Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Netflix Steven Spielberg-in cavabını verir


Steven Spielberg
Steven Spielberg

Tanınmış kinorejissor Steven Spielberg Oskar mükafatlarının təqdimetmə mərasimində filmlərin striminqdə və kinoteatrlardakı nümayişi arasında xətt çəkmək istəyib. Onun fikirləri kinosevərlər arasında ziddiyyətə yol açıb.

Spielberg Oskar mükafatının qaydalarının dəyişdirilməsi, yalnız striminqdə göstərilən filmlərin namizədlik şərtlərinin çətinləşdirilməsi haqda fikirləri dəstəkləyib. O deyib ki, filmlər Oskara namizəd olmaq üçün öncə ənənəvi kinoteatrlarda nümayiş etdirilməlidir.

Qaydalar dəyişərsə...

Kinorejissor bu mövzunu Amerika Kino Akademiyasının Direktorlar Şurası qarşısında qaldırmaq niyyətindədir. Ötən bazar günü striminq nəhəngi Netflix bu barədə özünün bir neçə fikrini ifadə edərək Spielberg-ə etiraz edib.

Netflix-in Twitter paylaşımında deyilir: «Biz kinonu sevirik. Bu isə sevdiyimiz şeylərdən bəziləridir: Heç də həmişə imkanı olmayan, yaxud kinoteatrların olmadığı yerlərdə yaşayan insanlara çıxışı təmin etmək. Hər yerdə, hər kəsin eyni zamanda yeni filmlərdən zövq almasına imkan yaratmaq. Kinematoqrafçılara sənətlərini paylaşmaq üçün daha çox üsul təqdim etmək. Bu şeylər bir-birini qarşılıqlı inkar etmir».

Ötən cümə axşamı günü IndieWire kino saytı Spielberg-in qaydaların dəyişdirilməsini dəstəkləməkdə maraqlı olduğunu bildirib. Bu dəyişiklik filmlərin Oskar mükafatına namizəd göstərilməsi qaydalarını daha da sərtləşdirəcək. Nəticədə striminq filmlərinin nominasiyası çətinləşəcək.

Spielberg-ə məxsus Amblin prodakşn şirkətinin sözçüsü belə deyib: «Steven striminq və kinoteatr nümayişləri arasındakı fərqə böyük önəm verir. Məsələ [Amerika Kino Akademiyasının Direktorlar Şurasının görüşündə] qalxan zaman digərləri də [bu kampaniyaya] qoşulsa, o, məmnun olacaq. İşlərin necə gedəcəyinə baxacaq». Rejissor daha öncə «bir həftədən də az müddətdə sadəcə, bir neçə kinoteatrda kvalifikasiyanı keçə bilən filmlər»dən şikayət edib.

O deyib ki, belə filmlərin uzunmüddətli kinoteatr modeli ilə nümayiş etdirilən filmlərlə eyni mükafata iddialı olması düzgün deyil. Bu mənada onun qərarı sürpriz deyil. Buna baxmayaraq, onun açıqlaması sosial mediada həm kino həvəskarları, həm də kinematoqrafçılar arasında qızğın debata yol açıb.

Fərqli düşünən rejissorlar da var

Heç də bütün kinorejissorlar bu məsələdə Spielberg-in tərəfini tutmur. Oskara namizəd göstərilmiş «13-cü» (13th) sənədli filmi və bu yaxınlarda işıq üzü görəcək «Onlar bizi görəndə» (When They See Us) kimi layihələrdə Netflix-lə əməkdaşlıq etmiş Ava DuVernay-in Twitter-də verdiyi reaksiya belə olub: «Hörmətli Akademiya, bu, direktorlar şurasının iclasıdır. Adi şöbə üzvləri burada iştirak edə bilməzlər. Ancaq ümid edirəm ki, əgər bu doğrudursa, otaqda kinematoqrafçılar da olacaq və yaxud mənim kimi fərqli düşünən kinorejissorların bəyanatları da oxunacaq».

Netflix ilk vaxtlar öz filmlərinin premyerasını eyni zamanda həm kinoteatrlarda, həm də onlayn keçirməkdə israrlı idi. Ancaq sonradan bu mövqeyini yumşaldıb. Striminq nəhəngi bu il bir neçə Oskar mükafatı əldə edib. Onlardan üçü Alfonso Cuarón-un «Roma» filminin payına düşür. Bu film striminq platformasındakı debütündən öncə üç həftəyə qədər kinoteatrlarda nümayiş etdirilib. Spielberg-in Akademiya qarşısında çıxışı aprelə təsadüf edəcək və əlbəttə ki, Netflix məsələni çox diqqətlə izləyəcək.

Qeyd edək ki, Steven Spielberg bu fikirdə olan yeganə rejissor deyil. «Narıngi» (Tangerine) və «Florida layihəsi» (The Florida Project) filmlərini çəkən rejissor Sean Baker deyib ki, Netflix öz qiymət planlarını kinoteatr səviyyəsinə uyğunlaşdırmalıdır.

«Bu, kinoteatr sahibləri və filmlərə kinoteatrda baxmağı sevən auditoriya üzvlərini razı salacaq. Bu sadəcə… ideyadır. Ancaq biz kino icmasını …ayaqda saxlamaq üçün hər kəsin bir az güzəştə gedəcəyi həll yolunu tapmalıyıq», – o, Twitter-də yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG