Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:10

Həbs edilmiş Nemət Pənahlıdan xəbər var


Nemət Pənahlı
Nemət Pənahlı

İnzibati qaydada həbs edilmiş Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Nəsimi rayon Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindədir.

Bunu AzadlıqRadiosuna Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı bildirib.

Amma onun dediyinə görə, ailə üzvlərindən heç kim indiyə kimi Nemət Pənahlı ilə görüşə bilməyib. Yalnız bu gün, oktyabrın 15-də vəkilləri onunla söhbət edə bilib.

“Nemət Pənahlını evin qabağında yaxınlaşıb 5-6 nəfər tutublar, polisə aparıblar. Orda isə o polisə müqavimətdə günahlandırılıb. Nemət heç bir pozuntuya yol vermədiyini bildirib və durumunun yaxşı olduğunu söyləyib”, deyən həyat yoldaşının sözlərinə görə, Nemət Pənahlı barəsində çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti verəcəklər.

Həcər Pənahlı iddia edib ki, həyat yoldaşını əslində tamam başqa səbəbdən həbs ediblər:

“Özü bildirib ki, onu tənqidlərinə görə və noyabrda mitinq keçirmək qərarlarına görə həbs ediblər. Noyabrın 17-də Milli Azadlıq Hərəkatının ildönümü ilə bağlı mitinq keçirmək istəyirdilər. Deyib ki, həmin məsələyə görə tutublar”.

Oktyabrın 12-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlıya 30 gün inzibati həbs cəzası verib.

Ailəsinin yaydığı məlumata görə, polislər onu evinin yaxınlığında həbs edib aparıblar. Daha sonra Nemət Pənahlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə - polis əməkdaşlarının qanuni tələbinə tabe olmamaqda ittiham edilib.

Həcər Pənahlının bu açıqlamasına, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq bildirirlər ki, ölkədə heç kim siyasi fəaliyyətinə görə təqib edilmir.

Xatırlatma

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq (ovaxtkı Lenin) meydanında keçirilən nümayişlərin aparıcılarından biri olub.

Noyabrın 17-də Dağlıq Qarabağda Topxana meşəsində ağacların kəsilməsinə və Kreml rəhbərliyinin yürütdüyü siyasətə etiraz məqsədi ilə başlanan fasiləsiz aksiyalar həmin il dekabrın 5-də SSRİ daxili qoşunlarının Azərbaycana müdaxiəsi ilə dağıdılıb.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü adı ilə bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.

Milli Dirçəliş Günü Azərbaycanda yenə də qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Nemət Pənahlı Azərbaycanın müstəqilliyi zamanı da bir neçə dəfə həbs edilib. Sonuncu, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilmişdi. İttihamları qəbul etmir, bunu siyasi sifariş sayırdı.

O, 2016-cı il martın 17-də prezidentin verdiyi əfv fərmanı ilə vaxtından əvvəl azadlığa çıxıb.

XS
SM
MD
LG