Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 02:41

Neft niyə ucuzlaşır?


Dünyanın ən böyük iqtisadiyyatı sayılan ABŞ da enerji qiymətlərinin artmamasında maraqlıdır.
Dünyanın ən böyük iqtisadiyyatı sayılan ABŞ da enerji qiymətlərinin artmamasında maraqlıdır.

Dünya birjalarında neftin qiymətlərində nisbi ucuzlaşma gözə çarpır. Özəlliklə iyul-avqust aylarında qiymətlər ötən aylarla müqayisədə daha ucuz idi. İyunun əvvəllərində bareli təxminən 120 dollara satılan nefti iyulun başında 100-110 dollara almaq olurdu. Hazırda bu qiymətlər 95 dollar civarındadır. Ekspertlərin xeyli bölümü ucuzlaşmanın sentyabrda da sürəcəyini düşünür. İstər-istəməz, sual doğur: Neft nədən ucuzlaşır?

Böyümə proqnozları aşağı düşür

Son dövrlər neftin qiymətinə təsir göstərən başlıca amillərdən biri ölkələrin yürütdüyü sərt pul siyasətidir. İndi qlobal iqtisadiyyatın əsas probleminin kəskin inflyasiya sayıldığını gözardı etmək olmaz. Dünyanın bir çox ölkəsində inflyasiya rekordları qeydə alınır. Belə olan ortamda həmin ölkələrin mərkəzi bankı pul siyasətini sərtləşdirir, uçot dərəcələrini artırır və digər bənzər mexanizmləri işə salır. Beləcə, pul resursları bahalandığından iqtisadi fəallıq azalır. İqtisadi fəaliyyətin zəifləməsi bazardan gözləntiləri mənfi yöndə dəyişir.

Artıq bir çox iqtisadi qurumlar da böyük iqtisadiyyatlı ölkələrin ilsonuna böyümə proqnozlarını aşağı endirib. Bütün bu amillər qarşıdakı aylarda enerji resurslarına tələbin zəifləyəcəyinə işarə edir. Bu da, öz növbəsində, qiymətlərin ucuzlaşmasına gətirib çıxarır.

OPEC-in əlavə 100 min bareli

Hazırda neft qiymətlərinin əvvəlki aylarla müqayisədə ucuzlaşmasına bir yox, bir neçə amil təsir edir. Bu amillərdən biri də OPEC-in qərarıdır. Avqustun əvvəllərində keçirilən görüşdə OPEC+ ölkələri sentyabrda neft hasilatının sutkada 100 min barel artırılmasını təsdiqləmişdi. Bilinir ki, OPEC+ ölkələri 2020-ci ilin mayında koronavirus pandemiyası ucbatından neftə tələbat azaldığından gündəlik neft hasilatını 9.7 milyon barel azaltmaqla bağlı qərar qəbul etmişdi. Sonrakı dövrdə müqavilənin şərtlərinə dəfələrlə dəyişdi. Ötən ilin avqustundan bəri alyans hasilatı hər ay gündəlik 400 min barel, bu ilin may-iyun aylarında gündəlik 432 min barel artırıb. İyul-avqust aylarında hasilatdakı artım 648 min barelə çatıb. Deməli, neft çıxaran ölkələrin təklifi artırması da enerji bazarlarında qiymətin formalaşmasına təsir göstərib.

Neft qiymətinə beynəlxalq təşkilatlar və ümumi iqtisadi trendlərlə yanaşı, ayrı-ayrı ölkələrin atdığı addımlar da təsir göstərir. Məsələn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi neftlə zəngin ölkələr bildirmişdi ki, qarşıdan gələn qış aylarında enerji böhranı təhlükəsi doğarsa, onlar bazara əlavə neft ehtiyatları çıxarmaq iqtidarındadır. Bənzər açıqlamalar enerji bazarları ilə bağlı risklərin qiymətə təsir imkanlarını nisbətən neytrallaşdırır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, dünyanın ən böyük iqtisadiyyatı sayılan ABŞ da enerji qiymətlərinin artmamasında maraqlıdır. ABŞ rəhbərliyi benzinin bahalaşmasının yüksələn inflyasiyanın önəmli hissəsini təşkil etdiyini əsas gətirərək onu ucuzlaşdırmaq üçün müxtəlif tədbirlər görür.

Bu ilin martında ABŞ prezidenti Co Bayden ölkənin strateji neft ehtiyatlarının 6 ay ərzində gündə 1 milyon barelin və toplam 180 milyon bareldən çox neftin satışına icazə vermişdi. Ağ Ev iyulun sonunda elan edib ki, ölkə daxilində benzini ucuzlaşdırmaqdan ötrü strateji neft ehtiyatından əlavə 20 milyon barel neft satacaq.

Neftin ucuzlaşmasının Azərbaycana təsirləri

Enerji qiymətlərinin səviyyəsi iqtisadiyyatı neft-qaz sektorundan asılı olan Azərbaycan üçün də həyati önəm daşıyır. Nəzərə almaq lazımdır ki, ölkənin ixracdan əldə etdiyi vəsaitin 90 faizi məhz enerjidaşıyıcıların hesabına formalaşır. Ancaq indiki qiymətləri Azərbaycan üçün bir o qədər də təhlükəli saymaq olmaz. Axı ötən ilin sonunda 2022-ci ilin dövlət büdcəsi təsdiqlənərkən bu il üçün neftin bir barelinin qiyməti 50 dollardan hesablanmışdı. 2022-ci il ərzində neftin qiyməti gözləniləndən yüksək olduğundan ilin ortasında dövlət büdcəsinə yenidən baxıldı. Bu ilin martında Azərbaycan neftinin qiyməti 135 dollaradək yüksəlmişdi. İyun ayında dövlət büdcəsinə dəyişikliklərdən sonra neftin bir bareli 85 dollar olaraq hesablanmağa başladı.

Hazırda Azərbaycan neftinin qiyməti 100 dollara yaxındır. Başqa deyimlə, neftin qiyməti Azərbaycanın büdcəsi üçün təhlükəli həddə enməyib. Ancaq ilin sonunadək neft qiyməti 85 dollardan aşağı ensə də, bu il Azərbaycana problem olmayacaq, çünki Hesablama Palatası da büdcəyə düzəlişlərlə bağlı rəyində bildirmişdi ki, ilin ilk yarısında neft qiymətləri səviyyəsinin gözləniləndən çox olması hətta neftin bir barelinin daha yüksək hesablanması zamanı ortaya çıxan fərqləri də qapatmağa yetəcək qədərdir. Bu üzdən, ən azı, bu ilin sonunadək Azərbaycan büdcəsinin icrası ilə bağlı problemlər yaşanması gözlənilmir.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, 2022-ci il ərzində Azərbaycan təbii qaz satışından əldə etdiyi gəlirləri də kəskin artırıb. Burada bir diqqətçəkən məqam da odur ki, əvvəlki illərdə Azərbaycanın enerji gəlirlərinin əsas hissəsi neft, daha az hissəsi isə qaz satışından ibarət idi. Amma artıq demək olar ki, neft və qaz satışından əldə edilən gəlirlər bərabərləşib. Elə bu amil də neft ucuzlaşarkən Azərbaycana əlavə üstünlük gətirir. Axı Rusiya-Ukrayna savaşı fonunda Avropanın Rusiyadan enerji asılılığının qalması təbii qazı bahalaşdırır.

Ancaq gözardı etmək olmaz ki, Azərbaycan iqtisadiyyatının enerji sektorundan bu qədər böyük ölçüdə asılılığı enerji qiymətlərini hər zaman ölkə iqtisadiyyatı üçün risk amilinı çevirir. Bu baxımdan, ucuzlaşan neft qiymətlərinin ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün enerji sektorundan asılılıq mütləq azaldılmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG