hökm verən, qarşı tərəflə razılaşma olmadan formatın birtərəfli dəyişdirilməsini tələb edən və ya döyüş əməliyyatlarının bərpasına hazırlıq bildirən bəyanat və hərəkətlərdən çəkinməyə” çağırıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi martın 10-da prezident İlham Əliyevin ATƏT-in Minsk qrupu həmsədrləri ilə söhbətində verdiyi bəyanatı xatırladıb:

“Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.

Xatırlatma

Nikol Pashinian aprelin 11-də AŞPA-da etdiyi çıxışda bu qurumda 2016-cı il yanvarın 26-da aparılmış müzakirələrdən danışıb.

O vaxt AŞPA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirə edilmiş və Ermənistan nümayəndə heyətinin etirazlarına görə qəbul edilməmişdi.

O vaxt Azərbaycan nümayəndə heyətinin üzvləri bildirirdilər ki, sənədin qəbul edilməməsində ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞPA-ya müraciəti həlledici rol oynayıb.

ATƏT-in Minsk qrupu həmsədrləri 2016-cı il yanvarın 22-də yaydıqları bəyanatda AŞPA və digər regional və beynəlxalq təşkilatlara xatırlatmışdılar ki, Minsk qrupu danışıqlar üçün yeganə məqbul format olaraq qalır.

Buna baxmayaraq həmin iclasda müzakirəyə çıxarılan digər sənəd - deputat Milica Markovic-in “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatı səsə qoyulmuş və yenə də erməni tərəfinin etirazlarına baxmayaraq qəbul edilmişdi.

Sessiyada çıxış edən Markovic demişdi ki, Dağlıq Qarabağ və işğal altındakı 6 bölgəni içməli su ilə təmin edən Sərsəng su anbarının 80 faizi Ermənistanın nəzarətindədir. O bildirmişdi ki, vəziyyəti müşahidə etmək üçün bir neçə dəfə Ermənistan tərəfinə müraciət edib. Lakin hər dəfə Ermənistan tərəfi bir səbəb gətirərək Markovicin əraziyə germəsini təmin etməkdən boyun qaçırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG