Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Netanyahu planını təxirə saldığını deyir


İsraildə etirazların dağıldılması
İsraildə etirazların dağıldılması

İsrailin baş naziri Binyamin Netanyahu martın 27-da gecə bildirib ki, ədliyyə sisteminin dəyişdirilməsinə dair planını təxirə salır.

O bildirib ki, bu addımı “xalqın parçalanmasına yol verməmək” üçün atır.

BBC yazır ki, bununla belə bu təxirəsalmanın Netnyahuya vaxtdan başqa nə qazandıracağı məlum deyil.

Xəbər verilir ki, baş nazir İsrailin tarixində ən böyük xalq etirazlarına səbəb olmuş bu planın müzakirə edilməsi üçün dialoq çağıracaq.

The Guardian yazır ki, Netanyahunun qərarı ziddiyyətli qanunun qəbul edilməsinin bir neçə həftəlik yubadılması deməkdir.

Qəzet “Yəhudi gücü” partiyasına istinadən bildirir ki, baş nazir “mülki milli qvardiyanın” yaradılmasını təklif edib.

Xəbərdə deyilir ki, belə bir addım ifrat sağçı siyasətçi İtamar Ben Qvirin komandanlığı altında silahlı dəstənin yaradılması planı kimi narahatlıq doğurur.

***

İsrailin baş naziri Binyamin Netanyahu öz hakim koalisiyasının liderlərinə bəyan edib ki, ölkədə kütləvi etirazlara səbəb olmuş məhkəmə islahatını dayandırmaq qərarına gəlib.

Bu barədə İsrail televiziyası məlumat verib.

Bundan əvvəl bu islahatın dayandırılması ricası ilə prezident İsxaq Hersoq müraciət etmişdi.

Xəbərdə deyilir ki, baş nazirin qərarı hələ ki, rəsmən elan edilməyib.

Reuters xəbər verir ki, bu məsələ ilə bağlı hakim koalisiyada fikir ayrığı yaranıb.

İsrail mediası xəbər verir ki, Netanyahunun geri çəkilmək planına qarşı “Yəhudi gücü” və “Dini sionizm” partiyaları etiraz edirlər.

Onlar islahat planının dayandırılacağı təqdirdə koalisiyanı tərk edəcəkləri ilə hədələyiblər.

Netanyahunun televiziya ilə çıxışı təxirə salınıb

Baş nazirin əvvəlcədən planlaşdırılan televiziya çıxışı təxirə salınıb.

Bu islahata qarşı kütləvi küçə etirazları yanvar ayından bəri səngimək bilmir.

Bazar günü, martın 26-da nümayişlərdə 300 mindən çox etirazçı iştirak edib.

Martın 27-də islahat planının dayandırılması ricası ilə prezident İsxaq Hersoq müraciət etmişdi.

O demişdi ki, bunu “ölkənin birliyi naminə” etmək lazımdır.

Bazar günü elə bu fikirləri müdafiə naziri Yoav Qalant da səsləndirmiş və bu səbəbdən istefaya göndərilmişdi.

Minlərlə insan parlament binasının qarşısında keçirilən etiraz aksiyasına qoşulmaq üçün Yerusəlimə yollanır.

İsraildə iri tətil başlanır

Bu gün – martın 27-də İsrailin ən böyük həmkarlar birliyi bir sıra sektorlarda tətil elan edərək Baş nazir Binyamin Netanyahunun məhkəmə islahatına etiraz hərəkatına qoşulub.

Tətil elan edən “Histadrut” çətir qrupu səhiyyə, tranzit, bankçılıq daxil olmaqla bir sıra sahələrdə 700 mindən çox işçini təmsil edir. “AP” yazır ki, bu aksiya onsuz da kövrək vəziyyətdə olan ölkə iqtisadiyyatının iri sektorlarını iflic edə bilər.

İsrailin ən böyük beynəlxalq aeroportundan çıxan təyyarələr endirilib, bu da minlərlə insanın səyahət planlarını pozub. Məktəbəqədər hazırlıq və digər vacib xidmətləri idarə edən yerli hökumətlər, həmçinin həkimlərin həmkarlar birlikləri də işə çıxmayacaqlarını bildiriblər.

+++

Netanyahu müdafiə nazirini vəzifədən kənarlaşdırır

Ötən gecə on minlərlə israilli küçələrə çıxaraq Baş nazir Binyamin Netanyahunun müdafiə nazirini qəfil vəzifədən kənarlaşdırmasına etirazını bildirib.

