Keçid linkləri

2026, 30 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:42

'Reuters': Aviaşirkətlər biletpulunu qaldıracaqmı

Frankfurt aeroportu
Frankfurt aeroportu

Neftin kəskin bahalanması aviaşirkətləri biletlərin qiymətini qaldırmağa vadar edir. "Reuters" yazır ki, bu sənayenin gəlirlərini qoruyub saxlaması istehlakçıların səyahət planlarından asılı olacaq. Axı, benzinin qiyməti ailələrin büdcəsinə də təhdid yaradır.

Fevralın 28-də ABŞ və İsrailin İranla münaqişəsi başlanmazdan öncə avianəqliyyat sənayesi 2026-cı il üçün 41 milyard dollarlıq rekord gəlir proqnozlaşdırırdı. Amma yanacağın ikiqat bahalanması bu rəqəmə risk yaradıb.

Bəzi şirkətlər artıq biletlərin bahalanacağını elan ediblər. Onların sırasında Birləşmiş Ştatların "United Airlines", Yeni Zelandiyanın AIR.NZ, Skandinaviyanın SAS şirkətləri var.

Dəmiryolu, avtobus, digər alternativlər

Vaxtilə Yunanıstanın "Olympic Airways" şirkətinin rəhbəri olmuş Riqas Doqanis aviaşirkətlərin mövcudluq problemi ilə üzləşdiklərini deyir.

"Onlar zəifləyən tələbi stimullaşdırmaq üçün biletləri ucuzlaşdırmalıdırlar, amma yanacağın qiyməti biletpulunun qaldırılmasını tələb edir. Əsl fırtınadır", – Londonda yerləşən "Airline Management Group" konsultasiya şirkətinin sədri olan Doqanis söyləyib.

Ötən il aviasənayedə qlobal sərnişin traffiki pandemiyadan əvvəlki səviyyədən 9 faizədək artmışdı.

"Bank of America"da Asiya-Sakit Okean nəqliyyatı tədqiqatlarının rəhbəri Natan Сi "Reuters"ə deyib ki, qiymətə daha həssas səyahətçilər üçün hətta qısa uçuşlar daha az arzuolunan seçimə çevrilir, "dəmiryol, avtobus, digər alternativlərə üz tuturlar".

İran müharibəsi başlayandan Hörmüz boğazı bağlanıb. Bu boğazdan dünya neft və mayeləşdirilmiş qazının təxminən 20 faizi keçir. O vaxtdan neftin barelinin qiyməti 100 dolları keçib.

Agentlik yazır ki, Yaxın Şərq konflikti 21-ci əsrdə avianəqliyyat sənayesinə dördüncü dəfədir şok yaşadır. 2007-2008-ci ildə qlobal maliyyə böhranından öncə, 2011-ci ildə "Ərəb baharı"ndan sonra, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra oxşar tendensiyalar yaşanıb.

XS
SM
MD
LG