Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Ekspert: Hər 3 dollardan 2-si korrupsiyanın yemi olur


İlham Əliyev 100 milyard neft pulunu hara xərcləyib?
Gözlə

No media source currently available

0:00 0:14:33 0:00

İlham Əliyev 100 milyard neft pulunu hara xərcləyib?

Azərbaycan dövləti Bakı nefti və qazından son 17 ildə təqribən 134 milyard dollar gəlir əldə edib. Bəs pullar necə və nəyə xərclənib?

Neft gəlirləri bir qayda olaraq Neft Fonduna yığılır, amma indi orda təqribən 37 milyard dollar qalıb, qalanını təqribən 90 milyard dollar pulu köçürüblər dövlət büdcəsinə, büdcə vasitəsilə xərclənib.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsləri Koalisiyasının Beynəlxalq İdarə Heyətinin üzvü Qubad İbadoğlu təxmini hesablamalar aparıb və deyir ki, bu 90 milyardın təqribən 60 milyardı ciblərə gedib, korrupsiyanın yeminə çevrilib.

Belə ki, hər il dövlət büdcəsinin təqribən 40 faizi tikinti infrastruktur layihələrinə xərclənir. Qubad İbadoğlunun fikrincə, bu layihələrin dəyəri şişirdilir. O, geniş yayılmış korrupsiya mexanizmini belə izah edir:

“Müşahidələr göstərir ki, investisiya büdcəsinin 30 faizini sifariş verən təşkilat özü götürür, yerdə qalan 70 faizini podratçıya verirlər. Podratçı da bu vəsaiti subpodratçı ilə bölüşür və subpodratçı gedir orda real iş görür. Subpodratçıya yalnız 35 faiz çatır. Belə qənaətə gəlmək olur ki, ayrılmış vəsaitin yalnız üç dollarından biri real işə sərf olunur, iki dollar korrupsiyaya uğrayır”.

Dövlət büdcəsinə, Neft Fondundan nə qədər pulu köçürmək barədə qərarı prezident verir. Qubad İbadoğlu deyir ki, başqa neft ölkələrindən, məsələn, Norveçdən, Qazaxıstandan fərqli olaraq, Azərbaycanda elə bir qanun yoxdur ki, neft pullarının nə qədərinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı limit müəyyən eləsin. Beləliklə, indiyə qədər neft pulunun dövlət büdcəsinə köçürülməsi barədə qərarları İlham Əliyev verib.

Onun hakimiyyətdə olduğu son 15 il ərzində bir sıra beynəlxalq jurnalist araşdırmaları Əliyevin özünün və ailə üzvlərinin korrupsiyaya bulaşmasıni iddia edib.

2012-ci ildə AzadlıqRadiosunun araşdırmasında qeyd edilirdi ki, həmin il dövlət hesabına, indiki pulla təqribən 200 milyon manata başa gələn Crystal Hall-un tikintisini həyata keçirən şirkətin – Azenco-nun səhmlərinin 70 faizi prezidentin ailə üzvlərinə aiddir. Hakimiyyət bunu təkzib etməyib. Araşdırma Azenco-ya çoxlu sayda dövlət sifarişlərinin verildiyini üzə çıxartmışdı.

AzadlıqRadiosunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi ilə birgə başqa bir araşdırmasına görə, dövlət büdcəsinə 30 milyon manata başa gələn Dövlət Bayrağı meydanını da Azenko şirkəti tikmişdi. Həmin bayraq qülləsi bu ilin aprelində küləyə davam gətirmədi və uçmaq təhlükəsi olduğuna görə demontaj edildi.

Bəs sadə azərbaycanlılar neft-qazdan gələn pulların necə xərclənməsi barədə nə düçünürlər. AzadlıqRadiosunun sorğusu:

Neft pulları nəyə xərclənir?
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Müxalif ReAl partiyasının Ali Məclisinin üzvü, Natiq Cəfərli isə deyir ki, korrupsiya, hakimiyyətin mövcudluğu üçün vacibdir:

“Bunun bir siyasi ayağı da var. Azərbaycanda indiki hakimiyyətin qurucu bir hekayəsi yoxdur, cəlbedici bir ideologiyası yoxdur. Loyallıq üçün ideologiyaya sığınmalı idi. Bu baş vermədi deyə, loyallığı sırf korrupsiya layihələrinə caladılar. İndiki hakimiyyətə dəstək göstərənlər bunu məhz qazanc müqabilində edirdilər. Aşağıdan yuxarıya bütün məmurların alınması həm də korrupsiya sxemləri vasitəsilə həyata keçirilirdi”.

Amma Yeni Azərbaycan Partiyası Səbail rayon Şurasının üzvü, Milli Məclisin iqtisadiyyat komitəsinin keçmiş üzvü Əli Əlirzayev korrupsiya ittihamları ilə razılaşmır, deyir ki, neft pullarının mənimsənilməsi ilə bağlı ayrı-ayrı hallar olsa da, bu barədə cinayət işi açılıb, belə məmurlar cəzalarını alıblar:

“Bu düzgün deyil, kimsə deyirsə ki, pullar yeyilir, dağılır. Bununçün iqtisadi əsaslandırma olmalıdır. Ola bilər ki, bəzi layihələrə daha az vəsait ayrıla bilərdi, ayrılmaya da bilərdi. Bu ayrı məsələdir…”

2017-ci ildə Azərbaycan hökuməti Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Koalisiyasından çıxıb. Buna qədər, 2014-cü ildə müstəqil qeyri-hökumət təşkilatlarının və tənqidçi medianın ölkədə fəaliyyəti məhdudlaşdırılıb. Beləliklə, büdcə və neft fondunun xərcləmələrinə ictimai nəzarət azalıb.

Neft qaz pulları isə ölkəyə gəlməkdə davam edir.

Azərbaycan hökuməti keçən il Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə müqaviləni uzadıb, sənədə görə, Bakı neftinin istismarı hələ 2050-ci ilə qədər davam edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG