Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:02

Ekspert: ‘Neftdən asılılıq necə var idisə elə də qalıb…’


Bu günlər Maliyyə Nazirliyi 2020-ci il üzrə Azərbaycanın büdcə layihəsini təqdim edib. Sənədə əsasən gələn il ölkənin gəlirlərinin 53 faizi neft sektorun payına düşür.

İqtisadçı-ekspert Toğrul Maşallının sözlərinə görə, bu proqnoz onu göstərir ki, Azərbaycan iqtisadiyyatı neftdən asılılıqdan qurtula bilmir:

“Reallıqda baş verən iqtisadi proseslər onu göstərir ki, neftdən asılılıq necə var idisə elə də qalıb. Son illərin göstəriciləri isə iqtisadiyyatda neftin payın artmasından xəbər verir. Neft gəlirləri artır deyə, digər sahələrdə inkişaf yoxdur”.

Toğrul Maşallı
Toğrul Maşallı

Ekspert vurğulayıb ki, qeyri-neft sektorundan 47 faiz gəlirlərin əldə ediləcəyi məsələsi real görünmür:

“Bizdə qeyri-neft sektorundan gəlirlər deyəndə Gömrük Komitəsindən yığımları, Vergilər Nazirliyinin SOCAR-dan və başqa digər qurumlardan vergi yığımları nəzərdə tutulur. Bunları müəyyən mənada qeyri-neft sektoru saymaq düzgün deyil. Bizdə neft sektorundan əldə edilmiş gəlirləri digər sahələrə yatırılır və onlardan əldə olunmuş gəlirlərin vergisini qeyri-neft sektorundan gəlir kimi təqdim edirlər. Reallıqda bunun qeyri-neft sektoruna aidiyyatı yoxdur və 47 faiz dedikləri rəqəm süni şişirdilib”.

2014-cü ildə dünyada neftin qiyməti kəskin ucuzlaşanda Azərbaycan hakimiyyəti qeyri-neft sektorunun inkişafının prioritet olduğunu açıqlamışdı.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.

İqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunan əlavə dəyər 3 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artıb.

Xatırlatma

Maliyyə Nazirliyinin açıqlamasına görə, gələn ilin büdcə xərcləri 25 milyard 617.7 milyon, gəliri isə 24 milyard 484 milyon manatdır. Büdcədə neftin bir bareli 55 dollar (2019-cu ildən 5 dollar az) götürülüb.

Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfert ediləcək. Bu isə bu ildən bir qədər çoxdur.

2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon , xərcləri də 25 milyard 190 milyon manat məbləğində təsdiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG