Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 00:53

Neftin qiyməti 40 dollardan aşağı düşüb


İyunun 24-də neftin proqnoz qiymətləri kəskin düşüb.

Business Insider yazır ki, buna sənaye məlumatlarının açıqlanması, habelə koronavirusa yoluxma hallarının artması və epidemiyanın ikinci dalğasının mümkünlüynə dair xəbərlər səbəb olub.

Eyni zamanda Amerika Neft İnstitutunun hesabatında deyilir ki, iyunun 19-a qədər olan məlumata görə neft anbarlarındakı neftin həcmi 1.75 milyon barrel artaraq 545 milyon barrelə çatıb. Halbuki ekspertlər bu artımın cəmi 299 min barrel olacağını gözləyirdilər.

Neft anbarlarının gözlənildiyindən artıq dolması tələbin pandemiyadan əvvəlkindən az olduğu bir şəraitdə bazara izafi neftin çıxacağı və qiymətlərin düşəcəyi deməkdir.

Qərbi Texas neftinin qiyməti 7.6 faiz düşərək bir barrel üçün 37.31 dollara enib.

Brent markasından olan neftin qiyməti isə 7.1 faiz itkiyə məruz qalıb. Hazırda neftin bir barrelinin qiyməti 39.62 dollardır.

İkinci dalğanın xofu

Bu da xəbər verilir ki, anbarlardakı neftin dalbadal üç həftə ərzində qalxması qiyməti yenidən “neqativ əraziyə” çıxarıb.

Bu arada ABŞ boyunca koronavirusa yeni yoluxmaların artması da neftin qiymətinə mənfi təsir göstərib.

ABŞ-da açılımın davam etdiyi bir vaxtda Kaliforniya, Florida və Arizona ştatlarında infeksiyalar sıçrayışla artıb.

Koronavirus epidemiyasının mümkün ikinci dalğası barədə xəbərlər neftə tələbatı daha da azalda bilər.

Ekspertlər bildirirlər ki, bazarı təlatümə gətirən daha bir səbəb yeni ticarət müharibələrinin baş verəcəyindən ehtiyatlanmalardır.

Bəzi məlumatlara görə, Ağ Ev Britaniya, Fransa, İspaniya və Almaniyadan idxala ümumilikdə 3.1 milyard dollarlıq yeni rüsumları götür-qoy edir.

Qlobal ticarətdə hər hansı yavaşıma neftin qiymətlərini aşağıya doğru çəkə bilər.

Şərhlər

XS
SM
MD
LG