Etirazçılar Təl-Əvivdə əsas magistral yolu bağlayıb, böyük tonqallar qalayıblar. Polis Netanyahunun Yerusəlimdəki şəxsi evinin qarşısına yığışan etirazçılarla toqquşub.

Bir aydır Netanyahunun məhkəmə sistemində islahatlar planı ölkədə iğtişaşlara, kütləvi etirazlara səbəb olub. Plan biznes liderlərini, keçmiş təhlükəsizlik rəsmilərinin, ABŞ və digər müttəfiqlərin narahatlığına səbəb olub.

Netanyahunun Müdafiə naziri Yoav Qalantı vəzifədən uzaqlaşdırması isə onu göstərir ki, baş nazir və müttəfiqləri bu həftə planın gerçəkləşməsi yönündə addımlar atacaq. Qalant hakim Likud partiyasının plana qarşı çıxan ilk aparıcı üzvüdür. O deyib ki, dərin fikir ayrılıqları ordunu zəiflədə bilər.

Netanyahunun mövqeyi

Mədəniyyət naziri, Netanyahunun müttəfiqi Miki Zohar isə bazar günü deyib ki, baş nazir məhkəmə islahatlarına fasilə qərarı versə, onu dəstəkləyəcəklər.

İsrail mediası Netanyahu koalisiyasının bu gün – martın 27-də səhər yığışacağını yazıb. Bu gün Yerusəlimdə Knesset (parlament) qarşısında daha bir kütləvi nümayiş gözlənir.

Netanyahunun ofisi bazar günü axşam qısa açıqlama ilə Qalantın vəzifədən kənarlaşdırıldığını bildirib. “Biz imtinaya qarşı güclü olmalıyıq”, – Netanyahu tvitində yazıb.

Baş nazirin açıqlamasından sonra on minlərlə israilli küçələrə çıxıb, Ayalon magistralı ölkənin mavi-ağ rəngli bayraqları ilə dalğalanıb, yolun ortasında böyük tonqal qalanıb.

Bir sıra şəhərlərdə də nümayişlər keçirilib. Polis Yerusəlimdə Netanyahunun evi qarşısında etirazçıları su şırnağıyla dağıdıb. Minlərlə insan daha sonra Knessetə doğru irəliləyib.

Müdafiə nazirinin çıxarılmasına reaksiyalar

Qalant gələn ay Müstəqillik Günü bayramına qədər qalmaqallı qanunvericiliyə fasilə verməyə çağırmış, orduda çaxnaşmanı əsas gətirmişdi.

Qalant vəzifədən kənarlaşdırılması haqda açıqlamadan sonra tvitində yazıb ki, “İsrail dövlətinin təhlükəsizliyi daima mənim həyat missiyam olub və belə də qalacaq”.

Müxalifət lideri Yair Lapid deyib ki, Qalantın kənarlaşdırılması “milli təhlükəsizliyə zərbədir və bütün müdafiə rəsmilərinin xəbərdarlıqlarını gözardı edir”.

İsrailin Nyu York şəhərindəki baş konsulu Assaf Zamir etiraz əlaməti olaraq istefa verib.

Şin Bet təhlükəsizlik agentliyinin keçmiş rəisi Avi Dixterin Qalantı əvəzləyəcəyi gözlənir.

Bu həftə Netanyahu hökumətinin sözügedən qanunvericiliyi parlament səsverməsinə çıxaracağı gözlənir. Bu qanun hakim koalisiyaya məhkəmə təyinatlarında yekun səlahiyyət verir. Koalisiya həmçinin parlamentə Ali Məhkəmənin qərarlarını ləğv etmək, qanunların məhkəmə baxışını məhdudlaşdırmaq səlahiyyəti verəcək qanunların qəbuluna çalışır.

Netanhayu və müttəfiqləri deyirlər ki, bu plan məhkəmə və icraedici qanadlar arasında balans yaradacaq. Tənqidçilərin fikrincə, bu qanunlar İsrailin çəkindirmə və tarazlaşdırma sistemini ləğv edəcək, hakimiyyəti hakim koalisiyanın əlində cəmləşdirəcək. Onlar hazırda korrupsiya ittihamıyla mühakimə olunan Netanyahunun maraq konflikti olduğunu deyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG