Nikaraqua prezidenti Daniel Orteqa ölkədə bundan sonra seçkilərin keçirilməyəcəyini bəyan edib. 80 yaşlı siyasətçi bu barədə iki aydan sonra ilk açıq çıxışı zamanı danışıb.
"Burada artıq onların hökuməti ələ keçirməyə, hakimiyyəti zəbt etməyə cəhd göstərəcəyi seçkilər olmayacaq. Yankilərin və somosaçıların dəstəklədiyi partiyaların yenidən idarəçiliyə qayıda biləcəyi günlər keçmişdə qalıb və bir daha təkrarlanmayacaq", – Orteqa bildirib. ("somosaçılar" 1979-cu ildə devrilmiş Anastasio Somosanın tərəfdarlarına deyilir).
Orteqa onu da bildirib ki, hökumət öz nəzarətində olan Milli Assambleya ilə birlikdə "çevrilişçilərin və xainlərin" hakimiyyətə qayıtmasını önləmək üçün qanunlar paketi – "sədd" qəbul edəcək. Bu haqda “Havana Times” nəşri yazır.
D.Orteqa 2007-ci ildən Nikaraquaya rəhbərlik edir. O, daha əvvəl 1979-1990-cı illərdə ölkənin prezidenti olub. Onun hazırkı səlahiyyət müddəti gələn il başa çatır.
D.Orteqa 2024-cü ildə xanımı Rosario Murilyonu "Nikaraquanın həmsədri" təyin etməklə və prezidentlik müddətini altı ilə çatdırmaqla öz hakimiyyətini daha da gücləndirib. Hazırda bu cütlük silahlı qüvvələr və məhkəmə sistemi də daxil olmaqla, demək olar, bütün strateji dövlət təsisatlarını tam nəzarətdə saxlayır.
Nikaraquada son prezident seçkiləri 2021-ci ildə baş tutub. Beynəlxalq müşahidəçilər və hüquq müdafiəçiləri həmin seçkilərin saxtalaşdırıldığını vurğulayırlar: Səsvermədən əvvəl Orteqa əsas rəqiblərini və bir sıra iş adamlarını həbs etdirib, ölkədə müxalif siyasi fəaliyyət isə qadağan olunub.
Donald Tramp administrasiyası Orteqa hökumətini "diktatura" adlandırır və Nikaraquanın 2 min 350-dən çox dövlət məmuru ilə onların ailə üzvlərinə sanksiyalar tətbiq edib.