Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Ekspert: Sual ‘neftin qiyməti niyə düşür’ yox, ‘bundan əvvəl niyə qalxmışdı’ olmalıdır


Kanadanın nüfuzlu Financial Post qəzetində Joe Chidley yazır: “Neft qiymətlərinə nə olub? Bir neçə həftə bundan əvvəl enerji təhlilçiləri bir barrel üçün 100 dollardan danışmırdılarmı? Qərbi Texas Aralıq neftinin qiyməti sentyabrda 75 dollara çatmamışdımı? ABŞ-ın İran üzərinə sanksiyaları təchizatı şoka salmamalıydımı? Bütün bunlar bir gecədə necə dəyişə bilərdi?”

Ekspert yazır ki, suallar çoxdur, amma cavablar da çoxdur. Neftin qiyməti beş həftənin içində bir barrel üçün 86 dollardan noyabrın 14-də 66 dollara düşüb.

Ekspertin fikrincə, qiymətin düşməsində başlıca məqam ABŞ-ın İran üzərinə sanksiyaları yumşaltması olub.

ABŞ-ın 8 yurisdiksiyaya bu sanksiyalardan istisna icazəsi verməsi neft bazarına müsbət impuls göndərib.

Burası da var ki, neftin qiyməti artıq oktyabrdan düşməyə başlamışdı. O vaxt hələ nə sanksiyalar qüvvəyə minmiş, nə də kiməsə güzəşt edilmişdi.

Digər diqqətəlayiq cəhət budur ki, neftin qiyməti son dörd ilin ən yüksək həddi olan 85 dollara çatanda, Rusiya və Səudiyyə Ərəbistanı elan etmişdilər ki, hasilatı artırırlar.

Sentyabr ayında Rusiya hasilatı Sovet İttifaqının çöküşündən bəri rekord həddə çatdırmışdı. Səudiyyə də avqustla müqayisədə hasilatı günə 100 min barrel artırmışdı.

Müəllif yazır ki, bununla da İran neftinin bazardan çıxması ilə nə baş verəcəyinə dair sualın cavabı aydınlaşmışdı. Başqa sözlərlə ABŞ, Rusiya və Səudiyyənin ilin ortalarından bəri hasilatı artırması İran neftinin yerini əvvəlcədən doldurmağa başlamışdı.

Məqalədə deyilir ki, bütün hallarda OPEC və onun müttəfiqləri Amerika sənayesinə nəzarət etmək iqtidarında deyillər. Yay ərzində neft qiymətləri yüksələn kimi bazar ABŞ şirkətləri üçün cazibədar oldu. ABŞ-ın neft hasilatı gündə 11 milyon barrelə çatmışdı. Bu isə qlobal bazardakı günə 1, 8 milyon barrel artıma daha 1 milyon barrel artımın əlavə edilməsi demək idi.

Chidley yazır ki, neft bazarında kəsir yaranacağını düşünənlər Amerikanın şist nefti sənayesinin elastikliyini lazımınca qiymətləndirmirlər. Adi neftdən fərqli olaraq şist hasilatçısı neft kranını istədiyi vaxt bağlayıb-aça bilir.

Odur ki, neft qiymətinin düşməsinin səbəbi kifayət qədər bəsitdir: Təchizat artır, tələb azalır, qiymət düşür.

Chidley sonda yazır: “Neftin qiyməti barədə ən böyük sual, onun indi niyə bu qədər aşağı olması yox, bundan əvvəl niyə o qədər yüksək olması olmalıdır”.

XS
SM
MD
LG